AKİF NURAĞA OĞLU ABBASOVUN 75 İLLİYİNƏ

2025-06-05 Baxış: 16
img

28 MAY – AKİF NURAĞA OĞLU ABBASOVUN DOĞUM GÜNÜDÜR

 

 

Respublika günündə doğulan professor, yazıçı,

dramaturq, tərcüməçi, jurnalist, dəyərli insan Akif Nurağa oğlu Abbasov

Akif Nurağa oğlu  Abbasov çağdaş pedaqogika elminin və Azərbaycan nəsrinin tanınmış nümayəndələrindən biridir. 1950-ci il mayın 28-də  Şirvan (keçmiş Əli Bayramlı) şəhərində müəllim ailəsində anadan olmuşdur.

 Pedaqogika üzrə elmlər doktoru, professor, Pedaqoji və  Sosial Elmlər Akademiyasının (Moskva) həqiqi üzvü, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvüdür.

Əli Bayramlı şəhər 1 və 2 nömrəli məktəblərində (1957-1967), Azərbaycan Pedaqoji Dillər İnstitutunda (hazırda Azərbaycan Dillər Universiteti, 1968-1973) təhsil almışdır.

         Əli Bayramlı şəhərində çıxan “İşıq” qəzeti redaksiyasında müxbir  (1967-1968), Sabirabad rayonunun Şıxsalahlı və Qaragüney kənd məktəblərində ingilis dili müəllimi (1973-1975), Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri (1975-2001), Bakı Ali Pedaqoji Qızlar Seminariyasında (hazırda Bakı Qızlar Universiteti) elmi işlər və tərbiyə işlər üzrə prorektor vəzifələrində işləmişdir.

Hazırda Azərbaycan Respublikasının Təhsil  İnstitutunun elmi katibidir. 

         Professor Akif Abbasovun yaradıcılığı çoxistiqamətlidir. Hər şeydən əvvəl müəllimdir,  orta məktəbdə ingilis dili, ali məktəbdə pedaqogika fənnindən dərs deyib.

         İkinci istiqamət elmi fəaliyyətidir. Akif Abbasov elmlər doktoru, professor, akademik olmaqla yanaşı onun elmi rəhbərliyi və elmi məsləhətçiliyi ilə 40 nəfər elmlər doktoru və fəlsəfə doktoru yetişib. Elmlər doktoru (11 nəfər) və fəlsəfə doktoru (32 nəfər) proqramları üzrə çoxsaylı dissertasiyaların müdafiəsi zamanı rəsmi opponent kimi çıxış etmişdir.

         Akif Abbasov ümumtəhsil məktəbləri üçün 5 dərslik və dərs vəsaitinin [“Ailə”, “Ailə həyatının etika və psixologiyası”, ”Ailə həyatının etika və psixologiyası üzrə müntəxəbat” (prof. Ə. Əlizadə ilə); “ABC Book”: I sinif üçün ingilis dili dərs vəsaiti  (M. Məmmədova ilə); “İngilis dilindən imla və ifadə mətnləri məcmuəsi” (V-XI siniflər üçün)]; ali məktəblər üçün 3 dərsliyin [“Pedaqogika”, “Ailə pedaqogikası”, “Milli əxlaq və ailə etikası”] və 2 dərs vəsaitinin [“Pedaqogika: müxtəsər konspekt və sxemlər”, “İxtisasa giriş”], xüsusi məktəblər üçün 4 dərsliyin (“Oxu-2”, “Oxu-3”, “Oxu-4”, “Oxu-5”)], kolleclər üçün “Milli əxlaq və ailə etikası” və “Pedaqogika” dərsliklərinin və proqramlarının, 40-dan artıq kitab və kitabçanın, 200-dən artıq elmi məqalənin, çoxsaylı konfrans materiallarının müəllifidir.

Akif Abbasovun yaradıcılığında diqqəti cəlb edən digər istiqamət lüğətçilik fəaliyyətidir. O, “İngiliscə-azərbaycanca pedaqoji-psixoloji lüğət” [1999] və “Azərbaycanca-ingiliscə pedaqoji-psixoloji terminlər lüğəti” [2006, 2019] tərtib edərək nəşrinə nail olmuşdur.

