Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin gənclər strategiyası

2 Fevral –
Azərbaycan Gəncləri Günü müstəqil dövlətimizin gənclərə verdiyi dəyərin, onlara
olan yüksək etimadın və gələcəyə yönəlik strateji baxışın rəmzidir. Bu əlamətdar
günün əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham
Əliyevin rəhbərliyi ilə isə gənclər siyasəti yeni keyfiyyət mərhələsinə yüksəlmişdir.
Bu gün Azərbaycan gəncliyi təkcə ölkədaxili proseslərin deyil, regional və
qlobal çağırışların da fəal iştirakçısına çevrilmişdir.
Azərbaycan
dövlət gənclər siyasətinin ideoloji və fəlsəfi əsasları Ümummilli Lider Heydər
Əliyevin çoxşaxəli siyasi fəaliyyətinin ayrılmaz tərkib hissəsidir. Heydər
Əliyev gənclərə münasibətdə situativ yanaşmanı deyil, uzunmüddətli və strateji
baxışı əsas götürmüşdür. Onun üçün gənclər sadəcə sosial təbəqə deyil, milli təhlükəsizliyin,
dövlət müstəqilliyinin və tarixi davamlılığın əsas təminatçısı idi.
Ulu Öndərin
gənclərlə bağlı baxışları sistemli şəkildə formalaşmış ideoloji konsepsiya
xarakteri daşıyırdı. O, gənclərin tərbiyəsini milli-mənəvi dəyərlərə söykənən,
eyni zamanda dünyəvi və müasir çağırışlara açıq bir model üzərində qurmağı
vacib hesab edirdi. Heydər Əliyev üçün gəncin fiziki sağlamlığı, intellektual səviyyəsi,
əxlaqi kamilliyi və vətənpərvərliyi bir-birindən ayrı deyil, bir-birini
tamamlayan keyfiyyətlər idi. Məhz bu yanaşma onun məşhur fikrində öz əksini
tapmışdır: gənclər yüksək şüura, yüksək biliyə, yüksək əxlaqa və yüksək elmə
malik olmalıdırlar.
Heydər Əliyev
gənclərin dövlət idarəçiliyində, ictimai-siyasi proseslərdə fəal iştirakını
milli inkişafın zəruri şərti kimi qiymətləndirirdi. Onun təşəbbüsü ilə müstəqil
Azərbaycanda ilk dəfə olaraq gənclərlə bağlı dövlət strukturları yaradılmış, gənclər
təşkilatlarının formalaşmasına və institusional inkişafına real dəstək
verilmişdir. 1996-cı ildə keçirilmiş Azərbaycan Gənclərinin Birinci Forumu və 2
Fevral tarixinin Azərbaycan Gəncləri Günü kimi təsis edilməsi gənclərə göstərilən
yüksək etimadın bariz nümunəsidir.
Ulu Öndərin
gənclər siyasətində əsas prioritetlərdən biri də milli kimliyin qorunması və
tarixi yaddaşın gənc nəsilə ötürülməsi idi. O, qloballaşma şəraitində gənclərin
milli köklərindən qopmamasını, tarixini, dilini, mədəniyyətini dərindən bilməsini
strateji məsələ hesab edirdi. Eyni zamanda, Heydər Əliyev gənclərin beynəlxalq
aləmdə rəqabətqabiliyyətli, açıq dünyagörüşlü və müasir biliklərə yiyələnmiş fərdlər
kimi yetişdirilməsini vacib sayırdı.
Heydər
Əliyev gəncləri gələcəyin liderləri kimi formalaşdırmağı qarşıya məqsəd
qoymuşdu. Onun siyasi iradəsi nəticəsində təhsilin inkişafı, elmin dəstəklənməsi,
istedadlı gənclərin üzə çıxarılması və onların stimullaşdırılması dövlət siyasətinin
əsas istiqamətlərinə çevrildi. Bu baxımdan, Heydər Əliyev gənclər siyasəti təkcə
sosial proqramlar məcmusu deyil, müstəqil dövlət quruculuğunun ideoloji dayağı
kimi formalaşdırılmışdır.
Bu gün
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu gənclər siyasəti
məhz Heydər Əliyev ideoloji xəttinin davamıdır. Müasir, güclü, vətənpərvər və
qalib Azərbaycan gəncliyi Ulu Öndərin müəyyən etdiyi strateji baxışın real nəticəsidir.
Heydər Əliyev ideyaları əsasında formalaşan gənclər siyasəti Azərbaycanın
sabitliyinin, inkişafının və tarixi qələbələrinin təminatçısı kimi çıxış edir.
Azərbaycan
gənclərinin potensialı və onların inkişafı ölkənin gələcəyi üçün strateji əhəmiyyət
daşıyır. Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, müasir gənclik üçün
imkanlar tarixən heç vaxt bu qədər geniş olmamışdır. Bu, yalnız iqtisadi və
sosial imkanlarla məhdudlaşmır; eyni zamanda, gənclərə milli maraqları qorumaq,
beynəlxalq səviyyədə rəqabət qabiliyyətini artırmaq və dövlətçiliyə töhfə vermək
üçün hərtərəfli şərait yaradılmışdır.
