Qurtuluşumuzun Memarı

2025-06-13 Baxış: 126
img

Azərbaycanın tarixində qızıl hərflərlə yazılmış günlərdən biri 15 iyun Milli Qurtuluş günüdür. Məhz bu gün Azərbaycan xalqı II dəfə əldə etdiyi müstəqilliyi itirmək, parcalanmaq, məhv olmaq təhlükəsindən azad olunmuşdur. Bu tarixi yaradan isə daima xalqına arxalanan, Azərbaycanı canı qədər sevən, bütün həyatını Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, inkişafına, beynəlxalq aləmdə tanınmasına sərf etmiş Ümummilli Lider Heydər Əliyevdir.

Bəli, 1991-ci ilin 18 oktyabrında Azərbaycan II dəfə öz müstəqilliyini əldə etdi. Amma çox çətinliklə əldə olunmuş bu müstəqillik qısa bir zamanda itirilmək təhlükəsi ilə üzləşdi. 1993-cü ildə isə Ölkəmizdə hakimiyyət böhranı kuliminasiya həddinə çatdı, xaos, anarxiya, daxili çəkişmələr, özbaşnalıq, hərc-mərclik baş alıb gedir, əhalinin sosial durumu çox aşağı səviyyələrə düşürdü. Üstəlik işğalçı Ermənistan tərəfindən torpaqlarımız zəbt edilir, soydaşlarımız qaçqın-köçkün vəziyyətinə düşürdü. 1993-cü ilin əvvəllərində ölkədə bəzi silahlı qüvvələr tərəfindən törədilən başı pozuq hərəkətlər qardaş qırğınına, vətəndaş müharibəsinə zəmin yaradırdı. Bu isə Azərbaycanın bir çox yerlərində separatçılıq, parçalanma meillərinə şərait yaradırdı.

O zamankı hakimiyyətdə oturanların tələsik atdığı addımlar vəziyyəti daha da çətinləşdirirdi. Gəncəyə danışıqlar üçün göndərilən dövlət nümayəndələri girov götürülmüşdü. Qiyamçılar isə Baş nazirin, Milli Məclis sədrinin, sonra isə Prezidentin istefasını tələb edirdilər. Vəziyyət nəzarətsən çıxırdi, əhalinin rahatlığı pozulmuş, hətta toy mərasimlərinə də basqın edilirdi. Gəncəyə yaxın ətraf rayonlarda İcra başçıları zorla yenisi ilə əvəz edilir, qiyam isə üzü Bakıya doğru hərəkət edirdi. Ölən və yaralananlar var idi. Belə bir vaxtda ölkə rəhbərliyi xalqın təkidi ilə dövləti məhv olmaqdan xilas etmək üçün Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəlir. Beləliklə 1993-cü ildə iyunun 9-da Vətənin dar günündə Heydər Əliyev Xalqın çağırışına səs verərək Bakıya qayıtdı. O Bakıya qayıtmaqla ölkəni böyük bəlalardan qorudu, sözün əsl mənasında o gün ölkəmizin taleyində dönüş anı, əsl qurtuluşa atılmış addım idi. O zaman dahi lider çıxışlarının birində demişdir: “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”.

Bakıya qayıdandan sonra ilk növbədə Gəncəyə yola düşdü. Sonra Milli Məclisin iclasında Gəncə hadisələri ilə bağlı arayış verdi. İyunun 15-də Milli Məclisdə parlamentin sədri seçildi. Bu tarixi gün 1997-ci ildən bayram kimi qeyd edilib, 1998-ci ildən isə dövlət statusu verilib. O vaxtdan 15 iyun Heydər Əliyevin yenidən hakimiyyətə qayıtdığı gün Azərbaycanın Qurtuluş günü kimi tarixə düşüb.

Bu qayıdışla ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun şəkildə müstəqil dövlət quruculuğu prosesi başlandı.

Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək əslində gələcəyin təməlini qoymuş oldu.

On illik prezidentliyi dövründə Heydər Əliyev respublikada radikal islahatlar apardı və iqtisadiyyatı çökmüş ölkəni dirçəltdiyi və inkişaf etdirdiyi qüdrətli dövlət kimi millətinə bəxş etdi. Onun çoxşaxəli siyasəti ölkəyə tərəqqi və sabitlik gətirən dövlət strategiyasına çevrildi. Məhz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün dünyaya sübut etdi ki, o, müstəqil yaşamaq istəyir və öz ərazisinin sahibi olmağa, bütün sərvətləri barəsində müstəqil qərar qəbul etməyə qadirdir. Artıq Azərbaycan Heydər Əliyevin, bu gün isə möhtərəm Prezidentimiz İlham Əliyevin yeritdiyi uğurlu xarici siyasət sayəsində beynəlxalq aləmdə özünəməxsus yer tutmuş və tutmaqdadır. Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf kursu, Heydər Əliyev siyasəti, Heydər Əliyev fəlsəfəsi, Heydər Əliyev ideologiyası bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən böyük əzm və səbrlə davam etdirilir. Azərbaycan inkişaf edir, ən uca zirvələrə qalxır, beynəlxalq almədə öz nüfuzunu daha da gücləndirir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun, igid, qəhrəman oğullarımızın sayəsində 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı tarixi torpaqlarımızın düşmən tapdağından azad olunması ilə Azərbaycan bir daha nəyə qadir olduğunu bütün dünyaya sübut etdi. Bəli, biz bu gün qalib xalqın qalib evladlarıyıq. Azərbaycanın qazandığı qələbələr bundan sonra da Azərbaycan dövlətinin, cəmiyyətinin sürətli inkişaf yoluna qədəm qoyacağından xəbər verir. Çox böyük qürur hissi keçiririk ki, əzəli, qədim Azərbaycan torpaqlarına, Qarabağa qayıdırıq.

Ümummilli lider Heydər Əliyevin bir zamanlar bütün dünyaya bəyan etdiyi kimi, Azərbaycan vətəndaşının ən gözəl sabahları öndədir. Azərbaycan dövlətinin ən qüdrətli zamanları irəlidədir! Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir!

 

            Aytən İmanova,

            Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru,

            YAP Hacıqabul rayon təşkilatının fəalı.