Tarixi ədalətin təntənəsi

2025-08-26 Baxış: 120
img

Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.

1992-ci ilin may ayından ermənilərin işğalı altında olan Laçının azad edilməsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün oldu. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun parlaq qələbəsi ilə başa çatdı, işğalçılardan təmizlənən şəhər və kəndlərimizdə, qəsəbələrimizdə üçrəngli şanlı bayrağımız ucaldıldı. İşğalçı erməni silahlı birləşmələri ordumuzun dəfedilməz hücumu qarşısında tab gətirə bilməyərək xeyli itki ilə geri çəkildi.  Düşmənin minlərlə canlı qüvvəsi, hərbi texnikası məhv edildi. Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan Ordusu qarşısında müqavimət göstərməyin faydasız olduğunu anlayaraq kapitulyasiya sənədinə imza atmağa məcbur oldu. Bununla da 28 il işğal altında olan Laçın rayonu dekabrın 1-də qəsbkarlardan azad edildi, həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil oldu və orada üçrəngli şanlı bayrağımız ucaldıldı.

1 dekabr 2020-ci il tarixində, erməni işğalı altında olan  Laçın rayonu dinc yolla öz əsl sahibinə qaytarıldı. Qürur hissi ilə qeyd olunmalıdır  ki, yenilməz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə iyirmi səkkiz illik erməni işğalından azad olunan Laçın rayonunda yenidən üçrəngli şanlı Azərbaycan Bayrağı dalğalandı. Azərbaycanın ən böyük rayonlarından biri olan Laçının şəhid verilmədən erməni işğalından azad edilməsi  ölkəmizin ictimai-siyasi həyatında möhtəşəm və parlaq tarixi hadisə  kimi bütün dünya Azərbaycanlıları tərəfindən sevinclə qarşılandı.Hazırda Laçında bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur qurulur, rayon dirçəldilir. Rayon ərazisində yolların tikintisi, bütün infrastrukturun bərpası istiqaməti üzrə müvafiq işlər davam etdirilir. Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək məqsədiləAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən hər il avqust ayının 26-sı “Laçın şəhəri günü” kimi qeyd edilir.

Laçın şəhəri bu gün öz küllərindən yenidən doğulur.Bu gün Laçına yenidən qovuşmaq istəyən,lakin həmin günü görmədən dünyasını dəyişən laçınlıların və Laçın uğrunda canlarını fəda edən şəhidlərimizin ruhu şaddır.  

Anarə Mustafayeva,

YAP Neftçala rayon təşkilatının fəal üzvü