Akif Abbasov  elmi yaradıcılıqda olduğu kimi, bədii yaradıcılıqda da eyni uğurla fəaliyyət göstərir. Bir yazıçı kimi də özünü təsdiq etmişdir. O,   “Atatürk” “Yaxşı dost” pyeslərinin; “Aldanma sözlərə”, “Samsundan başlanan yol”, “Acı xatirələr”, “Sultan II Murad” və “Fateh Sultan Məhmət”  romanlarının müəllifidir. 

         Onun qələmindən “Lələşin ayaqqabısı”, “Qız gəlin köçür”, “Xəyanət”, “Qaş düzəltdiyi yerdə”, “Dədəmə oxşayırsan”, “Gəl Məliyin dovğasına”, “Gəlin”, “Xallı kəpənək”, “Müdirin ayağı”, “Bir qıçlı öz atasıdır”, “Dar günün dostu”, “Geydirmə araq”, “Banu və babası”, “Pyeslər”, “Əsərləri. 10 cilddə. 1-7-ci cildlər”, “Roman, povest və hekayələr”, “Atilla və babası”, “Yumruq”, “Yumurta”, “Sənə quzu kəsim”, “Pensiya pulu”, “Hekayələr”, “Uşaqlar üçün hekayələr”, “Töhmət”, “Taxta qaşıq”, “Qızıləhməd almaları”, “Zoğal mürəbbəsi və başqa hekayələr”  kimi  hekayə kitabları çıxmışdır.

         Atatürk mövzusu Akif Abbasov yaradıcılığını qırmızı xətlə kəsib keçir. O, türk dünyasının şərəfi və iftixarı, əfsanəvi sərkərdə, dövlət xadimi, Türkiyə Respublikasının yaradıcısı və ilk Prezidenti Mustafa Kamal Atatürkün həyat və fəaliyyətindən bəhs edən 6 kitab qələmə almışdır. Onlardan “Samsundan başlanan yol” romanının, “Atatürk haqqında hekayələr”in (birinci və ikinci kitab), “Atatürk”  pyesinin, “Böyük türk” (uşaqlar üçün hekayələr) və “Xallı kəpənək” hekayələr kitabının adları qeyd oluna bilər.

  Babək Abbaszadə “Atatürk” pyesi əsasında libretto yazmış, bəstəkar, professor, Prezident təqaüdçüsü Oqtay Rəcəbov “Atatürk” operasını bəstələmişdir.

Bundan başqa, “Atatürk” pyesi türk dilinə çevrilmiş, 2015-ci ildə Ankarada nəşr edilmişdir  [Akif Abbasov. Atatürk (piyes). Ankara: Özel Der Yayınları, 2015].

         Akif Abbasovun yaradıcılığını məhsuldar edən həm də tərcüməçilik sahəsindəki fəaliyyətidir. O, ingilis, Amerika, İrlandiya, Kanada, Keniya, rus, Moldova, qırğız, türkmən, gürcü, osetin ədəbiyyatından diqqətəlayiq tərcümələr edir. Onun həm ingilis, həm də rus dilindən etdiyi bədii tərcümələr istər orijinala yaxınlıq və istərsə də bədiilik baxımından önəmlidir. 

Tərcümələri “Azərbaycan” və “Mütərcim” jurnallarında, “Dünya” və “Bağban” bədii toplularında; “Ədəbiyyat”, “Sovet kəndi”, “İdman”, “Təhsil problemləri”,  “Azərbaycan müəllimi”, “525-ci qəzet”, “Təhsil və zaman”, “İşıq” (Şirvan şəhərində çıxan), “Muğan” (Sabirabadda çıxan) və b. qəzetlərdə dərc olunmuşdur. İngilis və rus dillərindən  tərcümələri 11 kitabda toplanmış və nəşr edilmişdir. “Kristi Tökerin ölümü”, “Yağış altında pişik”, “Tiflissayağı boşanma”, “Küçə tinində hadisə”, “Andro və Sandro” (müəllif: G. Xuqayev), “Ali təhsilli arvad” (müəllif:  T. Esenova), “Duel” (müəllif: M. Bayciyev),   “Yolagəlməz qadın” (müəllif: U.S. Moem), “Yağış” (müəllif: U.S. Moem) və “Edvard Barnardın ruh düşkünlüyü” (müəllif: U.S. Moem) kimi pyes, povest və hekayələrdən ibarət tərcümə kitabları oxucular tərəfindən rəğbətlə qarşılanmışdır.

