Şuşa Bəyannaməsi region üçün yeni tarixi gerçəklik deməkdir

2021-ci ilin iyunun 15-də Şuşa şəhərində məhz Milli Qurtuluş Günündə
Azərbaycanla Türkiyə arasında, eyni zamanda, Qars müqaviləsindən 100 il sonra
prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında müttəfiqlik münasibətlərinə
dair imzalanan Şuşa Bəyannaməsinin özünəməxsus tarixi, hüquqi və siyasi əhəmiyyəti
var. Bəyannamə olduqca geniş və demək olar ki, bütün sahələrdə Azərbaycanla
Türkiyə arasındakı münasibətlərin qardaşlığını və qətiyyətini həm özətləyir, həm
də yeniləyir.
Şuşa
Bəyannaməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Bir millət,
iki dövlət" və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün
"Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" prinsipləri əsasında
iki dövlətin strateji münasibətlərinə yeni yanaşma sərgilədi. Bundan başqa, bəyannamənin
Şuşadan açıq bəyanı özlüyündə bir neçə dolayı mesaj da daşıyır. Andlaşmanın bəyannamə
formasında qəbul edilməsi də diplomatik və politoloji baxımdan mühüm məqamdır.
Belə ki, bəyannamələr - deklarasiyalar rəsmi dövlət sənədi olmaqla daxili və
xarici məsələlərdə dövlətin və ya dövlətlərin əsas fəaliyyət prinsiplərini,
mövqeyini ehtiva edir və açıqlayır. İndiki halda deklarantlar Şuşadan bəyan
etdilər ki, Azərbaycan və Türkiyə dövlətləri beynəlxalq hüququ əsas tutmaqla öz
diplomatik, siyasi, hərbi, iqtisadi və sosial-mədəni münasibətlərini daha da
inkişaf etdirəcək, müstəqil dövlətlər olaraq fəaliyyətlərini maksimum
uzlaşdıracaqlar.
Şuşa
Bəyannaməsindəki "Türkiyə Respublikası və Azərbaycan Respublikası müstəqillik,
suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin
toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər
tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini
müəyyən edirlər" prinsipi tarixin yenə təkrarlanmaması üçün iki ölkənin əməkdaşlıq
proseslərinin sərhədlərini göstərir. "Tərəflər öz milli maraq və mənafelərini
müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirirlər.
Regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və
mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsi, eləcə
də münaqişələrin və regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin
həlli istiqamətində birgə səylər göstərirlər" - bu, iki ölkə arasındakı
münasibətləri pozmaq cəhdlərinin qarşısını almaqda hər iki ölkənin müstəqil
dövlət olaraq öz seçimlərini etmə iradəsinə sahib olması kimi anlaşılmalıdır.
Bəyannamənin
siyasi əhəmiyyəti Azərbaycan üçün daha vacibdir. Belə ki, Ermənistanın 30 illik
təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın
ərazi bütövlüyünün bərpa edilməsində Türkiyənin mənəvi-siyasi dəstəyi xalqımız
və dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Hazırda Qafqaz regionunda
sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin
bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması
və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində Azərbaycan və Türkiyənin
birgə təşəbbüsləri bu sahədə səylərin artırılmasının zəruriliyini göstərən ən
gözəl nümunədir.
Beləliklə,
Azərbaycan və Türkiyə 15 iyun 2021-ci ildə tarixi addım ataraq, bölgənin
geosiyasi mənzərəsini dəyişəcək, həm də Azərbaycanın və Türkiyənin düşmənlərinə
tutarlı mesajı olan, həmçinin ölkələrimiz arasında bütün sahələrdə
inteqrasiyanın nümunəsi olan Bəyannaməyə imza atdı. Ən əsası, bu Bəyannamə
region üçün yeni tarixi gerçəklik deməkdir.
İsmayıl
İbrahimov,
YAP
Hacıqabul rayon təşkilatının sədri
Digər xəbərlər



