Müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili, milli mənəvi dəyərlər olub.

2023-07-31 Baxış: 185
img

Müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili, milli mənəvi dəyərlər olub. Azərbaycan dilinin, Azərbaycan mədəniyyətinin, qorunub inkişaf etdirilməsi həm də müstəqilliyimizin, vahid dövlətçilik ənənələrimizin və milli birliyimizin ən başlıca simvollarını qorumaq kimi dəyərləndirilməlidir;

Bu gün müstəqil Azərbaycan Respublikasının həyata keçirdiyi uğurlu dil siyasəti nəticəsində Azərbaycan dilinin beynəlxalq aləmdə tədrisi və təbliği məsələləri özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Demək olar ki, dövlətin bu istiqamətdə gördüyü işlər də Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına çox mühüm töhfələr verməkdədir.

Məlumdur ki, dünyanın zəngin, musiqili, ahəngdar, qədim tarixi köklərə malik dillərindən biri kimi müasir Azərbaycan dili respublikamızın sərhədləri daxilində, eləcə də onun hüdudlarından kənarda yaşayan milyonlarla soydaşımızı bir-birləri ilə əlaqələndirən, bağlayan ən vacib, aparıcı milli-mənəvi dəyərlərdən biridir. Şübhəsiz ki, dünyanın müxtəlif ərazilərində yaşayan azərbaycanlıların həmrəyliyinin təmin olunmasında milli və zəngin adət-ənənələrimiz, mədəniyyətimiz, tariximiz kimi müqəddəs ana dilimiz də olduqca böyük əhəmiyyətə malikdir.Hər bir ölkəni, dövləti, milləti dünyaya tanıdan ilk növbədə onun siyasi xadimləri, tarixi şəxsiyyətləri olur. Onlar öz xalqının və millətinin layiqli təmsilçiləri kimi həm özlərinə, həm də öz xalqlarına tarixdə əbədi iz qoyur, doğma vətənlərinin tarixini zənginləşdirməklə bərabər, onun dünyada tanınmasında və nüfuzunun yüksəlməsində misilsiz rol oynayırlar. Ümummilli Lider Heydər Əliyev belə şəxsiyyətlərdəndir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Hər zaman ana dilinin fəal təbliğatçısı kimi çıxış edən Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi ikinci dönəmdə də milli dil məsələsinə həssas yanaşdı. 1995-ci il Konstitusiyası qəbul ediləndə də bu mövqeyi sabit qaldı, üstəlik, 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzaladı.  Həmin fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı. Bu ardıcıl addımlar müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyırdı.

Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin qorunması ilə bağlı siyasətini sonralar imzaladığı digər fərmanlarla, qanunlarla daha da möhkəmlətdi. “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərman ana dilinə sevginin bariz ifadəsi oldu; “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu isə milli dilimizin dövlət dili kimi statusunu nizamladı. Ulu öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına  əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Həmin Qanun 2002-ci il 30 sentyabr tarixində qəbul edilmişdir. Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Həmin Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.

Ana dilimizin qorunub saxlanılmasına, istər danışıq, istərsə də yazı dilindən düzgün istifadə olunmasına, inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə, təbliğ olunmasına yönələn dil siyasətini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir.

Prezident İlham Əliyev ana dilimizə, milli adət-ənənələrimizə, keçmişimizə daim böyük həssaslıqla yanaşır. Prezidentin, eyni zamanda, müxtəlif tədbirlərdə çıxış edərək həmişə Azərbaycan dilinə, əlifbasına, mədəniyyətinə, incəsənətinə və milli-mənəvi dəyərlərimizə xüsusi qayğı ilə yanaşdığının şahidi oluruq. Dilçiliyimizdə mövcud olan bir sıra problemləri həll etmək məqsədilə Prezident İlham Əliyevin 2012-ci il 23 may tarixli Sərəncamında Azərbaycan dilinin digər türk dilləri ilə əlaqələrinin öyrənilməsi, müasir dillərin nəzəri cəhətdən araşdırılması, ana dilinin keçdiyi inkişaf mərhələlərini dolğun əks etdirən fundamental əsərlərin yaranması kimi məsələlər öz əksini tapıb. Ölkə rəhbəri İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı da Azərbaycan dilinə göstərilən diqqət və böyük qayğının təzahürüdür. Həmin Sərəncamda 2013-2020-ci illərdə Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafının dövlət səviyyəsində təmin olunması, dilçiliklə məşğul olan elmi müəssisə və qurumların maddi-texniki bazasının möhkəmləndirilməsi, Azərbaycan dilçiliyinin prioritet istiqamətlərinin müəyyənləşdirilməsi, qədim dillərin araşdırılması, Azərbaycan dilinin dövlət dili kimi inkişafı, tədrisi, lüğət tərkibinin zənginləşdirilməsi, qrammatik quruluşunun qorunması, söz yaradıcılığı prosesinə nəzarətin gücləndirilməsi və nitq mədəniyyəti sahəsində kompleks tədbirlərin həyata keçirilməsi, mətbuat orqanlarında, televiziya və radio kanallarında, internet resurslarında və sosial şəbəkələrdə ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün mexanizmlərin müəyyənləşdirilməsi, Azərbaycan dilində internet resurslarının, elektron və interaktiv dərsliklərin yaradılması sahəsində işlərin görülməsi və sair vacib məsələlər öz əksini tapıb.

Prezident İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanı ana dilimizin inkişafına dair mühüm əhəmiyyət kəsb edən tarixi sənəddir.

Prezident İlham Əliyev 2021- ci il 6 yanvar tarixində tədbirlərin birində çıxışı zamanı bildirmişdir ki, son zamanlar ölkə gündəmində, eləcə də sosial şəbəkələrdə geniş müzakirə olunan mövzulardan biri də Azərbaycan dili məsələləridir. Bu kimi müzakirələr adətən müxtəlif filmlərin tərcümə edilərək mavi ekranlara çıxarıldığı zaman daha geniş vüsət alır. Bu baxımdan dövlətin mədəniyyət siyasətində yeni formalaşdırılmış strateji prioritetlərinin cəmiyyətə təqdim olunması olduqca vacibdir. Ona görə də bu yeni formalaşdırılmış strateji prioritetlər haqqında danışacağıq. Öncə qeyd edək ki, yeni strateji prioritetlər Azərbaycan xalqının milli maraqlarını özündə ehtiva edir. Özünəməxsusluğun və milli identikliyin qorunması mədəniyyət siyasətinin qarşısında duran strateji prioritetlərdəndir. Müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili, milli mənəvi dəyərlər olub. Azərbaycan dilinin, Azərbaycan mədəniyyətinin qorunub inkişaf etdirilməsi həm də müstəqilliyimizin, vahid dövlətçilik ənənələrimizin və milli birliyimizin ən başlıca simvollarını qorumaq kimi dəyərləndirilməlidir. Azərbaycan dilinin qorunması hər bir vətəndaşın vəzifəsidir, hər kəsin borcudur. Zənginliyi nöqteyi-nəzərindən Azərbaycan dilinin dünya dilləri arasında xüsusi yeri vardır.

 

Təvəkkül Mustafayev,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədr müavini