“Dəmir Yumruq” hər an yerindədir!

2023-09-23 Baxış: 219
img

Vətən Müharibəsinin sonunda, 2020-ci ilin 10 noyabr tarixində imzalanan Üçtərəfli bəyanatla Azərbaycan işğalçı Ermənistan üzərində tarixi qələbəsini təmin etməklə paralel, həm də ərazilərimizin 30 illik işğalına son qoydu. Bəyanatın imzalanmasından üç ilə yaxın keçməsinə baxmayaraq bəyanatda əksini tapan maddələrin icrası yönümündə Ölkəmiz əhəmiyyətli addımlar atsa da məğlub tərəf olan Ermənistan üzərinə götürdüyü öhdəliklərin icrası istiqamətində həllüdici addımlar atmaqdan yayındı. Xarici havadarlarının, erməni lobbisinin dəstəyinə güvənən rəsmi İrəvan hər vasitə ilə məsələnin həllini uzatmağa çalışdı. Hərçənd ki, düşmənin bu cür davranışının otuz ilə yaxın şahidi olmuşuq. Eyni zamanda əks cəbhədə sarsıdıcı məğlubiyyətə baxmayaraq revanşizm meyllərinin güclənməsi region üçün əlavə narahatlıqlar yaratdı. Hər zaman olduğu kimi hər bir məqamı diqqətlə və səbrlə izləyən rəsmi Bakı bu dəfə də zamanında və məqamında qərar verdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev postmüharibə dövründə demək olar ki, bütün çıxışlarında, bəyanatlarında Ermənistanı sülhə dəvət edir, o cümlədən onları düşmənçiliyi kənara qoyaraq revanşist ideyalardan uzaqlaşmağa çağırırdı. Ölkə rəhbəri, həm də bəyan edirdi ki, “Dəmir Yumruq” hər an yerindədir. Bəli, Ermənistanın xüsusilə son zamanlar atdığı düşünülməmiş addımlar regionda mövcud olan sabitliyə ciddi təhlükə törədirdi. Ən narahatedici məqam isə Ermənistanın ötən üç il ərzində Azərbaycanın ərazisində olan silahli birləşmələrinin çıxarılması prosesini icra etməməsi idi.  Dövlətimiz tərəfindən görülən ən yüksək hüquqi və beynəlxalq tədbirlərə rəğmən düşmənin üzərinə götürdüyü bu missiyanın icrasında maraqlı olmaması Azərbaycanı adekvat tədbirlər görməyə vadar etdi. Xüsusilə düşmənin son vaxtlar hüquqi ərazilərimizdə xəyanətkarcasına həyata keçirdiyi terror aktları demək olar ki, onların sonunu gətirdi. Üç il əvvəl Şanlı ordumuzun gücünü görmüş düşmənin aqibəti bu dəfə  daha qısa zamanda, dəqiq desək 24 saatdan da az müddətdə müəyyən olundu. Onların təslim olmaqdan, ağ bayraq qaldırmaqdan başqa çarələri qalmadı. Əlbəttə bütün bu nailiyyətlər Azərbaycanın Ölkə başçısı antiterror əməliyyatlarının dayandırılmasından, növbəti tarixi Zəfərdən sonra xalqımıza müraciəti zamanı bir daha bütün dünyaya bəyan etdi ki, Azərbaycan xalqı, Azərbaycan dövləti heç bir təhdiddən, heç bir sanksiyadan qorxmur və çəkinmir. Yarana biləcək hər hansı bir problemin həlli üçün  beynəlxalq hüquq çərçivəsində istənilən addımı atmağa hazırdır.

 

Cəmaləddin Əsədov;

Neftçala rayon sakini, Şəhid atası