Türkiyə ərazisindən Avropa ölkələrinə Azərbaycanın qaz ixracı artmaqdadır

2023-06-19 Baxış: 180
img

Azərbaycan və Türkiyə qardaşlığı tarixin bir çox ağır və məsuliyyətli sınaqlarından üzüağ çıxmışdır. Azərbaycanın müstəqilliyini ilk tanıyan qardaş Türkiyə bugünə qədər təmsil olunduğu bütün beynəlxalq təşkilatlarda yüksək tribunalardan ölkəmizi dəstəkləməklə haqq işimizin müdafiəsi üçün çalışmışdır. Xüsusən də Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın parlaq gələcəyi istiqamətində göstərdiyi səylər, türk dünyasının birliyi və həmrəyliyi yolunda atdığı ciddi siyasi addımlar olduqca əhəmiyyətlidir.

İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə geniş tərkibdə görüşü keçirilib.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin iyunun 13-də mətbuata bəyanatla etdiyi çıxışında da qeyd olunduğu kimi, bu seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır. Azərbaycan və Türkiyə Prezidentlərinin istər təkbətək keçirdikləri görüş zamanı, istərsə də heyətlərin iştirakı ilə aparılan danışıqların gedişində bir daha ölkələrimizin ortaq niyyəti ifadə olundu, əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələrinin durduğu diqqət mərkəzinə çəkildi.

Türkiyə üzərindən Avropa ölkələrinə Azərbaycanın qaz ixracı artmaqdadır. Buna da böyük tələbat var. Bunu Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatı zamanı deyib. “Enerji sahəsində bizim işimiz təbii qaz məsələsi ilə məhdudlaşmır. Biz bu gün yenilənən, yəni bərpa olunan enerji növləri üzrə əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq. Bu gün həm qaz, həm neft, həm neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi məsələlərində biz fəal əməkdaşlıq edirik”, - dövlət başçısı qeyd edib.

Türkiyə növbəti beşillikdə Rəcəb Tayyib Ərdoğanın liderliyində öz qüdrətini, dünyadakı nüfuzunu daha da artıracaq. Böyük türk xalqı öz mövqeyini daha da qətiləşdirərək yeni dövrün başlandığını bütün dünyaya nümayiş etdirəcək. Azərbaycan və Türkiyə dövlətləri iki liderin qardaşlığının vəhdətində regionda növbəti uğurlara birlikdə imza atacaqlar. Türkiyə və Azərbaycanın qardaşlıq münasibətlərinin, birliyinin yeni istiqamətlər üzrə inkişafı bu gün dünyanın diqqət mərkəzindədir.

 

Ərəstun Əskərov,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilat sədrinin müavini