Ticarət dövriyyəmiz böyük profisitlə həyata keçirilir

2023-07-26 Baxış: 181
img

Şuşa şəhəri erməni işğalından azad olunduqdan sonra bir sıra mötəbər beynəlxalq tədbirlərə evsahibliyi edib. İndi isə qədim mədəniyyət paytaxtımızda “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumu keçirilir. “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə reallaşan bu beynəlxalq tədbirdə bir sıra önəmli məsələlər, o cümlədən ölkəmizin iqtisadi uğurları bir daha dünyaya bəyan edilir.

Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumunda Transxəzər layihəsinin maliyyələşdirilməsindən bəhs edərkən beynəlxalq maliyyə qurumları tərəfindən mədən yanacağı ilə əlaqə¬dar layihələrin maliyyələşdirilmədiyini, bu məsələdə daha çox “yaşıl keçid” təşəbbüslərinə üstünlük verildiyini bildirib.

Yeri gəlmişkən, qeyd edim ki, Beynəlxalq Maliyyə Korporasiyasının hesabatına əsasən, təkcə Xəzər dənizində 157 qiqavat həcmində potensial var. Yeni bərpaolunan enerji sahəsində bir neçə şirkət artıq fəaliyyət göstərir. Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında saziş imzalanıb və Avropa İttifaqının Prezidenti də həmin mərasimdə iştirak edib. Bu layihəyə əsasən, Azərbaycandan Avropaya Qara dənizin dibi ilə yaşıl enerji xəttinin inşa ediləcəyi qərara alınıb. Artıq ilkin hesablama aparılıb və texniki-iqtisadi əsaslandırmanın yəqin ki, sentyabr-ok¬tyabr aylarında təqdim olunacağı göz¬lənilir.

Dövlətimizin başçısı forumda daha sonra bu gün qeyri-neft sektorunun inkişafının prioritet olduğunu diqqətə çatdırıb: “Biz ümumi daxili məhsulda iqtisadiyyatımızın qeyri-neft sektorunun payını ildən-ilə artırırıq. O, artıq 50 faizdən yüksəkdir. Bu gün biz həm də qeyri-neft ixracını artırırıq…Hazırda kapital və sərmayə proqnozlaşdırıla bilən və sabit məkanlara gedir, belə bir məkan məhz Azərbaycandır. Hətta işğal dövründə də Azərbaycan sabitlik məkanı idi…”.

Ölkə rəhbərinin bu fikrinə əsaslana¬raq deyə bilərəm ki, son 20 ildə dünya miqyasında Azərbaycan qədər sürət¬lə inkişaf edən ikinci ölkə olmayıb. Bu dövr ərzində iqtisadiyyat 3 dəfədən çox artıb, valyuta ehtiyatları 65 milyard dollara çatıb, xarici borc isə ümumi daxili məhsulun 10 faizi səviyyəsinə düşüb.

Təkcə yuxarıda sadalanan göstə¬ricilərə əsaslanıb bildirim ki, son 20 il Azərbaycanın müasir tarixinə iqtisadi, sosial, siyasi və mədəni inkişafının dö¬nüş mərhələsi kimi daxil olub. Bu dövrdə uğurla həyata keçirilən islahatlar nəticəsində Azərbaycan dünyanın ən dinamik inkişaf yolu keçən iqtisadiyyatı kimi tanınıb, özünün nadir iqtisadi inkişaf modelini təqdim edib. Ölkənin ma¬liyyə imkanları tarixi maksimuma çatdırılıb. Azərbaycan Cənubi Qafqazın və ətrafın iqtisadi coğrafiyasını dəyişdirməyə qadir olan möhtəşəm layihələrin təşəbbüskarı missiyasını qətiyyətlə öz üzərinə götürüb.

Respublikamız regional iqtisadiyyatın lokomotivinə çevrilib, Avropanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından biri kimi özünü təqdim edib, beynəlxalq Şərq–Qərb, Şimal–Cənub nəqliyyat qovşağı kimi məsuliyyətli vəzifəni layiqincə yerinə yetirib. Bütün bunların sayəsində təbii olaraq respublikamızın regional və dünya iqtisadiyyatında rolu və əhəmiyyəti xeyli yüksəlib. Ardıcıl və sistemli şəkildə həyata keçirilən sosial siyasət nəticəsində insanların həyat şəraitinin yüksəldilməsi, rifahının yaxşılaşdırılması sahəsində möhtəşəm nailiyyətlər əldə edilib.

Yeri gəlmişkən, dövlətimizin başçısının prezidentlik fəaliyyəti illərində iqtisadi sahədə əldə edilən digər göstəricilərə də diqqət yetirmək istərdik. Əvvəlcə onu vurğulayım ki, Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) nominal həcmi son 20 il ərzində 22 dəfə artaraq 133,8 milyard manata çatıb. Bu dövrdə ölkə əhalisinin gəlirləri 13,7 dəfə, stra¬teji valyuta ehtiyatları isə 2023-cü ilin aprel ayında 2003-cü ilə nəzərən 41 dəfədən çox artıb (2003-cü ildəki 1,6 milyard dollardan 65,9 milyard dollara çatıb).

Dövlətimizin başçısının forumda vurğuladığı kimi, bu gün ticarət dövriyyəmiz də böyük profisitlə həyata keçirilir. Son altı ay ərzində ixrac-idxalla müqayisədə Azərbaycanın profisiti 10 milyard dollar təşkil edib. Siyasi vəziyyət sabitdir. Azərbaycan özünü neft-qaz sahəsində etibarlı tərəfdaş kimi sübut edib və hazırda coğrafi yerləşməni, artıq çox müasir nəqliyyat infrastrukturunu nəzərə alaraq əlaqələndirmə məsələlərində fəal çalışır.

 

Cəlal Rəsulov,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri