Prezident ad günü ərəfəsində Qubadlıda

2022-10-25 Baxış: 454
img

25 oktyabr 2020-ci il tarixdə Müzəffər Azərbaycan Ordusunun Qubadlıda qazandığı Zəfərin 2-ci ildönümüdür.  İki  il bundan öncə bölgədə işğala son qoyuldu, yurdumuzun füsünkar gözəlliyə malik bu parçası da öz əzəli sahiblərinə qaytarıldı. Zəngilanın düşməndən təmizlənməsindən sonra hazırlanan Qubadlı əməliyyatı bir neçə gün çəkdi. Səbəb ermənilərin yaratdığı güclü istehkam idi. Düşmən Qubadlıdakı yüksəkliklərdə hərbi birləşmələrini yerləşdirmişdi. Bu yüksəkliklərdə olmaq onlara üstünlük qazandırırdı, çünki müntəzəm şəkildə hərbçilərimizə atəş aça bilirdilər. Amma sona kimi yox! Hazırlanmış uğurlu hərbi əməliyyat nəticəsində, ilk növbədə, həmin yüksəkliklər ələ keçirildi. Daha sonra isə istehkamlar dagıdılaraq, düşmən məhv edildi və Qubadlı işğaldan azad olundu. Bundan heç iki ay keçməmiş  2020-ci il dekabrın 23-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad olunmuş Qubadlı və Zəngilana səfər etmişdilər.  Səfər Prezidentin doğum günü ərəfəsində gerçəkləşdirilmişdi və bu dövlət başçısının hər il olduğu kimi, yeni yaşını millətimizlə qarşılamasının daha bir nümunəsi idi. Bu səfər çərçivəsində Qubadlı səfəri daha yadda qalan oldu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilk öncə Ermənistanın qanunsuz məskunlaşma apardığı Qubadlının Xanlıq kəndinə getdilər, burada hərbçilərlə görüşdülər.Prezident İlham Əliyev əsgərlərlə söhbət zamanı Qəhrəman Azərbaycan əsgərinin  öz gücünü bütün dünyaya göstərdiyini vurğuladı. O, bildirdi ki,  “Mənə məlumat verilir ki, indi dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində bizim döyüş taktikamız öyrənilir. Bu, bir yenilikdir, XXI əsrin müharibəsidir. Həm peşəkarlıq, həm iradə, milli ruh, qəhrəmanlıq hesabına torpaqlarımızı işğalçılardan azad etmişik.”

 Görüşdən sonra Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı şəhərinə yola düşdülər. Prezident İlham Əliyev Qubadlıda Azərbaycan bayrağını ucaltdı. Dövlətimizin başçısı burada  çıxışında qeyd etdi ki,  “Mən müharibədən əvvəl dəfələrlə Azərbaycan xalqına müraciət edərək deyirdim ki, bu gün Azərbaycan güclü ölkədir və tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Mən o vaxt təkcə iqtisadi yox, o cümlədən hərbi potensialımızı da nəzərdə tuturdum. Tarix və müharibənin nəticələri onu göstərdi ki, mən haqlı idim. Azərbaycan tarixdə heç vaxt belə parlaq Zəfər əldə etməmişdir, tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Bizim gücümüz birliyimizdədir. Biz birlik nümayiş etdirmişik, əzmkarlıq nümayiş etdirmişik, qəhrəmanlıq nümayiş etdirmişik və bunun nəticəsində dəmir yumruqla düşmənin başını əzib öz doğma torpaqlarımızı azad etmişik.” 

Qubadlıda olarkən Prezident və Birinci vitse-prezident Qəzyan kəndinə də baş çəkdilər. Dövlətimizin başçısı burada mənfur düşmənin quraşdırdığı, özünə saxta milli kimlik, saxta varlıq yaratmaq arzusundan doğan erməni dilində yazılmış lövhəni sökməyi əsgərlərimizdən xahiş etmişdi. Hərbçilərimiz İlham Əliyevin bu istəyini böyük məmnuniyyətlə qarşılayıb və dərhal yerinə yetirmişdilər.  Həmin görüntülər qısa zamanda bütün ölkə gündəmini zəbt etmişdi.  Düşmən ölkənin mediası bu görüntüləri qorxu içində yayımlamışdılar. 

Xalqımız bu mənzərəni görmək üçün çox gözləmişdi. Artıq bunlar reallığa çevrildi, Azərbaycan xalqı namümkünü mümkün etməyi bacardı.

Pikə Ağaverdiyeva,

YAP Neftçala rayon təşkilatının fəal üzvü