15 iyun 1993-cü il Böyük Zəfərə gedən yolun başlanğıc tarixi

Beş ildir qalib xalq olaraq bayramlarımızı,
tarixi günləri Zəfər ruhunda qeyd edirik. 44 günlük İkinci Qarabağ müharibəsində
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəbhərliyi ilə rəşadətli ordumuzun
yazdığı Zəfər səhifəsindən sonra uğurlarımızın davamlılığı diqqətdən kənarda
qalmır. Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfər və digər uğurlar öz
başlanğıcını məhz Milli Qurtuluş Günündən götürür. Ulu Öndərin ən böyük arzusu
Azərbaycanı bütöv görmək idi. Azərbaycanın Günəş kimi dünyaya doğmasını təmin
edən Ümummilli Lider belə bir əminliyi də ifadə edirdi ki, torpaqlarımız
işğaldan azad ediləcək, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, bu ərazilərdə
yeni həyat başlayacaq. Dahi şəxsiyyət Heydər Əliyevin keçmiş məcburi köçkünlərlə
görüşlərinin birində səsləndirdiyi “Arzu edirəm ki, sizinlə birlikdə gedək
Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı
üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir.
Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç
vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan,
Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya
bilmərik» fikirləri də bu inamın, əminliyin təsdiqi idi. 1993-2003-cü illərdə
görülən işlər bugünkü reallıqlarımızın bütövrəsidir. Cənab İlham Əliyev
Ümummilli Liderin etimadını doğrultdu, torpaqlarımızın xilaskarı kimi adını
tarixmizə qızıl hərflərlə yazdırdı. Bu gün qalibyyət rəmzi olan üçrəngli
Bayrağımız Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda,
Qubadlıda, Kəlbəcərdə, Xankəndidə, Xocalıda dalğalanır.
1993-cü
il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdışı dövlətçilik tariximizin şanlı qürur səhifəsini təşkil edir. Bu tarixi
gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna
çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi
tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ümummilli
Lider Heydər Əliyevin adı tarixə müstəqilliyimizin xilaskarı kimi yazıldı.
Ulu
Öndər Heydər Əliyevin adı ilə bağlı olan 15 iyun 1993-cü il tarixindən bizləri
31 illik zaman ayırır. İllər keçdikcə bu günün əhəmiyyətini, Azərbaycanın müstəqilik
tarixində rolunu daha aydın şəkildə dərk edirik. 31 il zaman baxımından böyük
olmasa da, uğurların zənginliyi ilə bir əsrə bərabər yol kimi dəyərləndirilir.
Hər bir önəmli hadisə, bayram tədbiri daim keçirilən yolun təhlilini bir zərurət
kimi ortaya qoyur. Bu il Milli Qurtuluş Gününü fərqli şəkildə böyük sevinclə
qeyd edirik. Belə ki, 9 ay bundan öncə, ötən ilin 19-20 sentyabr tarixlərində
Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi bir günlük antiterror tədbirləri
nəticəsində ərazilərimiz separatçılardan təmizləndi və suverenliyimiz tam bərpa
edildi. Ötən ilin 20 oktyabr tarixində Azərbaycan Bayrağı Xankəndidə, Xocalıda,
Xocavənddə, Ağdərədə, Əsgəranda ucaldıldı. Xankəndi şəhərində Zəfər paradı
keçirildi. Bu il Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar dövlət başçısı
İlham Əliyev Xocalı şəhərində bu rayonun ictimaiyyətinin nümayəndələri ilə
görüşdü və Xocalı Soyqırımı Memorialının təməlini qoydu. Bu ilin fevralın 7-də
isə müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisi üzrə növbədənkənar
prezident seçkləri keçirildi. Cənab İlham Əliyevin ailə üzvləri ilə birlikdə
Xocalı şəhərində səs verməsi tariximizin qürurverici hadisələri sırasında
xüsusi yer tutdu. Son 9 aya yaxın müddətdə bayramlarımız, o cümlədən Milli
Qurtuluş Günü suverenliyimizin tam bərpa edilməsi fonunda qeyd edilir.
