Yeganə çıxış yolu

2023-06-16 Baxış: 124
img

Ümummilli lider Heydər Əliyev Azərbaycan tarixinin yetişdirdiyi ən nadir simalardan biri, türk dünyasının və ümumən, sivil dünyanın qüdrətli şəxsiyyətidir. Tarixə Azərbaycan xalqının ümummilli lideri kimi daxil olmuş bu əvəzolunmaz insan liderlərə məxsus ən ali keyfiyyətlərə malik idi. Tanrı ona hər bir üstünlüyü bəxş etmişdi: yaraşıqlı boy-buxun, təbəssüm və sərtliyi sintez edən sima, gələcəyi dəqiq müəyyənləşdirən, tarixin nizamını təmin edən təfəkkür, parlaq natiqlik məharəti, qüdrətli siyasi iradə, güclü dövlətçilik duyğusu, çevik idarəetmə məharəti, insanların qəlbinə yol tapmaq, xalqın qüdrətinə arxalanmaq bacarığı! Bir sözlə, Heydər Əliyev qalibiyyət əzmilə yaşayan və dövləti cəsarətlə idarə edən möhtəşəm bir şəxsiyyət idi.Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan və parçalanmaqdan xilas etdi. Ulu Öndər Heydər Əliyev həyatının böyük hissəsini Azərbaycan xalqına həsr edib və bu gün bütün sahələrdə Ulu Öndərin əməyi özünü göstərir. Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlərin həddi-hüdudu yoxdur, lakin onun fəaliyyətinin zirvəsi məhz müstəqil Azərbaycan dövlətini qurmasıdır. Müstəqilliyimizin ilk vaxtlarında hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsiz fəaliyyəti ölkəni xaos və anarxiyaya sürükləyirdi, ölkə parçalanmaq, müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Digər tərəfdən cəbhədəki uğursuzluqlar, iqtisadi və sosial böhran vəziyyəti daha da ağırlaşdırırdı. Belə bir çətin vəziyyətdə xalq yeganə çıxış yolunu Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasında gördü.

Heydər Əliyevin qayıdışından sonra siyasi sabitlik bərpa olunmaqla yanaşı, ölkə iqtisadiyyatı da inkişaf yoluna qədəm qoydu. Ölkə iqtisadiyyatı tənəzzül etdiyi bir vaxtda Heydər Əliyev belə bir devizlə çıxış etdi: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Həmin dövrdə Ulu Öndər Azərbaycanın gələcək inkişaf perspektivlərini çox dəqiq şəkildə müəyyənləşdirdi. Heydər Əliyev ölkənin gələcəyinin, dövlətimizin inkişafının məhz iqtisadiyyatın inkişafından asılı olduğunu önə çəkirdi. Heydər Əliyev iqtisadiyyatı çox dərindən təhlil etməyi, proqnozlaşdırmağı və bütün potensialları işə salmağı bacarırdı. Ümummilli lider Heydər Əliyevin siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Bu gün ölkəmiz dövlət başçısının yorulmaz və qətiyyətli fəaliyyəti nəticəsində dünyanın sayılıb-seçilən ən güclü və qüdrətli dövlətlərindən birinə çevrilib.Böyük dövlət xadimi Heydər Əliyev çətin tarixi-siyasi situasiyalardan asanlıqla baş çıxaran, polad kimi möhkəm siyasi iradəyə malik lider, tarixin gedişatını öncədən görməyi və istiqamətləndirməyi bacaran böyük strateq idi. O, Azərbaycan xalqı və müstəqil dövlətçiliyimiz üçün zəngin nəzəri irs və qüdrətli tarixi təcrübə, idarəçilik təcrübəsi qoyub getmişdir. Onun dərin məzmunlu tarixi irsində Azərbaycana bağlanmayan, Azərbaycanın milli və tarixi taleyini əks etdirməyən bir fikir belə tapmaq mümkün deyil. Çünki azərbaycançılıq onun təkcə əməllərində deyil, qəlbində və zəkasında, onun içində daxili-mənəvi varlığında, əzəmətli şəxsiyyətində idi.

 

Elşən Hətəmov,

 

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatı sədrinin müavini