Qubadlının, Qarabağın və bütün Azərbaycanın işıqlı gələcəyi!

2022-10-25 Baxış: 333
img

Dünyanı heyrətə gətirən Şanlı Zəfərimizdən iki il keçir, ancaq mən bir azərbaycanlı olaraq, hələ də zəfərimizin sevincini yaşayıram. 44 gün ərzində qeyrətini ip edib qayalara dırmanan, sevgisi gecələr səngərlərdə məşələ dönüb gözlərini nurlandıran, düşmənə nifrəti özünə hakimiyyətini bərqərar edən, daim içindən “irəli”,”irəli”,-deyə bir səs hayqıran Azərbaycan əsgərinin və bu əsgərlərin Şərəfli Komandanı, cəsur sərkərdəsinin yazdığı “Zəfər” adlı əsərin hər bir sətrini oxuyanda düşünürəm: bu Vətən heç vaxt yenilməz! Bəli, 28 il işğal altında inləyən torpaların artıq azadlığa qovuşması hər bir vətəndaş kimi, məni də sevindirir. Bu günlərdə Qubadlının işğaldan azad olmasının ikinci ili ərəfəsində bu yazını yazmaqla vətəndaşlıq missiyamın aliliyindən güc alıram. O missiya ki, vətən deyən oğullar elə o vəzifəsinin uğrunda Şəhid, qazi oldular, amma dönmədilər. Onlar Vətənin uca amallarla qorunduğunu sübut elədilər. Torpaqlar azad olundu, indi isə abad olunur. Bu gün işğaldan azad olunmuş ərazilərdə bərpa,  quruculuq işləri, yeni tikililər Azərbaycanımızın qüdrətinin əyani təzahürüdür. Azərbaycanın Ali Baş Komandanı hər zaman işğaldan azad olunan torpaqlar üçün deyirdi: “Biz sizi dirçəldəcəyik!” Qarabağın rayon-rayon, kənd-kənd dirçəlişi vaxtilə verilmiş həmin vədin nəticəsidir. Daha azadlığına qovuşmuş hər bir rayonda Azərbaycanın əzəməti müşahidə olunur. Şuşada yeni bir Şuşanın, Zəngilanda yeni bir Zəngilanın, Füzulidə yeni bir Füzulinin ucaldığını görürük. Vətəndaş sevgisi ilə bütün dünyaya nümunə ola biləcək əvəzsiz Prezidentimizin işgüzar siyasəti nəticəsində gerçəkləşən bu  ucalığın heç vaxt enməyəcəyi düşmənə və düşmən xislətlilərə sanki  bir təlqindir. Abadlıq və quruculuq işləri aparılan rayonlarımızdan biri də Qubadlıdır. İşğal dönəmində Beynəlxalq Humanitar hüququn əsas prinsiplərini kobud şəkildə pozan mənfur düşmən bu torpaqlarda nə qədər qeyri-qanuni şəkildə məskunlaşmağa can atsalar da, “Dəmir Yumruq” sayəsində onlar bu torpaqlardan qovuldular və artıq Qubadlı qubadlılılara məxsusdur. 25 Oktyabr 2020 – ci il şəhər işğalçılardan azad olunduğu gündən orada Vətən torpağı azad nəfəs alır. Qoynunda bəslədiyi əsir ruhlar da Ana Vətənin o dilbər guşəsi işğaldan azad olunduğu gündən sonra rahatdırlar. Qubadlının azad olunması bu bölgənin toxunulmazlığını təmin etmək üçün ən mühüm amillərdən biri idi və bu da gerçəkləşdirildi. Artıq bir gerçək var: işğaldan təmizlənən torpaqlar gerçək sahiblərinindir. Qubadlıya dəfələrlə səfər etmiş Ali Baş Komandan, Cənab Prezident İlham Əliyev  hər səfərində bu rayonun möhtəşəmliyinə bir töhfə bəxş etmişdir. 23.12.2020 – ci ildə burada Azərbaycan bayrağının ucaldılması, 25.10.2021 – ci ildə Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimi, rayon yarımstansiyasının açılışı, Qubadlıda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışı və rayon ictimaiyyətinin  nümayəndələri ilə görüşü cənab Prezidentimiz tərəfindən işğaldan azad olunmuş digər rayonlar kimi Qubadlının da xüsusi diqqətdə saxlanacağına və bu rayonun infrastrukturunun inkişafına lazımi dəstəyin göstəriləcəyinə inamın ifadəsi idi. Cənab Prezidentimiz rayon ictimaiyyəti ilə görüşü zamanı xüsusilə qeyd etmişdir ki, Qubadlının inkişafı üçün bütün qüvvələr səfərbər olunacaq. Bu gün bu ifadə Qubadlının yeni inkişaf dövrünə qədəm qoyduğunu açıq-aydın göstərir. Qubadlıda artıq yeddi yarımstansiya inşa olunub.Sovet vaxtı ilə müqayisədə rayonun indiki ümumi enerji istehlakına statistik yanaşsaq, fərqin çox böyük olduğunu görərik. 2050 – ci ilə qədərki inkişaf dinamikasını nəzərə alan infrastruktur layihəsinin Qubadlıda gerçəkləşdirəcəyi yeniliklər Qubadlının işıqlı gələcəyini bu gün aydın göstərir. Bundan başqa  dördzolaqlı yolun çəkilişi Qubadlının inkişafına xüsusi töhfə verəcək. Burada həm avtomobil, həm də dəmir yolu Şərq-Qərb nəqliyyat-kommunikasiya sisteminin bir hissəsi olmaq etibarilə iri həcmli daşımaların həyata keçirilməsində əhəmiyyətli bir rol oynayacaqdır. Azərbaycanımızın şanlı Komandanı, əvəzolunmaz lideri, Cənab Prezidentimizin apardığı uğurlu siyasət nəticəsində Qubadlı günü-gündən inkişaf edəcək və ölkəmizin abad bölgəsinə çevriləcəkdir. Sabahı aydın olan millətimin azad və abad Qubadlıya xarici ölkələrdən turistlərin axın-axın gələcəyini görəcəyi  gün çox da uzaqda deyil...
 
Elnur Uğur;
Neftçala rayon ziyalısı, ədib