Azərbaycan–Özbəkistan Münasibətləri: Ortaq Tarixdən Strateji Tərəfdaşlığa"

Özbəkistan
Prezidenti Şavkat Mirziyoyevin diplomatik münasibətlərin 30-cu ildönümündə Azərbaycana
səfəri iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş
etdirir. Bu səfər təkcə siyasi və diplomatik əhəmiyyət daşımır, eyni zamanda
iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və institusional çərçivədə möhkəmləndirilməsi
baxımından ciddi irəliləyişlərə zəmin yaradır.
Ölkə
başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan
bu gün bölgənin aparıcı dövlətinə və əsas söz sahibinə çevrilib. Ölkəmiz bir
çox sahələrdə etibarlı tərəfdaş kimi qəbul edilir. Hazırda Azərbaycan Avropanın
enerji təhlükəsizliyini təmin edən əsas ölkələrdən birinə çevrilib, 10 Avropa
dövləti Azərbaycandan təbii qaz alır və digər dövlətlərlə əməkdaşlıq əlaqələri
genişlənməkdədir.
Azərbaycanın
xarici siyasətində əsas istiqamətlərdən biri də Mərkəzi Asiya ölkələri ilə
münasibətlərin daha da gücləndirilməsidir. Özbəkistan bu baxımdan xüsusi əhəmiyyətə
malikdir. Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən
Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri xüsusilə son illərdə
durmadan genişlənir. Respublikamızın bu ölkə ilə əlaqələri həm ikitərəfli, həm
də çoxtərəfli platformalarda, o cümlədən də Türk Dövlətləri Təşkilatı və digər
beynəlxalq təsisatlar çərçivəsində intensiv şəkildə inkişaf edir.İki ölkə
arasında əlaqələr 1995-ci il oktyabrın 2-də qurulub. 1996-cı ilin avqustunda Azərbaycanın
Daşkənddə, 1998-ci ilin iyulunda isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə
başlayıb. Bu diplomatik platformada indiyədək 190-dan çox ikitərəfli sənəd
imzalanaraq hüquqi bazanın təməli möhkəmləndirilib. Sənədlər arasında 2022-ci
ildə imzalanmış "Strateji tərəfdaşlığın dərinləşdirilməsi" sənədi
xüsusilə seçilir.
İki
qardaş xalq arasında mədəni əlaqələr sovet dönəmində də xeyli inkişaf edib. Ötən
əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistanda
sığınacaq tapıb. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında
azərbaycanlılar da yaxından iştirak ediblər. Bu gün 70 minə yaxın azərbaycanlı
Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal
iştirak edir.
Prezidentlər
İlham Əliyev və Şavkat Mirziyoyev arasında şəxsi dostluq və qarşılıqlı inam bu
münasibətlərin əsas dayaq nöqtəsidir.
Dövlət başçılarının səyləri nəticəsində Azərbaycan-Özbəkistan əlaqələri
regional və beynəlxalq əhəmiyyətli strateji əməkdaşlıq modelinə çevrilmişdir. Bu, xüsusilə Qarabağ Zəfərindən sonra özünü
daha qabarıq şəkildə göstərdi. 2020-ci ilin sonunda Şavkat Mirziyoyev Azərbaycanın
ərazi bütövlüyünün bərpası münasibətilə dövlət başçımızı ilk təbrik edən liderlərdən
oldu. Bundan sonra Özbəkistan tərəfindən Füzuli şəhərində məktəb tikintisi təşəbbüsü
irəli sürüldü və 2023-cü il avqustun 23-də bu layihə icra olunaraq istifadəyə
verildi. Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb bu gün iki qardaş ölkə
arasında sarsılmaz birliyin nümunəsinə çevrilib.
Bütün
bu məsələlərə Azərbaycan Prezidenti İlham Əliyev iyulun 2-də Azərbaycana dövlət
səfərinə gələn Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə birgə mətbuata bəyanatında
toxunub. Cənab Prezident qeyd edib ki, “bu gün Özbəkistan-Azərbaycan münasibətlərinin
tarixində əlamətdar gündür. Özbəkistan Prezidentinin dövlət səfəri layiqincə,
qardaşlıq və qarşılıqlı anlaşma ab-havasında keçir”.
Azərbaycan
Prezidenti İlham Əliyev Qarabağın bərpasına göstərdiyi köməyə görə Özbəkistana
minnətdarlığını bildirib. Prezident İlham Əliyev bildirib: “Biz Qarabağın bərpasına
göstərdiyi köməyə görə xüsusi minnətdarlığımızı bildiririk. Özbəkistan birinci
ölkə, öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən
Prezident Mirziyoyev dünyada ilk lider olub. Sosial təhsil infrastrukturunun
ilk obyekti isə məhz Özbəkistanın tikdirdiyi bu məktəbdir və mən Şavkat
Miromonoviçlə onun açılışını etmişik. O, özbək xalqının böyük oğlu Mirzə Uluqbəyin
adını daşıyır və burada öz əcdadlarının torpağına qayıdan uşaqlar təhsil alırlar”.
Bayram
Xudayarov
Elm
və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, YAP-ın fəal üzvü, "Heydər
Əliyev məktəbinin davamçıları" Facebook
qrupunun təsisçisi və rəhbəri.
Digər xəbərlər



