Tarix Yazılan Şəhərdə Tarixi Zirvə: Prezident İlham Əliyevin Qlobal Mesajı

2025-ci
il iyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə
görüşünün keçirilməsi Azərbaycanın geosiyasi tarixi üçün olduqca əlamətdar və rəmzi
məna daşıyan hadisə kimi dəyərləndirilə bilər. Qarabağ bölgəsinin mərkəzlərindən
biri olan Xankəndi, uzun illərdən sonra ilk dəfə olaraq beynəlxalq tədbirə ev
sahibliyi etməklə, Azərbaycanın suverenliyinin bərpasının və regional
sabitliyin əyani göstəricisinə çevrildi. Zirvə çərçivəsində çıxış edən
Prezident İlham Əliyev, həm regional əməkdaşlıq imkanlarına, həm də postmünaqişə
dövrünün reallıqlarına dair verdiyi mesajlarla diqqət çəkdi.
Prezident
çıxışının əvvəlində Xankəndidə belə mötəbər beynəlxalq tədbirin keçirilməsini
tarixi ədalətin təntənəsi kimi təqdim etdi: “Bu gün İqtisadi Əməkdaşlıq Təşkilatının
Zirvə görüşünü Azərbaycanın əzəli torpağı olan Xankəndidə keçirməyimiz bir çox
mənalar daşıyır. Bu, həm bizim suverenliyimizin təntənəsidir, həm də regionda
sülh və əməkdaşlıq çağırışımızın real ifadəsidir.” Bu fikirlər bir daha göstərdi
ki, Azərbaycan yalnız hərbi qələbə ilə kifayətlənmir, həm də bu ərazilərdə
davamlı inkişaf və reinteqrasiya istiqamətində real işlər görür və bu siyasəti
beynəlxalq arenada nümayiş etdirməkdə qərarlıdır.
Zirvə
görüşündə səsləndirilən əsas mövzulardan biri İqtisadi Əməkdaşlıq Təşkilatının
gələcəkdə oynaya biləcəyi rola dair idi. Prezident İlham Əliyev qeyd etdi ki,
üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi, iqtisadi inteqrasiyanın
gücləndirilməsi və qarşılıqlı ticarətin stimullaşdırılması təşkilatın əsas
prioritetləri olmalıdır. O bildirdi: “İqtisadi Əməkdaşlıq Təşkilatı regionun
inkişafı üçün böyük imkanlara malikdir. Bu potensialı tam reallaşdırmaq üçün
qarşılıqlı hörmət və strateji baxış zəruridir. Azərbaycan bu prosesin fəal
iştirakçısı olaraq, konkret layihələrlə çıxış edir.” Burada xüsusilə Cənub Qaz
Dəhlizi, Zəngəzur nəqliyyat dəhlizi və Bakı-Tbilisi-Qars dəmir yolu kimi
regional layihələr üzərində xüsusi vurğu edildi.
Prezident
İlham Əliyev Azərbaycanın İƏT məkanında nəqliyyat-logistika mərkəzinə
çevrildiyini vurğulamaqla yanaşı, ölkənin enerji sahəsində də strateji tərəfdaş
olaraq çıxış etdiyini qeyd etdi: “Azərbaycan Avropanın enerji təhlükəsizliyində
aparıcı rola malik ölkədir. Eyni zamanda, biz Asiya ilə Avropa arasında körpü
funksiyasını daşıyırıq. Bu, təkcə coğrafi deyil, həm də siyasi və iqtisadi
seçimdir.” Bu fikir Azərbaycan diplomatiyasının son illərdə əsas strateji xəttini
təşkil edən regional körpü rolunun beynəlxalq müstəvidə təsdiqi idi.
Zirvə
görüşündə xüsusi yer tutan məsələlərdən biri də postmünaqişə dövründə Azərbaycanın
işğaldan azad edilmiş ərazilərində apardığı bərpa və yenidənqurma siyasəti
oldu. Prezident bu barədə danışarkən qeyd etdi ki, son illərdə bu bölgələrə 8
milyard dollardan çox vəsait ayrılıb və hazırda bu ərazilərdə genişmiqyaslı
infrastruktur və sosial layihələr həyata keçirilir: “Keçmiş münaqişə zonasında
həyat yenidən canlanır. Xankəndi, Şuşa, Ağdam, Füzuli və digər şəhərlərimizdə
aparılan işlər beynəlxalq standartlara cavab verir. Biz bu əraziləri yaşıl
enerji zonası elan etmişik və ağıllı kənd konsepsiyasını tətbiq edirik.” Burada
Azərbaycanın gələcəyə yönəlik baxışı, ətraf mühitə həssas yanaşması və rəqəmsal
idarəetməyə keçid siyasəti ön plana çıxır.
Prezidentin
çıxışında beynəlxalq hüququn aliliyinə və regional sülhə dair çağırışlar da
xüsusi yer tutdu. O vurğuladı ki, Azərbaycan sülh tərəfdarıdır, lakin heç bir
halda suverenliyindən və ərazi bütövlüyündən güzəştə getməyəcək: “Azərbaycan ərazi
bütövlüyünü bərpa etdi və bu, beynəlxalq hüquqa əsaslanır. Biz sülhə sadiqik,
lakin heç vaxt suverenliyimizdən və milli maraqlarımızdan geri çəkilməyəcəyik.”
Bu bəyanat bir tərəfdən regionda sülhə dəstək verdiyimizi göstərsə də, digər tərəfdən
milli maraqların toxunulmazlığını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.
Xankəndidə
keçirilən İƏT Zirvəsi, əslində, Azərbaycanın beynəlxalq diplomatik fəallığının
və strateji nüfuzunun növbəti göstəricisidir. Bu tədbir, yalnız bir beynəlxalq
qurumun toplantısı deyil, həm də Azərbaycanın yeni dövrdə oynadığı aparıcı rolu
təsdiqləyən simvolik bir addım idi. Prezident İlham Əliyev çıxışının sonunda səsləndirdiyi
fikirlərlə bu məqamı belə ifadə etdi: “Azərbaycan inkişaf edir, qüdrətlənir və
regionda sülh, əməkdaşlıq və tərəqqi üçün çalışmaqda davam edəcək. Xankəndidə
keçirilən bu Zirvə, məhz bu məqsədin rəmzidir.”
Bu
çıxış həm Azərbaycanın daxili siyasi iradəsini, həm də xarici siyasətdəki
prinsipial mövqeyini əks etdirən sənəd kimi tarixə düşdü. Azərbaycanın regional
liderlik potensialı, beynəlxalq institutlarla əməkdaşlıqda ardıcıllığı və
müasir idarəetmə fəlsəfəsi bu Zirvə vasitəsilə bir daha bütün dünyaya nümayiş
etdirildi.
Hökmalı Mirzəyev,
YAP Hacıqabul rayon təşkilatının sədr
müavini.
Digər xəbərlər