         İngilis yazıçısı Qrehem Qrinin “Canlılar yaşayan otaq” pyesini də London nəşrindən dilimizə Akif Abbasov çevirmişdir. Bundan başqa, onun tərcümə etdiyi   6 pyes (“Səhra”, “Nənə gələndə”, “Uğurlu skamya”, “Buzda ehtiyatlı ol”, “İstəkli adamlar üçün hədiyyə”, “Duel”, “Andro və Sandro” və s.) respublika radiosunda tanınmış aktyorların, Mədəniyyət və İncəsənət Universiteti tələbələrinin ifasında səslənmişdir. “Andro və Sandro” pyesi Həsən Əblucun rejissorluğu ilə radioda səslənmiş [1987], əsas rolları Sofa Bəsirzadə, İlham Namiq Kamal, Bürcəli Əsgərov, Məhluqə Sadıqova, Muxtar Avşarov ifa etmişlər.

         Akif Abbasovun jurnalistik fəaliyyəti də diqqət mərkəzində dayanır. O, 1967-68-ci illərdə Əli Bayramlı (hazırda Şirvan) şəhərində çıxan “İşıq” qəzeti redaksiyasında müxbir kimi  fəaliyyətə  başlamış, ilk jurnalistlik, ilk qələm təcrübəsini bu qəzetin redaksiyasında keçmişdir.

          Akif Abbasov  hazırda Azərbaycan Respublikasının Təhsil İnstitutunun “Elmi əsərləri”nin baş redaktoru, Bakı Qızlar Universitetinin “Elmi əsərləri”nin baş redaktorunun müavinidir. 2000-2006-cı illərdə  həm də  “Təhsil, mədəniyyət, incəsənət” jurnalının redaktoru olmuşdur.  Azərbaycan Respublikasının Təhsil İnstitutunun “Elmi əsərləri” beynəlxalq qrift almışdır, ildə 6 nömrəsi işıq üzü görür.

           Professor hazırda Ukrayna Milli Müdafiə Universitetinin orqanı olan “Viiskova osvita” jurnalının, Azərbaycanda nəşr olunan “Mütərcim” ədəbi-bədii və tərcümə jurnalının, “Humanitar fənlərin öyrənilməsinin aktual problemləri”, “Pedaqogika”, Naxçıvan Müəllimlər İnstitutunun “Elmi xəbərlər”inin,  “Azərbaycanda xarici dillər” jurnallarının redaksiya heyətlərinin üzvüdür.

Professorun tərtibçilik istiqamətindəki fəaliyyəti də diqqəti cəlb edir. İyirmi çap  vərəqi həcmində olan “Az söylə, söz söylə” (Şərqin şifahi və yazılı abidələrində tərbiyəvi fikirlər”, həmçinin “Qız gəlin köçür”, “Toydan əvvəl və sonra” və s. nəşrlər də pedaqoji ictimaiyyətin stolüstü kitablarına çevrilmişdir.

Akif  Abbasovun “Portret cizgiləri”, “Müqəddəs şəxslərin tərbiyəvi fikirləri”, “Pedaqoji internatura”,   “Şagirdlərin hüquq tərbiyəsi” və s. bir çox kitabları maraqla oxunur.

Professorun elmi redaktorluq fəaliyyəti də önəmlidir. O, 150-dən artıq monoqrafiya, dərslik, dərs vəsaiti, kitab və kitabçanın, metodik vəsaitin, tədris proqramının elmi redaktoru, bir çox bədii əsərin redaktoru, onlarla əsərin rəyçisi olmuş,  çoxsaylı dissertasiyalara, avtoreferatlara rəy vermişdir.

Professor Akif Abbasovun yaradıcılığının bir istiqaməti də kino yaradıcılığı ilə bağlıdır. O, “Canavar balası” (1997) və “Qırmızı qar” (1998)  bədii filmlərinin  redaktorudur (hər iki filmin ssenari müəllifi Ağarəhim, quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyovdur).

