Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 15 İyun - Milli Qurtuluş Günüdür.

2025-06-13 Baxış: 124
img

Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış, xalqımızın taleyində böyük əhəmiyyəti olan günlərdən biri 15 İyun - Milli Qurtuluş Günüdür. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi.

Ümummilli Lider Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.Tarixə nəzər salsaq görərik ki, XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan çox keçmədən böyük təhlükələrlə üzləşmişdi. Bir tərəfdən Ermənistan tərəfindən torpaqlarımızın işğal edilməsi, digər tərəfdən ölkə daxilində siyasi böhran, xaosun hökm sürməsi Azərbaycanı ciddi təhlükələrə doğru sürükləyirdi. Bu proses 1993-cü ilin iyununda özünün kulminasiya nöqtəsinə çatdı və o vaxtkı hakimiyyətin səriştəsiz siyasəti nəticəsində Azərbaycan parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qaldı. Cəmiyyətdə elə bir ümumi fikir yaranmışdı ki, ölkəni düşdüyü bu ağır vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Xalqımız öz dahi oğlunu təkidlə hakimiyyətə dəvət edirdi. 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı. İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, qurtuluş missiyasını cəsarətlə öz üzərinə götürdü. Bu, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı, böyük qurtuluşa doğru atılan mühüm addım oldu. Milli Qurtuluş Günü Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtularaq sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşmasının əsasının qoyulduğu gündür.

Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə 2003-cü ildən etibarən Azərbaycanın inkişafında yeni mərhələnin bünövrəsi qoyuldu. 2020-ci ildə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsi nəticəsində işğal altında olan torpaqlarımızı azad etdi, işğalçı ordu məğlub oldu. Bu Qələbə tariximizə qızıl hərflərlə yazıldı. Təbii ki, bu Qələbədə xalq və cəmiyyət olaraq birliyimiz və həmrəyliyimiz də mühüm rol oynadı. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi.

Bu gün işğaldan azad olunmuş torpaqlarımızda üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Beləliklə, ulu öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda onun layiqli davamçısı - Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib.

 

Hökmalı Mirzəyev,

Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının sədr müavini.