LAÇINDA GENİŞMİQYASLI QURUCULUQ İŞLƏRİ.

Dövlətimizin
başçısı cənab İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən
Laçın şəhərinin işğaldan azad edildiyi 26 avqust tarixi Laçın şəhəri günü kimi
qeyd olunur. Bu gün laçınlılar Laçın şəhəri gününü 30 il həsrətində olduqları
doğma evlərində qürur və sevinc hissi ilə qeyd edirlər.
Şərqi
Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın həm ərazi baxımından, həm də təbii
ehtiyatları və aqrar potensialı ilə ölkə iqtisadiyyatında mühüm yerlərdən birini
tutur. Azərbaycanın işğaldan azad edilmiş bütün ərazilərində, o cümlədən,
Laçında bərpa-quruculuq, tikinti işləri sürətlə davam etdirilir. Dövlət başçısı
azad olunmuş ərazilərə, eyni zamanda Laçına mütamadi səfərləri zamanı görülmüş
işlərlə yerindəcə tanış olur, öz tapşırıqlarını və tövsiyələrini verir. Laçın
rayonu 28 il Ermənistanın işğalı altında olub, bu müddət ərzində digər ərazilərimiz
kimi, Laçının da demək olar ki, bütün infrastrukturu məhv edilib, ətraf mühitə
böyük ziyan vurulub.
2020-ci
il 10 noyabrda imzalanmış üçtərəfli bəyanata əsasən, dekabrın 1-də Laçın rayonu
döyüşsüz işğaldan azad edildi. Dövlət başçısı bu tarixi hadisə münasibətilə
xalqa müraciətində bildirdi ki, Laçın rayonunun işğaldan azad olunması tarixi
hadisədir: "Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni
buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə
gətirib çıxardı ki, üç rayonumuz - Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı.
Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq".
Laçın
rayonu ölkəmizin ən böyük rayonlarından biridir, ərazisi 1800
kvadratkilometrdir. Rayon zəngin təbiətə, tarixi abidələrə, yeraltı sərvətlərə
malikdir. İşğaldan əvvəl rayonda təqribən 50 mindən bir qədər çox əhali
yaşayıb. İndi Laçın rayonunun əhalisi 80 min nəfərdən çoxdur. Laçın şəhərində
istehsalat, xidmət və tədris müəssisələrinin yaradılması, əhalinin məşğulluğun
təmin edilməsi də diqqət mərkəzində saxlanılır. Əhalinin məşğulluğunun təşkili
rayonun tarixi ənənələrinə əsaslanır. Belə ki, yaxın gələcəkdə burada ekoloji və
səmərəli kənd təsərrüfatı, tikinti, yüngül və qida sənayesi, balıqçılıq,
tingçilik və digər sosial xidmət sahələrinin inkişafı nəzərdə tutulur. Laçın şəhərində
yaradılan Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək.
Burada həm iri, həm də kiçik mebel fabrikləri, yüngül materiallardan ev və digər
konstruksiyalar hazırlayan müəssisə, balıq təsərrüfatı, yeyinti sənayesi,
yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, xırdabuynuzlu heyvanlar
üzrə elmi-təcrübə mərkəzi yaradılacaq. Laçında bərpa və quruculuq işləri
istehsal müəssisələrinin yaradılması ilə paralel şəkildə davam etdirilir. Bu
işlərdən biri də Laçın rayonunun sənaye zonasında yaradılan mebel fabrikidir.
Müəssisədə yataq və qonaq otaqları dəstlərinin, qapıların və digər mebel məhsullarının
istehsalı nəzərdə tutulub. Fabrikin illik istehsal gücü 3 min kubmetrdir.
Burada Avropa ölkələrinin, Türkiyə və Çinin istehsalı olan avadanlıqlardan,
Türkiyə və Rusiyadan alınan xammaldan istifadə olunacaq. İstehsal sahələrində
hazırda 54 nəfər çalışır ki, onların da 42-si Laçın sakinidir. İş həcminə görə
gələcəkdə işçilərin sayının artırılması nəzərdə tutulur. Prefabrik modul evlərin
istehsalı müəssisəsində isə ildə 200 ev hazırlanacaq. Bu evlərin daş evlərdən
üstünlüyü ondan ibarətdir ki, onlar zəlzələyə davamlı və yüksək dayanıqlılıqla
yanaşı, ekoloji cəhətdən təmizdir. Həmçinin uzunömürlü və yanğına davamlı olan
bu evlərin digər bir üstünlüyü isə qiymətinin daha sərfəli olmasıdır. Bu müəssisədə
də 100 nəfər daimi işlə təmin olunub. Xırdabuynuzlu heyvanların saxlanılması məntəqəsinin
illik istehsal gücü 17 min baş heyvan kəsiminə imkan verir. Bu müəssisədə 30 nəfər
işlə təmin olunacaq;
Məcburi
köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Azərbaycan Prezidentinin 2022-ci il
16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət
Proqramı”nın icrasına başlanılıb. Artıq Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər
rayonunun Talış kəndinə və Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı təmin
olunub və bu istiqamətdə işlər davam etdirilir. Bu gün Laçın şəhərinin küçələri
ilə gəzərkən genişmiqyaslı quruculuq işləri ilə yanaşı 30 ildən sonra doğma
yurdlarına qayıtmış laçınlıların çöhrəsində qürur və sevinc ifadəsinin şahidi
olur, yeni həyatın başlandığını göstərən evlərdən, həyətlərdən insanların
danışıq və gülüş səslərini eşidirik.
Aidə
Hüseynova,
Hacıqabul
şəhər 5 saylı tam orta ümumtəhsil məktəbinin director müavini,
YAP
fəalı.
Digər xəbərlər



