Ən böyük dağıntılara məruz qalan Füzuli və Ağdam şəhərləridir, orada bir dənə də salamat bina qalmayıb

2023-07-26 Baxış: 163
img

Prezident İlham Əliyev cari ilin 21 iyul tarixində “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində dərin məzmunlu çıxışı zamanı bildirmişdir ki, "İkinci Qarabağ müharibəsi başa çatanda Rusiya tərəfindən bizə müraciət olundu ki, onlara vaxt verin torpaqlardan çıxsınlar - Ağdam, Kəlbəcər, Laçın. O biabırçı mənzərəni biz hələ unutmamışıq. Ağacları qırırdılar, evləri yandırırdılar, ağacları yandırırdılar və azərbaycanlıların yaşadıqları evlərdə, harada ki, qanunsuz məskunlaşmışdılar, hətta, necə deyərlər, ən ucuz əşyalarını söküb bellərində aparırdılar bütün dünyanın gözü qarşısında. Yəni, buna hansı ad vermək olar? Ona görə biz bu əməllərin sahiblərindən nə gözləyə bilərik? Mənim bütün dediklərim 100 faiz həqiqətdir. Mən heç nəyi zərrə qədər şişirtmirəm. Hələ çox şeyləri demirəm.Bir səbəb də ola bilər ki, bu bölgəni tamamilə erməniləşdirmək, Azərbaycanın mədəni irsini silmək üçün və öz aləmlərində bu torpaqları gələcəkdə yaşayış üçün yararsız hala salmaq məqsədilə bunları ediblər. Çünki gördüyünüz bu dağıntılar, - ən böyük dağıntılara məruz qalan Füzuli və Ağdam şəhərləridir, orada bir dənə də salamat bina qalmayıb, - müharibə zamanı olan dağıntılar deyil. O dağıntılar Birinci Qarabağ müharibəsindən sonra bu evlərin sökülməsi nəticəsində olan dağıntılardır. Daşları bir-bir söküb aparıb orada-burada satıblar. Yəni, buna nə ad vermək olar?Biz erməni xalqının tarixi mirasına əl dəymirik. Bax, burada, Şuşada erməni kilsəsi var. Hər kəs gedib baxa bilər, orada bir daşa da dəyilməyib, əksinə, ora qorunur. Yəni, bizim münasibətimiz budur və biz onlardan törətdikləri əməllərə görə qisas almaq fikrində deyilik. Mən hələ müharibə vaxtı və müharibədən sonra onu demişdim ki, biz qisası döyüş meydanında almalıyıq və aldıq da, şəhidlərimizin qanını da döyüş meydanında aldıq. Biz heç vaxt dinc əhaliyə qarşı vuruşmamışıq. Amma onlar müharibə zamanı bizim dinc şəhərlərimizi “İskəndər”, “Toçka”, “Skad” raketləri ilə atəşə tuturdular. Yüzə yaxın günahsız insan, o cümlədən 12 uşaq bu namərd atəş nəticəsində həlak olmuşdur.Yəni, bilirsiniz, bütün bunları deməklə mən yenə də bildirmək istəyirəm ki, bu yaddaş silinmir, silinməyəcək və silinməməlidir. Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır. Yenə də deyirəm, qisas almaq üçün yox, unutmamalıdır ki, heç vaxt təkrarlanmasın. Çünki biz bir dəfə səhv buraxmışdıq, qonşulara çox inandıq və sonra onun acısını çəkməli olduq.Hər halda, hər şey göz qabağındadır. Bu toplantılar məhz, o cümlədən ona görə əhəmiyyətlidir ki, burada toplaşan beynəlxalq media nümayəndələri hər şeyi öz gözləri ilə görəcəklər və görürlər, Azərbaycan həqiqətlərini öz ölkələrinə, öz ölkələrinin nümayəndələrinə, ictimaiyyətinə çatdıracaqlar. Biz bunu istəyirik.İşğal dövründə bura bir növ qadağan edilmiş zona idi. Şuşa şəhərinə hələ bəzi xariciləri buraxırdılar, amma Ağdam, Füzuli bölgələrinə heç kimi buraxmırdılar. Çünki gələn adam hər şeyi görəcəkdi. Amma indi hər şey göz qabağındadır və bu, bir daha göstərir ki, biz hansı tarixi nəticə əldə etmişik. Biz təkcə Ermənistanı məğlub etmədik, biz erməni faşizminin belini qırdıq. Biz erməni xalqını demək olar ki, bu bədəməllərdən xilas etdik. Bəlkə İkinci Qarabağ müharibəsindəki bu acı məğlubiyyət onlara dərs olacaq və onlar oturub fikirləşəcəklər ki, bundan sonra bu bölgədə necə yaşasınlar, öz günahlarını etiraf edəcəklər, öz cinayətlərini etiraf edəcəklər, cinayətkarları məsuliyyətə cəlb edəcəklər. Artıq bu proses başlayıb. Ermənistanda əli Azərbaycan xalqının qanına batmış cəlladlar elə erməni hakimiyyəti tərəfindən cəzalandırılır. Bu, ədalətlidir və bunun davamı olmalıdır. Ancaq o təqdirdə xalqlar arasında real barışıq ola bilər. Sülh müqaviləsi imzalana bilər, ancaq əsas məsələ ondadır ki, ictimai müstəvidə barışığa doğru addımlar atılsın və onlardan birincisi ermənilər tərəfindən öz günahlarının etiraf edilməsidir".

 

Murad Əhədov,

YAP Neftçala rayon təşkilatının üzvü