Laçınlılar abad və gülüstan Laçında yaşamaqdan qürur duyurlar.

Laçın
rayonu Azərbaycanın Ermənistanla sərhəddə yerləşən və keçmiş Dağlıq
Qarabağ Muxtar Vilayətinə bitişik strateji ərazi vahidi sayılırdı. Məhz Laçının
1992-ci ilin 17 may tarixində işğal olunması ilə faktiki olaraq işğalçı Ermənistan
və Qarabağdakı separatçılar arasında birbaşa əlaqə qurulmuş, sonrakı işğalların
önü açılmışdı. Rayon 1930-cu il avqustun 8-də təşkil edilib. Mərkəzi Laçın şəhəridir.
1 şəhər, 1 qəsəbə, 125 kənddən ibarət olan rayonunun ümumi sahəsi 1835 kvadrat
kilometrdir. Təbii iqlimi əsrarəngiz olan Laçın rayonu 72 min hektar
yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir. Laçın rayonu
işğala məruz qalarkən 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin
düşüb, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət,
30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta
texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri
işğalçılar tərəfindən talan və məhv edilib. Həmçinin işğal zamanı erməni
talançıları 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidəni vandalizmə məruz
qoyub.
Erməni
barbarlığı təkcə torpaqların işğalı ilə bitməmiş, Cenevrə konvensiyasının tələbləri
kobud şəkildə pozularaq işğal olunan ərazilərin coğrafi adlarının dəyişdirilməsi,
təbii ehtiyatların talan və müsadirə yolu ilə özgəninkiləşdirilməsi, həmçinin
qeyri region ölkələrindən erməni əsilli qaçqınları bura köçürərək məqsədyönlü
məskunlaşma siyasəti ilə mənfur planlar davam etdirilmişdir.
30
ildən artıq içimizi göynədən vətən həsrəti 44 günlük müharibədə əldə etdiyimiz
möhtəşəm Qələbə nəticəsində 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonunun Azərbaycana
təhvil verilməsi, 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndlərinin
nəzarətə götürülməsi ilə başa çatdı. Ali Baş Komandan rəhbərliyində şanlı Azərbaycan
ordusu erməni qoşunlarını darmadağın edərək yerdə qalan tör-töküntülərini bu ərazilərdən
birdəfəlik olaraq çıxartmağa nail oldu. Göstərdikləri şücaət və qəhrəmanlıq ilə
Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında
iştirak edən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8418 hərbi
qulluqçusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə “Laçının
azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Artıq
Laçın rayonu Azərbaycanın digər bölgələri kimi inkişaf və çiçəklənmə dövrünü
yaşayır. Bu ərazidə əhalinin elektrik enerjisinə təlabatını ödəyəcək bir neçə
elektrik stansiyası işə salınıb. Müasir yol infrastrukturu inşa edilir. Tunel və
körpülər tikilməkdədir. Laçında hava limanının inşası bölgənin beynəlxalq
statusunu artıracaq əsas amillərdən biri olacaqdır. 2021-ci ildə təməli qoyulan
Laçın Beynəlxalq Hava Limanının 2025-ci ildə istifadəyə verildi. Hava limanı
postsovet məkanında ən yüksək dağlıq ərazidə yerləşən hava limanlarından biri
kimi strateji təyinatı olmaqla yanaşı, gələcəkdə regionun turizm potensialının
inkişafına imkan verəcək. Hal-hazırda Laçın rayonu ərazisində geniş tikinti
quruculuq işləri davam etdirilir. İşğaldan azad olunduqdan sonra Laçında
700-dən artıq bina inşa edilib, Azərbaycan Prezidentinin Sərəncamı ilə Laçın
rayonunun 176 şagird yerlik Zabux kənd tam orta məktəbi binasının layihələndirilməsi,
əsaslı təmiri və bərpası aparılır. Laçında həmçinin hotel və mehmanxana
kompleksi inşası davam etdirilir. İstehsal müəssisələrinin yaradılması ilə
paralel şəkildə Laçın rayonunun sənaye zonasında mebel fabriki yaradılır.
Fabrikin illik istehsal gücü 3 min kubmetrdir. Burada Avropa ölkələrinin,
Türkiyə və Çinin istehsalı olan avadanlıqlardan, Türkiyə və Rusiyadan alınan
xammaldan istifadə olunacaq. İstehsal sahələrində ümumilikdə 100 nəfərin işlə təmin
olunması nəzərdə tutulub. Laçın şəhərində yaradılan Aqro və Sənaye Parkında
ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcəkdir. Laçın şəhərində əhalinin
istirahətinin səmərəli təşkili istiqamətində də tədbirlər həyata keçirilir. Belə
ki, Həkəri çayında yaradılan astana və göl ilə yanaşı şəhərin giriş hissəsində
salınan çaykənarı bulvar turistlərin rahatlığına xidmət edəcəkdir. Prezident
İlham Əliyev Laçında aparılan abadlıq-quruculuq işlərinə dair demişdir: « Biz
öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki,
Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa,
bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər
şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də
Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə
olsun.
Onu
da bildirməliyəm ki, azad edilmiş torpaqlarda yaradılmaqda olan bütün şəhər və
kəndlərimiz təxminən bax bu səviyyədədir. Dünən Kəlbəcər və Laçın rayonlarında
yeni yaradılan və yaxın gələcəkdə istifadəyə veriləcək kəndlərin təməlqoyma mərasimlərində
iştirak etmişəm. Yəni, azad edilmiş bütün ərazilərdə geniş quruculuq işləri
aparılır. Yəni, bu, bir daha onu göstərir ki, biz - o torpaqların sahibləri gəlmişik
qurmaq üçün, yaratmaq üçün.»
2023-cü
ilin 28 may tarixində, Müstəqillik Günündə laçınlıların doğma torpaqlarına
qayıdışına start verilib. Laçın şəhərində dövlətimizin başçısının göstərişi əsasında
bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşma üçün bütün şərait
yaradılıb. Qısa müddət ərzində Dövlət Proqramına əsasında Laçın şəhərində 534
ailə olmaqla təqribən 1971 nəfərin daimi məskunlaşması təmin edilib. Laçın şəhəri
ilə yanaşı rayonun ümumi sahəsi 81 hektar olan Zabux kəndinə 217 ailə olmaqla
823 nəfərin daimi məskunlaşması həyata keçirilib.
Ali
Baş Komandan İlham Əliyev Laçın rayonuna dəfələrlə səfər edərək bir sıra yeni təməlqoyma
və açılış mərasimlərində iştirak edib. Dövlət başçısının 31 iyul 2023-cü il
tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri
üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 26 avqust Laçın
şəhəri günü kimi müəyyən olub. Laçın şəhərinin azad edilməsi günü ilə əlaqədar
ölkəmizdə xüsusi tədbirlər keçirilir, rəsmi mərasimlər təşkil olunur.
İsmayıl
İbrahimov,
YAP
Hacıqabul rayon təşkilatının sədri
Digər xəbərlər



