Gənclərin İnkişafı və Karyera Mərkəzi

2023-02-02 Baxış: 352
img

Azərbaycanın dinamik inkişafı, ictimai həyatın bütün sahələrində əldə etdiyi nailiyyətlər dövlət gənclər siyasətində də özünü bariz şəkildə göstərir. Uğurlu daxili siyasətin ən mühüm istiqamətlərindən biri cəmiyyətin fəal təbəqəsi olan gənclərin yüksək dövlət qayğısı ilə əhatə olunmasıdır.Azərbaycanda həyata keçirilən gənclər siyasəti özünün mütərəqqiliyi ilə fərqlənir. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclər Fondunun yaradılması, gənclərin bacarıq, təşəbbüs və yaradıcılıqlarının üzə çıxarılması və onların hökumət tərəfindən dəstəklənməsi, Gənclər üçün Prezident Mükafatının təsis olunması, ölkə gənclərinin beynəlxalq arenada təmsilçiliyinin yüksəlməsi, respublikanın əksər rayon və şəhərlərində gənclərin istifadəsinə verilən Gənclər mərkəzlərinin və Gənclər evlərinin tikilməsi uğurlu gənclər siyasətinin səmərəliliyini daha da artıran əhəmiyyətli faktorlardır.Qeyd edək ki, bu sahədə atılan daha bir addım Azərbaycan Respublikasının Gənclər Fondunun nəzdində Gənclərin İnkişaf və Karyera Mərkəzinin yaradılmasıdır. Xatırladaq ki, 2019-cu ilin fevralın 2-də açılışı edilən mərkəzin əsas fəaliyyət istiqamətləri gənclərin bilik və bacarıqlarının artırılması məqsədilə kompüter və dil kursları, dövlət qulluğuna qəbul, abituriyent hazırlığı, eyni zamanda, magistratura kursları təşkil etməkdən ibarətdir. Həmçinin peşə təlimləri, sosial müdafiəyə ehtiyacı olan gənclərə ödənişlərdə güzəştlərin edilməsi də mərkəzin planlarına daxildir. Gənclərin İnkişaf və Karyera Mərkəzi gənclər təşkilatları, qrant müsabiqələrində qalib gələn fiziki şəxslər və təşkilatlarla da birgə işləyir.Nümayəndəliklər vasitəsilə regionda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar haqda məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və həmin proqramlarda iştirak etmək imkanı əldə edəcəklər.Prezident İlham Əliyev gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə ardıcıl olaraq tədbirlər həyata keçirir.Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir. Bütün bunlarla yanaşı, Azərbaycan dövləti gənclərin milli ruhda tərbiyə almalarına xüsusi diqqət yetirir və həyata keçirilən məqsədyönlü tədbirlər məhz bu məqsədə xidmət edir. Buna paralel olaraq gənclərin intellektual potensialının artırılması istiqamətində vacib tədbirlər həyata keçirilir.Bu isə ölkəmizdə həyata keçirilən gənclər siyasətinin məqsədlərinə cavab verir. Çünki sağlam, milli vətənpərvərlik ruhunda yetişən gənclik Azərbaycanın uğurlu gələcəyidir.Prezident İlham Əliyev qeyd edib ki, mənəvi dəyərlərimizə bağlı və böyük intellektual potensiala malik olan gənclər bizim gələcəyimizi, müstəqil Azərbaycanın uğurlu gələcəyini təmin edəcəklər. Azərbaycan dövləti də hazırda həyata keçirilən məqsədyönlü tədbirlər vasitəsilə bu gələcəyin təməllərinin möhkəm olmasını təmin edir.

Fərhad Baxışov,

YAP Neftçala rayon təşkilatının fəal üzvü