         Qəzet və jurnallarda, “Pedaqogika”dan dərsliklərdə, kitablarda A.N. Abbasovun əsərlərinə istinad edilib, özü və əsərləri barədə materiallar dərc olunub. Azərbaycan Milli Ensiklopediyanın birinci cildində haqqında yazı verilib. Bundan başqa, Sahib Sailovun “Muğanın övladları”,  Əjdər Olun “Şirvana binə gəlləm”  və b. kitablarda, prof. Teymur Əhmədovun  “XX əsr Azərbaycan yazıçıları: ensiklopedik məlumat” və “Azərbaycan yazıçıları XX-XXI yüzilliklərdə: ensiklopedik məlumat” kitablarında dəyərli bir şəxsiyyət, istedadlı alim və yazıçı kimi  onun həyat və fəaliyyəti işıqlandırılıb.

         Professor A.N. Abbasovun tədqiqatları təlim və tərbiyə prosesinin optimallaşdırılması, ümumtəhsil və ali məktəblərdə pedaqoji prosesinin səmərəli təşkili və idarəolunması,  pedaqoji diaqnostika və pedaqoji ekspertiza, interaktiv metodların tətbiqi, təhsil alanların mənəvi və hüquq tərbiyəsi, gənc nəslin ailə həyatına və uğurlu nikaha mənəvi və psixoloji baxımdan hazırlanması, təlim və tərbiyə texnologiyalarından istifadə və s. problemlərinə həsr olunmuşdur.

         Yaradıcı insanın həyatı qaynar qazana bənzəyir. Onun rahatlığı, dincliyi olmur, bitib-tükənməyən yuxusuz gecələr, narahat gündüzlər keçirir. Belə çətinliklər, məhrumiyyətlər professor Akif Abbasovun da  payına düşüb. Lakin insana təsəlli verən budur ki, həmin günlər, anlar hədər keçməyib, nəticəsi fərəhli və xoş, sevindirici olub. Özü üçün, ailəsi üçün, dost-tanışları üçün, cəmiyyətimiz üçün, xalqımız üçün. Akif müəllimin əməyinə də qiymət verilib. Əməkdar müəllim fəxri adına, Heydər Əliyev yubiley medalına, “Tərəqqi” medalına, “Qızıl qələm” mükafatına, “Qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülüb.

                                               İntiqam Cəbrayılov,

                         pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim

 

                      

 

 

                            Akif Abbasovun elmi əsərləri

                                   1. Kitab və kitabçalar 

1. Orta ümumtəhsil məktəbləri şagirdlərinin kommunist tərbiyəsinin bəzi məsələləri. Bakı: Maarif, 1978, 96 s. (M. Ağayev, Ə. Sarıyev, S. Novruz qızı ilə birlikdə)                                                                                                         

2. Şagirdlərin hüquq tərbiyəsi. Bakı: Maarif, 1983, 92 s.

3.      Şagirdlərin hüquq tərbiyəsində məktəb, ailə və ictimaiyyətin əlbir işinin təlim prosesində nəzərə alınması. Bakı: Azərbaycan Respublikası Maarif Nazirliyinin nəşri, 1983, 26 s.

4. Şagirdlərin elmi-ateizm tərbiyəsi. Bakı: Maarif Nazirliyinin nəşri, 1984, 24 s.

         5. VIII-X sinif şagirdlərinin ailə həyatına hazırlanması üzrə işin forma və yolları. Bakı: Maarif Nazirliyinin nəşri. 1984, 24 s.

         6. Ümumtəhsil məktəbi şagirdlərinin kommunist tərbiyəsi. Bakı: Maarif, 1984. 156 s. (Z. Qaralov, R. Mustafayeva, Ə. Həşimovla birlikdə)

7.      Pioner düşərgələrində işin təşkili. Bakı: 1985, 32 s.

8.      Ailədə uşaqların hüquq tərbiyəsinin yolları. Bakı: Maarif Nazirliyinin nəşri, 1985, 28 s.

9.      Ailə həyatının etika və psixologiyası kursunun tədrisinə dair (I hissə). Bakı: Maarif Nazirliyinin nəşri, 1985, 28 s. (prof. Ə.Ə. Əlizadə ilə)

10.    Ailə həyatının etika və psixologiyası kursunun tədrisinə dair (II hissə). Bakı: Maarif Nazirliyinin nəşri, 1985, 34 s. (prof. Ə.Ə. Əlizadə ilə)

         11. Dərsdənkənar fəaliyyət prosesində şagirdlərin hüquq tərbiyəsində məktəb, ailə və ictimaiyyətin əlbir işi. Bakı: Maarif  Nazirliyinin nəşri, 1986, 24 s.

12.   Совместная работа