26 Avqust əzəmətli məkanımız, Laçın şəhəri günüdür.

2022-ci
il avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali
Baş Komandanı İlham Əliyev bütün Azərbaycan xalqını sevindirdi: “Bu gün,
avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan
Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün
laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın!
Yaşasın Azərbaycan!”.
Laçının
işğaldan azad edilməsi Azərbaycanın hərbi və diplomatik qələbəsidir. Laçın
özünün yeni dövrünə qədəm qoyub. Otuz ilə yaxın dövrdə erməni vandalizminə məruz
qalan Laçın özünün yeni dövrünə qədəm qoyub. İşğaldan azad olunmuş ərazilərimizin
inkişafını daim xüsusi diqqətdə saxlayan Prezident İlham Əliyev Laçın rayonuna
səfərlər edib. Bəli, Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri
yüksək zövq və keyfiyyətlə aparılır. Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş
şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı
sahəsi olan fərdi evlərə üstünlük verilib. Bununla yanaşı, çoxfunksiyalı
zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif
edilir. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial
Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət
və turizm obyektləri də yaradılacaq.
Planlaşdırmada
tətbiq edilmiş “15 dəqiqəlik şəhər” prinsipi isə yaşayış məhəllələrinin, gündəlik
tələbat obyektlərinin yaxın məsafədə olmasını və aşağı sürətli yol
infrastrukturunun təşkilini nəzərdə tutaraq sakinlərin və qonaqların şəhər
daxilində rahat hərəkətini təmin edəcək. Laçın şəhərində əhalinin istirahətinin
səmərəli təşkili istiqamətində də tədbirlər həyata keçirilir. Şəhərin giriş hissəsindəki
körpünün sol istiqamətində salınan çaykənarı bulvar Laçın sakinlərinin və bura
gələn qonaqların sevimli istirahət məkanlarından olacaq. Artıq Həkəri çayında
astana və göl yaradılıb. Gölün üzərində asma körpü inşa edilib, ətrafında
yaşıllıqlar salınıb, kotteclər tikilib. Burada çimərlik də fəaliyyət göstərəcək.
İnsanların rahat istirahət etməsi üçün çimərliyin ətrafında əyləncə mərkəzinin
yaradılması nəzərdə tutulub.
Laçın
şəhərində istehsalat, xidmət və tədris müəssisələrinin yaradılması, əhalinin məşğulluğun
təmin edilməsi də diqqət mərkəzində saxlanılır. Əhalinin məşğulluğunun təşkili
rayonun tarixi ənənələrinə əsaslanır. Belə ki, yaxın gələcəkdə burada ekoloji və
səmərəli kənd təsərrüfatı, tikinti, yüngül və qida sənayesi, balıqçılıq,
tingçilik və digər sosial xidmət sahələrinin inkişafı nəzərdə tutulur. Laçın şəhərində
yaradılan Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək.
Burada həm iri, həm də kiçik mebel fabrikləri, yüngül materiallardan ev və digər
konstruksiyalar hazırlayan müəssisə, balıq təsərrüfatı, yeyinti sənayesi,
yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, xırdabuynuzlu
heyvanlar üzrə elmi-təcrübə mərkəzi yaradılacaq. Xatırladaq ki, dövlətimizin
başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Laçın şəhərinin
işğaldan azad edildiyi 26 avqust tarixi Laçın şəhəri günü kimi qeyd olunur. Bu
gün laçınlılar Laçın şəhəri gününü 30 il həsrətində olduqları doğma evlərində
qürur və sevinc hissi ilə qeyd edirlər.
Maya
Qənbərova,
Hacıqabul
Tarix Diyarşünaslıq Muzeyinin kiçik elmi işçisi, YAP fəalı.
Digər xəbərlər



