Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü lider kimi təsdiq etmişdir.

2023-06-30 Baxış: 312
img

Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu Ulu öndər siyasi uzaqgörənliyi, fitri istedadı, müdrikliyi, ölçülüb-biçilmiş qərarları, qətiyyətliliyi, siyasi iradəsi, dərin zəkası, ensiklopedik biliyə malik olması, geniş dünyagörüşü, milli maraqlara əsaslanması, tarixi şəraitdən düzgün baş çıxarması, zaman və məkan amilini obyektiv qiymətləndirməsi, dözüm və səbrliliyi, nəzəriyyəyə istinad etməsi və praktik həyatdan baş çıxarması – bir sözlə fenomenal şəxsi keyfiyyətləri onu qüdrətli siyasi və dövlət xadimi səviyyəsinə ucaltmışdır. Bu dahi siyasətçi zərgər dəqiqliyi ilə, ölçülüb-biçilmiş qərarlar qəbul edirdi. Onun fəaliyyəti haqsız yerə “təftiş” ediləndə belə, irad tutulması, “nöqsan deyiləsi” olan bir fakt belə tapa bilməmişlər. Yarım əsrlik siyasi fəaliyyətin qızıl qaydası çoxları üçün təəccüblü idi. Elə bu keyfiyyətlər onu başqalarından fərqləndirirdi. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdir. Kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdi. 1993-cü ildə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev siyasət aləmində çox güclü, səriştəli və təcrübəli müdrik dövlət xadimi kimi qısa bir müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yaratdı. Dünyanın aparıcı dövlətləri, inkişaf etmiş ölkələri, beynəlxalq təşkilatlar Azərbaycana ciddi diqqət yetirməyə başladılar. O, Qərbə inteqrasiya yolunu tutdu. Ən çətin anlarda belə Heydər Əliyev yenilməz siyasi iradə nümayiş etdirdi, dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi antiazərbaycan, antimilli qüvvələrin qarşısında sipərə çevrildi, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi məhz bu böyük insanın qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi. Heydər Əliyev idarəetmənin ustadı, siyasətin kamil bilicisi kimi bütün dünyada məşhur idi. Bu dahi insanın təliminə görə siyasət və uzaqgörənlik qarşılıqlı vəhdətdədir. Böyük öndər deyirdi ki, reallığı düzgün qiymətləndirən, keçmiş təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini öncədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır. Belə siyasət cəmiyyətin sabitliyinə, irəliyə doğru hərəkətinə və tərəqqisinə xidmət edən zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində uğurla sınaqdan çıxmış müsbət inkişaf modellərinin potensialına müraciət edərək, Ulu öndər onların Azərbaycan reallıqlarına adaptasiyasına müvəffəq olmuşdur. Xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu öndərin adı ilə bağlıdır. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə nail olmuşdur. Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu öndər öz fəaliyyətində hər zaman xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqın, dövlətin maraqlarını qoruyacaq və xalqın mənafeyi ilə bağlı ən düzgün qərar verəcəkdir. Ulu öndər Heydər Əliyevin adı tariximizə Vətənin və xalqın xilaskarı kimi yazılıb. Ulu öndər Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. İdarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı. Neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verildi, ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi. Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı.

Anar Gülləri, 

YAP Neftçala rayon təşkilatının fəal gənci