Azərbaycan ləyaqətli ölkədir, güclü ölkədir, heç kimə məsləhət görümürük ki, nə vaxtsa bizə qarşı hansısa bəd əməllər haqqında düşünsün.

Avqustun
21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım
Mehriban Əliyeva Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi
və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə
görüşüblər.
Görüşdə çıxış
edən dövlətimizin başçısı bildirib ki, bu gün tarixi bir gündür. Biz ədaləti
bərpa etdik, haqqımızı bərpa etdik və bugünkü tədbir bir daha onu göstərir ki,
Azərbaycan xalqı iradəli və öz doğma torpağına bağlı xalqdır. Bu gün, o
cümlədən ona görə tarixi bir gündür ki, ölkəmizin ən böyük rayonu olan Kəlbəcər
və onun şəhəri artıq canlanır, buraya həyat qayıdır və əminəm ki, siz burada
rahat yaşayacaqsınız.
Prezident
İlham Əliyev qeyd edib ki, Kəlbəcərin 1993-cü il aprelin əvvəlində işğal altına
düşməsi məhz ovaxtkı xəyanətkar rəhbərliyin bəd əməllərinin nəticəsi olmuşdur.
Ondan sonrakı dövrü hamımız yaxşı xatırlayırıq. Uzun sürən danışıqlar heç bir
nəticə verməmişdi, verə də bilməzdi. Məhz buna görə münaqişə sülh yolu ilə həll
olunmadı. Əgər Ermənistana qarşı o vaxt ciddi sanksiyalar tətbiq edilsəydi,
əgər işğalçı dövlət böyük dövlətlər tərəfindən cəzalandırılsaydı, əlbəttə ki,
Ermənistan bizim torpaqlarımızı sülh yolu ilə qaytara bilərdi və əminəm ki,
qaytaracaqdı. Sadəcə olaraq, onlara qarşı zərrə qədər təzyiq göstərilmədi,
əksinə, onlar üçün bütün imkanlar açılmışdı. Bəzi ölkələr onlara milyardlarla
dollar dəyərində pulsuz silahlar verirdi. İkinci Qarabağ müharibəsi və
antiterror əməliyyatı nəticəsində məhv etdiyimiz və hərbi qənimət kimi
götürdüyümüz Ermənistan ordusuna xaricdən verilən silahların qiyməti təqribən
5-6 milyard dollar dəyərindədir. Təbii ki, Ermənistanın bu qədər silah almaq
üçün pulu yox idi. Bütün bu silahlar onlara pulsuz verilirdi, bir məqsədlə ki,
işğal davam etsin, azərbaycanlılar heç vaxt öz dədə-baba torpaqlarına
qayıtmasınlar, Ermənistanla Azərbaycan arasında bu münaqişə sülh yolu ilə həll
olunmasın. Mən bunu dəfələrlə demişəm və bu, tam həqiqətdir. Mən 2003-cü ildən
2020-ci ilə qədər bu danışıqlarda iştirak etməyə məcbur idim. Bu məsələni həll
etmək mandatı olan ölkələr faktiki olaraq işğalı əbədi etmək istəyirdilər. Biri
silahlar, biri siyasi dəstək, biri isə digər imtiyazlar verirdi. Məhz buna görə
məsələ öz həllini tapmırdı. Kiməsə elə gələ bilərdi ki, Azərbaycan xalqı
bununla barışacaq, halbuki mən dəfələrlə demişdim ki, biz bu məsələ ilə heç
vaxt barışmayacağıq. Biz hər gün, hər saat bu müqəddəs Zəfər günümüzü
yaxınlaşdırırdıq. Güclü iqtisadiyyat qurduq, beynəlxalq müstəvidə Ermənistanı
işğalçı dövlət kimi ifşa etdik. Bir çox aparıcı beynəlxalq təşkilatlar bizim
səylərimiz nəticəsində mövqeyimizi qəbul etməyə məcbur olmuşdur. Güclü ordu
yaratdıq, ən müasir silahlar aldıq və gənc nəsil yetişdirdik. O gənc nəsil ki,
Vətən müharibəsində sinəsini qabağa verib torpaqlarımızı düşməndən azad etdi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz bu Zəfərə görə onlara, onlar kimi
10 minlərlə Azərbaycan əsgər və zabitinə borcluyuq.Azərbaycan dövləti və
Azərbaycan xalqı bir yumruq kimi birləşdi və biz Ermənistanı cəmi 44 gün
ərzində kapitulyasiya aktını imzalamağa məcbur etdik.
44 günlük
Vətən müharibəsi şanlı tariximizdir. Biz hər gün
irəli gedirdik. Bir dənə də olsun döyüş meydanını tərk edən olmamışdır.
Azərbaycan xalqı ən yüksək beynəlxalq müstəvidə öz böyüklüyünü bir daha
göstərmişdir. Həm Vətən müharibəsi, həm antiterror əməliyyatı nəticəsində
yaratdığımız yeni reallıqlar dünya tərəfindən qəbul edildi. Bizim kifayət qədər
güclü tərəfdaşlarımız var və beynəlxalq təşkilatlar çərçivəsində mövqeyimiz hər
zaman ədalətli mövqe kimi qəbul olunub. Dünya birliyi, beynəlxalq aləm bizim
Qələbəmizi və yeni reallıqları tam qəbul etmişdir və bu da özlüyündə tarixi
hadisədir.
Əminəm ki, bütün
bu amillər imkan verəcək ki, üstünlük hər zaman bizdə olsun. Bu gün bunu yenə
də deyirəm, biz qalib xalq kimi bəyan edirik. Biz o pisliyi, vəhşiliyi
unutmayacağıq. Ancaq biz bundan sonra heç kimlə müharibə aparmaq fikrində
deyilik. Əgər bizə qarşı hər hansı bir təhlükə çıxarsa, onda yenə də bizim
“dəmir yumruğ”umuzu hər kəs görəcək. Bu gün bu gözəl binaların ətrafında bizim
görüşümüz də çox böyük rəmzi məna daşıyır. Onlar buranı dağıdıblar, biz isə
qurub-yaratmışıq və sizi bu münasibətlə bir daha təbrik edirəm. Rahat yaşayın,
sizə cansağlığı, xoşbəxtlik arzulayıram.
Zülfəli
Muradov,
YAP Neftçala
rayon təşkilatı
Ərazi partiya
təşkilatının sədri
Digər xəbərlər