Prezidentin
çağırışı gənclərə yalnız şəxsi inkişaf perspektivləri ilə bağlı deyil, həm də vətən
qarşısında məsuliyyətlə bağlıdır. Azərbaycanda sabitlik, təhlükəsizlik və milli
müstəqillik mövcuddur; iqtisadiyyat inkişaf edir və ölkə özünü beynəlxalq aləmdə
etibarlı tərəfdaş kimi təsdiq etmişdir. Bu şəraitdə gənclər öz bacarıqlarını sərbəst
şəkildə inkişaf etdirə, təhsilini genişləndirə, istedadlarını ortaya qoyaraq həm
şəxsi uğur əldə edə, həm də dövlətin inkişafına töhfə verə bilərlər.
Prezident
İlham Əliyev gəncləri fəallığa, təşəbbüskarlığa və məsuliyyətə çağırır. O,
vurğulayır ki, gənclər öz gələcək həyatını düzgün planlaşdırmalı, elmi,
texnoloji və sosial biliklərini artırmalı, həmçinin dövlətin iqtisadi və mədəni
inkişafına maksimum töhfə verməlidirlər. Bu yanaşma, eyni zamanda, gənclərin
liderlik bacarıqlarını, təşəbbüskarlığını və innovativ düşüncə qabiliyyətini
formalaşdırmağa xidmət edir.
Azərbaycan
Respublikasının Birinci Vitse-prezidenti Mehriban Əliyeva və onun rəhbərlik
etdiyi Heydər Əliyev Fondu ölkəmizdə gənclərin hərtərəfli inkişafına böyük dəstək
göstərən aparıcı institut kimi fəaliyyət göstərir. Fond yalnız xeyriyyəçilik fəaliyyəti
ilə məhdudlaşmır; o, təhsil, mədəniyyət, idman və elmin inkişafı sahəsində
sistemli və uzunmüddətli layihələr həyata keçirir, gənclərin bacarıqlarının üzə
çıxarılması, təşəbbüskarlığının stimullaşdırılması və milli-mənəvi dəyərlərə
bağlılığının möhkəmləndirilməsinə xidmət edir.
Heydər
Əliyev Fondunun gənclər siyasətində əsas prioritetlərdən biri onların
intellektual və mədəni inkişafıdır. Fond tərəfindən təşkil edilən beynəlxalq və
yerli təhsil proqramları, elmi seminarlar, yay məktəbləri və yarışlar gənclərin
bilik səviyyəsini yüksəldir və onların qlobal miqyasda rəqabət qabiliyyətini
artırır. Xüsusilə Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən proqramlar
gənclərin yalnız akademik bacarıqlarını deyil, həm də liderlik və innovativ
düşüncə qabiliyyətlərini formalaşdırır.
Fond həmçinin
gənclərin istedadlarının aşkara çıxarılması və təşviqi sahəsində xüsusi rol
oynayır. İncəsənət, musiqi, teatr, rəqs və idman sahələrində təşkil olunan
müsabiqələr və layihələr gənclərin yaradıcılıq potensialını ortaya çıxarmağa
imkan verir. Bu fəaliyyətlər gənclərdə milli qürur hissini artırmaqla yanaşı,
onların vətənpərvər ruhda formalaşmasına da xidmət edir.
Heydər
Əliyev Fondunun gənclərlə bağlı digər mühüm istiqaməti xaricdə təhsil və təcrübə
proqramlarıdır. Fond, yüksək akademik göstəricilərə malik gənclərin beynəlxalq
universitetlərdə təhsil almalarına dəstək göstərir. Bu, gənclərin dünya
miqyasında rəqabət qabiliyyətini artırır, onların əldə etdikləri bilik və təcrübəni
ölkənin inkişafına yönəltmələrinə imkan yaradır.
İdman sahəsində
də Fond gənclərin potensialını dəstəkləyir. Olimpiya və dünya səviyyəli
yarışlarda uğur qazanmış gənc idmançılar üçün maliyyə və mənəvi dəstək Fond tərəfindən
təmin edilir. Bu yanaşma, gənclərin fiziki və mənəvi sağlamlığını qoruyarkən,
onları həm də dövlətçiliyə və vətənpərvərliyə sədaqətli fərdlər kimi
formalaşdırır.
Mehriban
Əliyeva və Heydər Əliyev Fondu həmçinin gənclər arasında sosial məsuliyyət,
könüllülük və vətəndaş fəallığını artırmağa xüsusi diqqət yetirir. Könüllülük hərəkatları,
sosial layihələr və ictimai təşəbbüslər gənclərin cəmiyyətin inkişafına aktiv
qatılmalarını təmin edir və onlarda təşəbbüskarlıq, liderlik və əməkdaşlıq bacarıqlarını
inkişaf etdirir.
Bayram
Xudayarov
Elm və Təhsil
Nazirliyi Fizika İnstitutunun əməkdaşı, "Heydər Əliyev məktəbinin
davamçıları" Facebook qrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü
Digər xəbərlər



