2 Fevral – Azərbaycan Gəncləri Günü: Güclü Gələcəyin Təminatı

2026-02-02 Baxış: 8
img

2 Fevral – Azərbaycan Gəncləri Günü ölkəmizdə gənclərə göstərilən dövlət qayğısının və həyata keçirilən ardıcıl gənclər siyasətinin təcəssümüdür. Müstəqil Azərbaycan Respublikasında gənclər cəmiyyətin aparıcı qüvvəsi kimi formalaşır və ölkənin sosial, iqtisadi, elmi, mədəni və ictimai-siyasi həyatında fəal iştirak edirlər. Dövlət gənclər siyasətinin əsas ideoloji təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu Öndər gənclərin həm fiziki, həm də mənəvi cəhətdən sağlam, yüksək biliyə və əxlaqa malik olmasını xalqın gələcəyinin əsas təminatı kimi dəyərləndirmişdir.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gəncliyi üçün yaradılan imkanlar daha da genişlənmişdir. 2 fevral 2022-ci il tarixində dövlət başçısı gənclərə müraciətində vurğulamışdır ki, Azərbaycan sabitliyə, azadlığa və özünə güvənən inkişaf modelinə malik ölkədir və gənclər bu imkanlardan istifadə edərək həm şəxsi inkişaflarını təmin etməli, həm də dövlətə maksimum fayda verməlidirlər. Bu çağırış gənclərin fəallığını artırmaqla yanaşı, onların gələcək hədəflərini düzgün müəyyən etməsinə istiqamət verir.

Müasir dövrdə informasiya təhlükəsizliyi xüsusi əhəmiyyət daşıyır və Azərbaycan gəncliyi informasiya müharibəsinin ön cəbhəsində fəal mövqe tutur. Sosial şəbəkələrdə, beynəlxalq platformalarda və media mühitində gənclər ölkəmizin haqq səsini müdafiə edir, dezinformasiyalara qarşı mübarizə aparır və milli maraqları qoruyurlar. Xüsusilə Vətən müharibəsi və postmüharibə dövründə gənclərin bu sahədə göstərdiyi təşəbbüskarlıq və vətənpərvərlik yüksək qiymətləndirilmişdir.

Hazırda cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkənin ictimai həyatında mühüm rol oynayır. Könüllülük proqramlarında, beynəlxalq tədbirlərdə, sosial layihələrdə və müxtəlif dövlət proqramlarında iştirak edən gənclər vətəndaş məsuliyyəti nümayiş etdirir, bilik və bacarıqlarını təkmilləşdirirlər. Azərbaycan gəncləri beynəlxalq platformalarda ölkəmizi layiqincə təmsil edir və əldə etdikləri təcrübəni gələcək fəaliyyətlərinə yönəldirlər.

Azərbaycan dünyada idman ölkəsi kimi tanınır və bu sahədə əldə olunan uğurların əsas dayağı gənclərdir. 2015-ci ildə Bakıda keçirilmiş Birinci Avropa Oyunları dünya idman tarixində ilk dəfə olaraq Avropa qitəsində təşkil edilmiş multi-idman tədbiri olmuş və ölkəmizin beynəlxalq nüfuzunu daha da artırmışdır. Dövlət başçısının idmançılara göstərdiyi diqqət və qayğı nəticəsində Azərbaycan idmançıları beynəlxalq yarışlarda yüksək nəticələr qazanaraq bu etimadı doğruldurlar.

İstedadlı və vətənpərvər gənclərin üzə çıxarılması və onların potensialının reallaşdırılması dövlət siyasətinin əsas prioritetlərindəndir. Təhsil, elm, mədəniyyət və innovasiya sahələrində həyata keçirilən proqramlar gənclərin bilik və bacarıqlarının inkişafına xidmət edir. Dördüncü Sənaye İnqilabı dövründə Azərbaycan gəncliyi rəqəmsal texnologiyalar, innovasiya, startap və süni intellekt sahələrinə xüsusi maraq göstərir və bu istiqamətdə biliklərini artırır.

Azərbaycan gənclərinin inkişafında Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Fondun həyata keçirdiyi təhsil, sosial və mədəni layihələr gənclərin hərtərəfli inkişafına mühüm töhfə verir. Eyni zamanda gənclərin xaricdə təhsilinə dövlət dəstəyi davamlı şəkildə həyata keçirilir. 2026–2027-ci tədris ili üzrə universitet və proqramların siyahısının təsdiqlənməsi gənclərin beynəlxalq təhsil imkanlarına çıxışını daha da genişləndirir.

2025-ci ildə gənclər sahəsində “Konstitusiya və Suverenlik İli” çərçivəsində hüquqi maarifləndirmə, vətəndaşlıq şüurunun gücləndirilməsi və dövlətçilik dəyərlərinin təbliği istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Eyni zamanda “Zəfərin 5 ili” çərçivəsində gənclərdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi, tarixi Qələbəmizin mahiyyətinin gənc nəslə aşılanması məqsədilə silsilə layihələr icra olunmuşdur.

Bütün bunlar bir daha sübut edir ki, güclü Azərbaycan dövlətinin gələcəyi savadlı, təşəbbüskar və vətənpərvər gənclərin üzərində qurulub. 2 Fevral – Azərbaycan Gəncləri Günü gənclərin cəmiyyətdəki rolunun, dövlətin onlara göstərdiyi etimadın və bu etimadın məsuliyyətinin bariz ifadəsidir.

 

 


            Həcərxanım Nəzərova,

            YAP fəalı, Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı.