2 Fevral – Azərbaycan Gəncləri Günü.

“Bizim xalqımızın
gələcəyi gənclərdir. Gənclər isə gərək həm fiziki cəhətdən sağlam olsunlar, həm
də yüksək şüura, yüksək biliyə, yüksək əxlaqa, yüksək tərbiyəyə, yüksək elmə
malik olsunlar. Bunlar hamısı bir-birinə sıx bağlıdır”.
Ulu öndər Heydər
Əliyev
Azərbaycanda 2 fevral tarixi hər il
Gənclər Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin 1997-ci il
fevralın 2-də imzaladığı fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü
elan edilib. O vaxtdan etibarən həmin gün MDB məkanında və Şərqi Avropa
ölkələri arasında ilk dəfə Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə
başlanılıb. Azərbaycan bu sahədə də bir çox ölkələri qabaqlayıb. Belə ki,
Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra gənclərin işləri üzrə
nazirlərin ümumdünya konfransının (1998-ci il avqustun 8-12-də) tövsiyəsi
əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12
avqust - Beynəlxalq Gənclər Günü elan edilib. Azərbaycan gəncliyi Ulu öndər
Heydər Əliyevin onlara ən böyük hədiyyəsi olan bu günün təsis edilməsinin 27
illiyini qalib ölkənin məğrur və qürurlu vətəndaşları kimi böyük ruh yüksəkliyi
ilə qeyd edir.
Dahi şəxsiyyət, Ulu öndər Heydər
Əliyevin 1997-ci ildə imzaladığı Fərmanla təsis olunan əlamətdar gün gənclərimizin
cəmiyyətdəki roluna verilən yüksək qiymətdir. Ümummilli lider tərəfindən təməli
qoyulmuş və bu gün davam etdirilən dövlət gənclər siyasəti Azərbaycanda gənc
nəslin mənəviyyatca zəngin, vətənpərvərlik ruhunda tərbiyəsi, gənclərin
hərtərəfli inkişafı və ölkə həyatında fəal iştirakı üçün mühüm zəmin yaradır.
Əsası Ulu öndər tərəfindən qoyulan
dövlət gənclər siyasəti uğurla davam etdirilir. Azərbaycan gəncliyinə həmişə
böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata
keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan
dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ulu
öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti ölkə gəncliyinin
inkişafında dərin izlər buraxıb. Ümummilli lider gənclər sahəsində dövlət
siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bu sahənin zəruri
qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin sosial,
iqtisadi və digər problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərinin
inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, qanunlar və Dövlət
proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların
mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə,
faydalı məşğulluğunun təmin olunmasına müsbət təsir göstərib. Ümummilli lider
aydın strategiya ilə müstəqilliyimizin ilk illərində gənclərin enerji və
imkanlarını milli maraqlarımızın müdafiəsinə səfərbər etdi, onların vətənpərvər
ruhda formalaşmasına zəmin yaratdı. 1996-cı il fevralın 2-də keçirilən
Azərbaycan Gənclərinin Birinci Forumunda Ümummilli lider gənclər qarşısında
mühüm tarixi vəzifələr müəyyənləşdirdi.
Azərbaycan gəncləri üçün ən
həlledici sınaqlardan biri də 2020-ci il sentyabrın 27-də başlayan və noyabrın
10-dək davam edən Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun
sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını
xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti
sayəsində qazanılan bu Şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa
etdi, Azərbaycan xalqı 30 illik həsrətdən sonra tarixi torpaqlarına qovuşdu.
Qürurverici və sevindirici haldır ki, gənclərimiz Vətən uğrunda döyüşlərlə
yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin,
işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının
beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər.
2022-ci il Qoşulmama Hərəkatının
Gənclər Şəbəkəsi ilk beynəlxalq sammitini keçirib. Ölkəmizin Qoşulmama
Hərəkatına sədrliyi dövründə irəli sürdüyü iki əsas təşəbbüsdən biri Qoşulmama
Hərəkatının Gənclər Şəbəkəsinin təsis olunması idi və bu, bir ilk olub.
Azərbaycanda gənc nəslin
problemlərinin həlli, onların cəmiyyət həyatında iştirakının təmin olunması
üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı
sabaha aparacaq. Bu yolda dövlətimiz gənclərə böyük dəstək verir.
Bu gün gənclərimiz öz sahəsində,
fəaliyyətində inamla çalışırlar. İndi gənclərimiz, idmançılarımız beynəlxalq
tədbirlərdə və yarışlarda iştirak edərkən tamamilə başqa bir həvəslə çıxış
edirlər və bizim müzəffər xalq olmağımızın həqiqətini bir daha təsdiqləyirlər.
Aidə Hüseynova,
YAP fəalı, Hacıqabul şəhəri
A.Dadaşov adına 5 nömrəli tam orta məktəbin müəllimi.
Digər xəbərlər



