Ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir.

Məlumdur ki, avqust ayının
1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu əlamətdar
gün, Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən
təsis edilib. Ulu Öndər Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin
ölkəmizdə 2001-ci ilin avqust ayında bütövlükdə təmin edildiyini və yeni əlifbadan
istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin
tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.
Sovet dövründə yaranmış əngəllərə
baxmayaraq, sarsılmaz təməlləri olan Azərbaycan dili mövcudluğunu qoruya bilib.
1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının tərkibində müstəqil Dilçilik
İnstitutunun yaranması dilçiliyimizin bir elm kimi inkişafına ciddi təkan
verib. Sonrakı illərdə Azərbaycan dilinin mövcud təhlükələrdən qorunması və gələcək
nəsillər üçün mühafizə edilməsi istiqamətində Ulu Öndər Heydər Əliyevin xidmətlərini
şübhəsiz ki, xüsusi olaraq qeyd etmək lazımdır. 1977-ci ildə SSRİ-nin yeni
Konstitusiyası təsdiq edilən zaman oraya dövlət dili haqqında maddənin
salınmaması ilə heç cür barışmayan Ümummilli Lider bu məsələdə sonadək öz
prinsipial mövqeyini göstərib. 1978-ci il aprel ayının 2-də doqquzuncu çağırış
Ali Sovetin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi
və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə
ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təkidi ilə 73-cü maddəni yeni dəyişikliklə
vermək qərara alınır. Bu dəyişiklik Azərbaycan Sovet Sosialist Respublikasının
dövlət dilinin Azərbaycan dili olduğunu əks etdirir. Bütün çətinliklərə
baxmayaraq, Ümummilli Liderin bu cür tarixi qərara nail olması mənəvi
varlığımızın əsası sayılan dilimizin inkişafında böyük addım olub.
Azərbaycan dilinin
qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi
istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir. Ulu
Öndər Heydər Əliyevin 2001-ci il iyul ayının 18-də imzaladığı “Dövlət dilinin tətbiqi
işinin təkmilləşdirilməsi haqqında”, həmin il avqust ayının 9-da imzaladığı “Azərbaycan
əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanlar ana
dilimizin qorunması, inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdəndir.
2003-cü il yanvar ayının 2-də isə, Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə
"Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan
Respublikasının Qanunu qüvvəyə minib. Qanunda dövlətin ana dilinə qayğısı
istiqamətində əsas vəzifələr dəqiq göstərilib.
Bütün maneələrə və çətinliklərə
baxmayaraq ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin
siyasi xətti, ölkə Prezidenti, cənab İlham Əliyev tərəfindən inamla davam
etdirilir. Dövlət başçısının 2004-cü il yanvar ayının 12-də imzaladığı “Azərbaycan
dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı
ilə hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin
siyahısı hazırlanır. Bundan başqa, həmin il yanvar ayının 14-də “Azərbaycan
Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də, 2007-ci il dekabr ayının
30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə
tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarla ana
dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib. Müasir
dövrün tələblərini və reallıqlarını nəzərə alan ölkə Prezidentinin “Azərbaycan
dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə, ölkədə
dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı
ilə təsdiq etməsi, milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin
saflığının, zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Dövlət
Proqramının məqsədi 2013-2020-ci illər ərzində Azərbaycan dilinin istifadəsinə
və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində
zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının
yaxşılaşdırılmasıdır. Sənəd eyni zamanda, dilçiliyin aparıcı istiqamətlərində
fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin
birləşdirilməsini, həmçinin, dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə
əlaqələndirilməsini nəzərdə tutur. Dövlətimizin başçısının “Azərbaycan dilinin
saflığının qorunması, eləcə də, dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanı təməli Ulu
Öndər Heydər Əliyev tərəfindən qoyulan və ana dilimizin inkişafına yönəlmiş məqsədyönlü
dil siyasətinin uğurlu davamıdır.
Gülrux
Nağıyeva,
YAP Neftçala
rayon təşkilatı
Ərazi partiya təşkilatının
sədr müavini
Digər xəbərlər