Yazıya
tarixi Zəfərimizə gedən yoldan deyil, məhz onun yaratdığı reallıqlarla
bağlamağımız səbəbsiz deyil. Çünki bu gün harada yaşamasından asılı olmayaraq hər
bir azərbaycanlı qalib Azərbaycanın vətəndaşı olmağı ilə qürur duyur, gələcəyə
böyük inamla addımlayır. Bu inamı, əminliyi yaradan təbii ki, 1993-cü ildə Ulu
Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı oldu.
Ümummilli Liderin möhtəşəm qayıdışı olmasaydı və Milli Qurtuluş baş tutmasaydı
biz tamamilə fərqli Azərbaycanda yaşamağa məcbur olardıq. O Azərbaycan təbii
ki, bugünkü uğurlu inkişaf yolunda inamla irəliləyən Azərbaycandan fərqli
olacaqdı. Milli Qurtuluş Günündə iki mühüm məqama diqqət yönəldilir. Biri Azərbaycanın
öz dövlət müstəqilliyini yenidən bərpa etməsidirsə, ikincisi Ulu Öndər Heydər
Əliyevin hakimiyyətə tarixi qayıdışı və bu qayıdışın Azərbaycanın qarşısında
açdığı imkanlardır.
Milli
Qurtuluş Günundən başlanan tarixi yol uğurludur. Azərbaycanın bugünkü inkişafı,
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət də Qurtuluşdan başlayır,
ondan güc alır. Qurtuluşun tarixindən və ölkəmizin həyatında rolundan bəhs edərkən
gözümüz önündə olan reallıqlarımıza diqqət yetirmək gərəkdir. Azərbaycanın
inkişafı, davamlı iqtisadi islahatları təqdir olunur.
Ümummilli
Liderin yaradıcısı olduğu, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə
uğurla inkişaf edən Yeni Azərbaycan Partiyasının da uğurlarımızda öz payı
vardır. Xalqa, dövlətə xidməti fəaliyyətinin ana xətti kimi qəbul edən Yeni Azərbaycan
Partiyası yeni hədəflərin gerçəkləşməsi istiqamətində mühüm addımlar atır.
Partiyanın hər bir üzvü ölkənin inkişafına öz töhfələrini verməyə çalışır. Azərbaycan
tarixində qürurverici hadisələrdən biri məhz Yeni Azərbaycan Partiyasının
yaradılması, gücünün günbəgün artması və ölkənin ictimai-siyasi həyatında əhəmiyyətli
və özünəməxsus yer tutmasıdır. Yeni Azərbaycan Partiyasının 2021-ci ildə tarixi
Zəfərimizin reallıqları fonunda keçirdiyi VII qurultayında dövlət başçısı İlham
Əliyev böyük əminliklə qeyd etdi ki, YAP bundan sonra da ölkəmizdə gedən
proseslərin mərkəzində olacaq. YAP ənənələri olan partiyadır. YAP-ın üzvlərinin
sayı 800 minə yaxındır. Bu, böyük ordudur. Bu ordunun silahı Ulu Öndər Heydər
Əliyevin ideyaları, Prezident İlham Əliyevin həyata keçirdiyi təkmil
islahatlar, uğurlu siyasətdir. Qurtuluşun müəyyənləşdirdiyi yeniləşmə, müasirləşmə
həyata keçirilən siyasətin əsasında dayanır. Azərbaycan hazırda bütün sahələrdə
inkişaf dövrünü yaşayır. Bu inkişafın davamlılığını təmin etmək üçün dövlət
başçısı İlham Əliyev biri-birindən əhəmiyyətli Fərman və sərəncamlar imzalayır,
Dövlət proqramlarını təsdiqləyir.
Bu
gün, Milli Qurtuluş Günündə böyük fəxrlə bəhs etdiyimiz tarixi Zəfərimiz, bütövləşən
Azərbaycan 1993-cü ildən başlanan inkişaf yolunun zirvəsidir. Sübut olundu ki, ən
yenilməz, məğrur xalq Azərbaycan xalqı, məğlubedilməz ordu Azərbaycan
Ordusudur. 28 ildən sonra işğaldan azad edlimiş ərazilərimizdə Novruz
tonqalları yandırıldı, Şuşada «Xarıbülbül» musiqi festivalı, Vaqif Poeziya Günləri
ənənəsi bərpa edildi. Bu torpaqlar bizimdir və burada əbədi olacağıq.
Bayram
Xudayarov,
YAP
Hacıqabul rayon təşkilatının fəalı.
Digər xəbərlər



