Şuşa Bəyannaməsi - Azərbaycan-Türkiyə qardaşlığı.

2025-06-13 Baxış: 21
img

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının, birliyinin əbədi olduğunun bütün dünyaya nümayiş etdirilməsidir. Dövlət başçıları bu tarixi sənədi iki ölkə arasındakı əlaqələrdə yeni mərhələ üçün yol xəritəsi kimi dəyərləndiriblər. Bəyannamədə ümummilli maraqlar baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində koordinasiya edilmiş fəaliyyətin təşviqinə xüsusi diqqət yetirilir. Sənəddəki maddələrdən ən əhəmiyyətlisi isə tərəflərdən hər hansının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə müdafiə tədbirlərinin görülməsi ilə bağlıdır.

Əslində, Azərbaycanla Türkiyə strateji tərəfdaşlıq münasibətlərinə dair dövlətlərarası sənədlər, həmçinin hərbi sahədə yaxın tərəfdaşlıq və müttəfiqlik prinsiplərini əks etdirən müqavilələri çoxdan imzalayıblar. İyunun 15-də isə Şuşada Azərbaycan prezidenti İlham Əliyev ilə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra iki ölkə arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin imzalanması mərasimi keçirilib. Sənədə iki ölkə prezidentləri imza atıb. Beləliklə, Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyənin hərbi-siyasi müttəfiqliyini rəsmiləşdirib. Bakı ilə Anakaranın dünyaya ünvanladıqları əsas mesajlardan biri 44 günlük müharibədən sonra regionda yaranmış əməkdaşlıq imkanlarından faydalanmağa çağırışdır.

İndi bu iki ölkə Cənubi Qafqazı sülh bölgəsinə çevirmək üçün əllərindən gələni edir.“Bu gün imzalanmış Birgə Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı özü-özlüyündə hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək işbirliyimizin təminatçısıdır”, - deyə prezident İlham Əliyev bildirib.Ərdoğan isə öz növbəsində, bölgədə nüfuzu olan hər kəsi Azərbaycan xalqının Zəfərini qəbul etməyə və gələcəyə baxmağa çağırıb.Azərbaycanla Türkiyə regionun bütün dövlətlərini bu əməkdaşlıqda görmək istəyir. Bütün bunların fonunda Türkiyə işğaldan azad edilmiş ərazilərin bərpası və məcburi köçkünlərin doğma yurdlarına qayıtması prosesinə kömək etmək niyyətini də bir daha ifadə edib.“Bölgədə təsiri olan hər kəsi həqiqətləri görməyə, Azərbaycan xalqının Zəfərini qəbul etməyə və gələcəyə baxmağa dəvət edirik.

Atəşkəs razılaşmasından sonra artıq bölgədə bütün tərəflər üçün yeni əməkdaşlıq imkanları yaranıb. Azərbaycanlı qardaşlarımın bu məsələdə son dərəcə istəkli olmalarının ən yaxın şahidiyik”, - deyə Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatında bildirib:Müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin imzalanması təkcə Azərbaycan-Türkiyə əlaqələri baxımından deyil, eyni zamanda, bölgənin və türk dünyasının gələcəyi üçün önəmli hadisədir.

 

 

İsmayıl Salmanov,

YAP Hacıqabul rayon təşkilatının məsləhətçisi.