Şərqşünaslıq İnstitutunda seminarda Atatürk dövründə İran-Türkiyə münasibətlərindən bəhs edilib

2024-03-19 Baxış: 111
img

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda fəlsəfə və elmlər doktorluğu üzrə təhsil alan doktorant və dissertantlar üçün seminarlar davam edir.

Martın 18-də keçirilən növbəti seminar “Atatürk dövründə İran-Türkiyə münasibətləri” mövzusunda olub. Tədbiri idarə edən institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü sözü Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblıya verib.

Dosent Sübhan Talıblı bildirib ki, tarix boyunca Orta Şərqin sivilizasiya mərkəzlərindən biri olan İran ilə Osmanlı imperiyasının əlaqələri əsasən güclü dövrlərində qonşuluq rəqabəti şəklində olmuşdur. XVIII və XIX yüzillliklərdə Qərbin təzyiqləri və daxili məsələləri ilə məşğul olmadan  bir-biri ilə mübarizə aparmağa fürsətləri olmamışdır.

XX yüzilliyin əvvəllərində hər iki ölkənin gündəliyində oxşar daxili və xarici problemləri, iki dövləti yeni bir istiqamətə xilas olma çarələri axtarmağa sövq etmişdir. 1906-cı ildə İranda Məşrutiyyət elan edilmiş, 1907-ci ildə Məclis buraxılmış və həmin tarixlərdə Iran torpaqları İngiltərə və Rusiya arasında gizli bir müqaviləylə bölünmüşdür. I Dünya müharibəsi başladıqda İran çətin vəziyyətdə idi. İranın hökumət adamları öz aralarında tayfalar, din xadimləri, ingilis-rus-Osmanlı-Almaniya tərəfdarları olaraq bölünmüşdülər. İran müharibədə bitərəfliyini elan etmiş, birbaşa müharibəyə qoşulmamışsa da, bütün torpaqları müharibə edən dövlətlər tərəfindən istila edilmişdi.

Seminarda məruzəçi Türkiyə Cümhuriyyətinin qurulması, Qacar sülaləsinin süqutu və İranda yeni şahın hakimiyyətə gəlməsindən sonra İran-Türkiyə münasibətlərində yeni mərhələ - yaxınlaşma mərhələsi başlanması, iki ölkə arasında imzalanmış sənədlər, Rza şahın Türkiyəyə səfəri, səfər zamanı Atatürkün Rza şahla görüşü, müzakirə olunan məsələlər, xüsusilə də səfərin iki ölkə arasında münasibətlərə təsiri və s. barədə fars, türk, ingilis, rus dilli mənbələr əsasında  ətraflı məlumat verib.