Bu gün biz həm Şuşada, həm Laçında toy-bayram edirik.

2025-08-26 Baxış: 77
img

Prezident İlham Əliyevin 26 avqust Laçın şəhəri günü ilə əlaqədar çıxışından:

Bildiyiniz kimi, azad edilmiş ərazilərdə bir müddət bundan əvvəl mənim Sərəncamımla şəhər günlərinin keçirilməsi haqqında qərar qəbul olunmuşdur, Şəhər günləri təsis edilmişdir. Şəhər günləri şəhərlərimizin azad edilməsi günləridir. Laçın şəhəri isə 26 avqust tarixində tamamilə azad edilmişdir.İkinci Qarabağ müharibəsi nəticəsində dekabrın 1-də Laçın rayonu işğaldan azad edildi, ancaq Laçın şəhəri və iki kənd – Zabux və Sus kəndləri bizim nəzarətimizdə deyildi. Ona görə ki, keçmiş Laçın dəhlizi bu şəhərdən, bu kəndlərdən keçirdi. Biz qısa müddət ərzində yeni yol çəkərək həm Laçına, həm də Zabux və Sus kəndlərinə qayıtdıq və bu gün səhər zabuxlularla mənim görüşüm olub. Onlar dünən axşam uzun fasilədən sonra – 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. Laçınlılar isə mayın 28-dən etibarən artıq buradadırlar. Mayın 28-də - Müstəqillik Günündə mən birinci qrup laçınlılara onların evlərinin açarlarını təqdim etdim və beləliklə, Laçının dirçəliş dövrü başlamışdır. O vaxtdan bu günə qədər 1000-ə yaxın Laçın sakini şəhərdə məskunlaşmış və ilin sonuna qədər 900 ailə üçün evlər hazır olacaq. Yəni, bu ilin sonuna qədər bir neçə min həm şəhər sakini, həm kənd sakini Laçında yaşayacaq. Bu, böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyi bizə bəxş edən bizim müzəffər Silahlı Qüvvələrimizdir. Fürsətdən istifadə edərək bütün şəhidlərimizin əziz xatirəsini hörmətlə yad edir, onlara Allahdan rəhmət diləyirik. Onların qanı-canı bahasına, qəhrəman övladlarımızın şücaəti hesabına bu gün biz buradayıq, bu gün biz doğma torpağımızda bayram şənlikləri keçiririk. Bundan böyük xoşbəxtlik ola bilməz.Laçının işğala məruz qalması böyük faciə idi, həm laçınlılar üçün, həm bütün Azərbaycan xalqı üçün. Hər bir kəndin, şəhərin işğala məruz qalması böyük faciə idi, amma Laçının işğalı strateji nöqteyi-nəzərindən böyük bir sınaq idi, böyük bir fəlakət idi. Çünki beləliklə, Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılırdı və bizim sonrakı itkilərimizin başlanğıcı məhz Şuşa və Laçının itirilməsi idi. May ayı müstəqil Azərbaycanın tarixində bu iki faciəvi günlə əlaqəli idi. Yəni, bizim müstəqil həyatımızda may ayı faciəli bir ay idi - çünki 8 mayda Şuşa, 18 mayda Laçın işğal edildi. İşğal bizi içəridən sarsıdırdı və bu işğal digər torpaqlarımızın işğal altına düşməsinin başlanğıcı idi. Çünki birinci Şuşa, ondan sonra Laçın işğal olunmuşdur.

Bu gün biz həm Şuşada, həm Laçında toy-bayram edirik, həm də sakinlər qayıdıb, həyat qayıdıb.

 

 

            Şəhla Salmanova,

            Hacıqabul rayon Mərkəzi Kitabxanasının əməkdaşı, YAP fəalı.