İki qardaş dövlətin tarixi andı- Şuşa Bəyannaməsi

2021-ci
il iyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında
müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması
dünyaya bir daha nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı
sarsılmazdır.
Bu
sənəd ölkələrimiz arasındakı müttəfiqlik münasibətlərinin bütün əməkdaşlıq sahələrini
əhatə edir. Azərbaycan-Türkiyə əlaqələri tarixə, dostluq və qardaşlıq prinsiplərinə
əsaslanır. Ulu Öndər Heydər Əliyevin əbədiyyətə qədər yaşayacaq “Bir millət,
iki dövlət” kəlamı münasibətlərimizin əsasında dayanır. Azərbaycan-Türkiyə
qardaşlığının və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişafına nail olan
Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası
səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri
çox mühüm əhəmiyyətə malikdir.
Prezident
İlham Əliyevin dediyi kimi, Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir.
Hər iki ölkənin rəhbərliyinin sıx münasibətləri xalqlarımız və dünya üçün də
nümunədir. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən
Şuşada imzalanmış bu sənəd, iki ölkə arasında müttəfiqlik münasibətlərinin rəsmi
şəkildə tanınması və qanuniləşdirilməsi deməkdir. Şuşa Bəyannaməsi yalnız bir
siyasi sənəd deyil – tarixə yazılmış and, gələcəyə verilmiş sözdür. Bu sənəd
iki xalqın taleyini daha da yaxınlaşdırmaqla yanaşı, regionda sülh, sabitlik və
tərəqqiyə xidmət edən bir siyasi iradənin təcəssümüdür.
Şuşa
Bəyannaməsində təhlükəsizlik, müdafiə sənayesi, qarşılıqlı hərbi yardım,
iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət və digər sahələrdə əməkdaşlıq geniş
şəkildə əhatə olunub. Bu sənəd, eyni zamanda regionda sülhün və sabitliyin təmin
olunmasına yönəlib. Bəyannamənin hərbi hissəsində iki ölkənin orduları arasında
qarşılıqlı fəaliyyət, birgə təlimlər və informasiya mübadiləsi kimi önəmli bəndlər
yer alıb. Şuşa Bəyannaməsinin müddəaları Azərbaycan Respublikasının milli təhlükəsizliyinin
bir çox aspektini əhatə etsə də, Hərbi Doktrinada nəzərdə tutulan xarici hərbi
və siyasi təhdidlərin neytrallaşdırılmasında və ya onlara qarşı balans
yaradılmasında xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, bir dövlətin təhlükəsizliyinin,
ərazi bütövlüyünün təhdid edilməsi digəri üçün də təhdid kimi qəbul edilir və
lazımi tədbirlərin həyata keçirilməsi öhdəçiliyini yaradır. Azərbaycan və
Türkiyə hər zaman bir yerdə olacaq və bir-birinin təhlükəsizliyini təmin edəcək.
Bu
isə eyni zamanda bütün Cənubi Qafqazda sülhə və təhlükəsizliyə zəmanət deməkdir.
Hazırda milli maraqlara və müasir çağırışlara əsaslanan birgə fəaliyyətimiz və
ortaq təşəbbüslərimiz ölkələrimizə inkişaf, regiona isə firavanlıq və sabitlik
vəd edir, Türk dünyası üçün parlaq perspektivlər yaradır. Bütün bu reallıqlar
Azərbaycan-Türkiyə birliyinin sarsılmaz olduğunu bir daha təsdiqləyir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, “Türkiyə-Azərbaycan artıq bir
yumruqdur, bir ürəkdir, bir candır”.
Elman Nəcəfov
YAP Hacıqabul rayon təşkilatının ərazi
partiya təşkilat (ƏPT) sədri.
Digər xəbərlər



