26 avqust Laçın şəhəri günüdür.

Azərbaycanın
dilbər guşələrindən olan Laçın şəhərinin işğaldan azad edilməsindən üç il ötür.
2022-ci il avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyev bütün Azərbaycan xalqını sevindirdi: “Bu gün,
avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan
Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün
laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın!
Yaşasın Azərbaycan!”.
1930-cu
il avqustun 8-də təşkil edilən Laçın rayonunun mərkəzi Laçın şəhəridir. 1923-cü
ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusu alıb.
Böyük strateji əhəmiyyətə malik Laçın rayonu (1 şəhər, 1 qəsəbə və 125 kənd)
1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.
İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq
hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət,
101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə,
5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat
və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv
edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz
qalıb.
Ermənistan
işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini
kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun
təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən,
Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla, məqsədyönlü məskunlaşma siyasəti
apararaq, demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə məşğul
olub. Belə əməllər bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit
edilir və bu cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş verib.
2020-ci
ilin sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən ikinci
Qarabağ müharibəsində 30 illik işğala son qoyuldu. Azərbaycan Prezidentinin
diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Ordumuzun şanlı Zəfəri
Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan
Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı birgə bəyanata
əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu Ermənistan ordusu tərəfindən
boşaldıldı. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbird, Səfiyan və
Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad
edilmişdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri
nəzarətə götürüldü. Laçının işğaldan azad edilməsini Azərbaycanın hərbi və
diplomatik qələbəsidir.
Otuz
ilə yaxın dövrdə erməni vandalizminə məruz qalan Laçın özünün yeni dövrünə qədəm
qoyub. İşğaldan azad olunmuş ərazilərimizin inkişafını daim xüsusi diqqətdə
saxlayan Prezident İlham Əliyev Laçın rayonuna bir neçə dəfə səfər edib. Bu səfərlər
zamanı dövlətimizin başçısı Güləbird Su Elektrik Stansiyasının, “Qorçu” və
“Laçın” şəhər yarımstansiyalarının, Laçın şəhərində 1 Dekabr, Heydər Əliyev, Zəfər
və 28 May, Xosrov bəy Sultanov və Zəngəzur küçələrinin kəsişmələrindəki lövhələrin
açılışını edib, Laçın Beynəlxalq Hava Limanının, Kəlbəcər-Laçın avtomobil yolu
üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin, 110/35/10 kV-luq “Laçın”
Qovşaq Yarımstansiyasının, Qorçu qəsəbəsinin və Şəlvə kəndinin, Laçın şəhərində
ilk çoxmənzilli yaşayış məhəlləsinin, İşğal və Zəfər Muzeyi Kompleksinin təməlini
qoyub, rayonda həyata keçirilən layihələrin, aparılan quruculuq işlərinin
gedişi ilə tanış olub. Prezident İlham Əliyev mayın 28-də Laçına növbəti səfəri
zamanı aparılan quruculuq işlərindən bəhs edərək deyib: “Biz öz doğma
torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi
Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur.
Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə
yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin
müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”.
Bəli,
Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə
aparılır. Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən
mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi
evlərə üstünlük verilib. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər
yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir. Şəhərdə xəstəxana,
İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta
təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də
yaradılacaq. Planlaşdırmada tətbiq edilmiş “15 dəqiqəlik şəhər” prinsipi isə
yaşayış məhəllələrinin, gündəlik tələbat obyektlərinin yaxın məsafədə olmasını
və aşağı sürətli yol infrastrukturunun təşkilini nəzərdə tutaraq sakinlərin və
qonaqların şəhər daxilində rahat hərəkətini təmin edəcək.
Təranə Ağayeva,
Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin
əməkdaşı, YAP fəalı.
Digər xəbərlər



