Azərbaycan–Özbəkistan qardaşlığı yeni mərhələyə qədəm qoyur

İyulun
2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan
Respublikasının Prezidenti Şavkat Mirziyoyevin ölkəmizə rəsmi səfəri çərçivəsində
keçirilən mətbuat konfransında mühüm bəyanatla çıxış edib. Dövlət başçısı
çıxışında Azərbaycan–Özbəkistan əlaqələrinin təkcə siyasi müstəvidə deyil, eyni
zamanda dostluq və qardaşlıq üzərində qurulduğunu xüsusi vurğulayıb.
Prezident
İlham Əliyev çıxışı zamanı Füzuli şəhərində Özbəkistanın maliyyə dəstəyi ilə
inşa edilmiş məktəb layihəsini yüksək qiymətləndirib. “Bu, sadəcə bir təhsil müəssisəsi
deyil, eyni zamanda bizim qardaşlığımızın rəmzidir. Bu təşəbbüs üçün Özbəkistan
rəhbərliyinə və bütün xalqına xüsusi minnətdarlığımızı bildiririk,” – deyə dövlət
başçısı vurğulayıb.
Mətbuat
konfransında diqqət çəkən digər bir məqam isə işğaldan azad edilmiş ərazilərdə
həyata keçiriləcək ikinci layihə ilə bağlı oldu. Prezident İlham Əliyev məlumat
verdi ki, Özbəkistanın dəstəyi ilə bu dəfə Xankəndi şəhərində tikiş fabriki
inşa ediləcək. Bu müəssisənin yaradılması bölgədə sosial rifahın
yaxşılaşdırılması, yeni iş yerlərinin açılması baxımından olduqca əhəmiyyətlidir.
Səfər
zamanı Azərbaycan və Özbəkistan arasında müxtəlif sahələri əhatə edən bir sıra
mühüm sənədlər imzalanıb. Bu sənədlər nəqliyyatdan kənd təsərrüfatına, mədəniyyətdən
sənayeyə qədər müxtəlif istiqamətlərdə əməkdaşlığı daha da dərinləşdirəcək.
Prezident
İlham Əliyev çıxışında qeyd etdi ki, Azərbaycan ilə Özbəkistan arasında münasibətlər
təkcə diplomatik çərçivələrlə məhdudlaşmır. “Biz eyni kökdən gələn, eyni dəyərləri
bölüşən xalqlarıq. Bu gün imzalanan sənədlər, həyata keçirilən layihələr,
aparılan siyasi dialoq – bütün bunlar bir amal uğrunda birləşməyimizin
sübutudur,” – deyə Prezident qeyd edib.
Azərbaycan
və Özbəkistan arasında ikitərəfli münasibətlər haqqında daha ətraflı məlumatla
XİN-in rəsmi səhifəsində tanış olmaq mümkündür.
Prezident
Şavkat Mirziyoyevin səfəri Azərbaycan–Özbəkistan münasibətlərində yeni mərhələnin
başlanğıcı oldu. Qardaş ölkələrin birliyi təkcə bölgə üçün deyil, bütün türk
dünyası üçün önəmli bir örnək kimi dəyərləndirilə bilər.
Aytən
İmanova,
YAP fəalı, Hacıqabul rayon Heydər
Əliyev Mərkəzinin direktoru.
Digər xəbərlər



