Dövlət başçısının Kəlbəcərə hər səfəri yalnız rəsmi tədbir deyil, həm də rayonun inkişafının yeni mərhələsinin başlanğıcı kimi dəyərləndirilir.

2025-ci il
avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad
olunmuş Kəlbəcər rayonuna səfər edib. Bu səfər həm siyasi, həm də
sosial-iqtisadi baxımdan böyük önəm daşıyır. Dövlət başçısının bölgəyə hər bir
səfəri yalnız rəsmi tədbir deyil, həm də Kəlbəcərin inkişafının yeni mərhələsinin
başlanğıcı kimi dəyərləndirilir. Prezident İlham Əliyev çıxışında vurğulayıb
ki, Kəlbəcər Azərbaycanın təbii sərvətləri, zəngin turizm imkanları və strateji
mövqeyi ilə ölkəmizin gələcək inkişafında mühüm yer tutacaq. Bu səfər də məhz
görülən işlərin nəticələrinə nəzər salmaq və qarşıdakı hədəfləri müəyyənləşdirmək
baxımından əlamətdar oldu.
Prezident
İlham Əliyevin çıxışında diqqət çəkilən əsas məsələlərdən biri Kəlbəcərin
strateji mövqeyi ilə bağlı idi. Rayonun həm təbii sərvətləri, həm də coğrafi əhəmiyyəti
Azərbaycan üçün xüsusi dəyərə malikdir. İşğaldan əvvəl də Kəlbəcər bölgəsi ölkənin
ən zəngin təbii su ehtiyatlarına, mineral bulaqlarına və geniş yaylaqlarına görə
seçilirdi. Məhz bu səbəbdən də Kəlbəcərin bərpası və inkişafı dövlətin
prioritet istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyev çıxışında
qeyd etdi ki, Kəlbəcərdə görülən işlər təkcə bir rayonun inkişafı deyil,
bütövlükdə Azərbaycanın iqtisadi gücünün artması deməkdir.
Prezident İlham Əliyevin 2024-cü il sentyabrın
2-də Kəlbəcərə səfəri rayonun gələcək inkişaf yolunda mühüm başlanğıc oldu. Həmin
səfərdə dövlət başçısı bir sıra əlamətdar tədbirlərdə iştirak edərək, bərpa və
quruculuq işlərinə şəxsən rəhbərlik etdi.
O gün
açılışı edilən “Yuxarı Vəng” Su Elektrik Stansiyası Kəlbəcərin və bütövlükdə
Qarabağ bölgəsinin enerji təminatında mühüm rol oynayacaq obyektlərdən biri
kimi dəyərləndirilir. Alternativ enerji layihələrinin reallaşması həm ekoloji
baxımdan, həm də iqtisadi baxımdan ölkəmiz üçün əhəmiyyətlidir.
Prezident İlham Əliyev həmçinin Xudavəng
monastır kompleksinə baxış keçirərək Azərbaycanın zəngin tarixi-mədəni irsinə
dövlət səviyyəsində göstərilən qayğını bir daha nümayiş etdirdi. Bu, həm də ölkəmizin
işğaldan azad edilmiş torpaqlarda mədəni irsi bərpa və qorumaq siyasətinin
bariz nümunəsidir.
Həmin səfərdə
dövlət başçısı Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində
inşa olunan tunellərə və yol hissələrinə baxış keçirib. Bu yolun istifadəyə
verilməsi Kəlbəcərin həm iqtisadi, həm də turizm potensialının açılmasına xidmət
edəcək.
Sosial
infrastruktur sahəsində də mühüm addımlar atılmışdı. Kəlbəcər şəhərində ikinci
yaşayış kompleksinin təməli qoyuldu, inzibati bina və 524 ailəlik yaşayış
kompleksinin tikintisinə başlanıldı. Bütün bunlar köçkünlərin doğma
torpaqlarına qayıdışı üçün yaradılan şəraitin bir hissəsidir.
Təhsil sahəsinə
də diqqət ayrıldı. Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlər və yeni
modul tipli məktəb layihəsi ilə tanışlıq göstərdi ki, rayonun bərpası yalnız
infrastruktur və iqtisadi obyektlərlə məhdudlaşmır, həm də gələcək nəsillərin
savadlı və bilikli yetişməsi üçün şərait yaradılır.
2024-cü
ilin həmin səfərində “İstisu” mineral su zavodunun açılışı, “Zar” və “Toğanalı”
kiçik su elektrik stansiyalarının istifadəyə verilməsi, “İstisu”
yarımstansiyasının açılışı və digər layihələr Kəlbəcərin gələcək iqtisadi
simasını formalaşdırdı.
Ən mühüm məqamlardan
biri də İstisu qəsəbəsinin təməlqoyma mərasimi oldu. Tarixən Azərbaycanın
tanınmış müalicə-istirahət mərkəzi olmuş İstisu, yaxın illərdə regionun turizm
mərkəzinə çevriləcək.
Bir il
sonra – 2025-ci il avqustun 21-də Prezident İlham Əliyevin Kəlbəcərə səfəri isə
artıq görülən işlərin real nəticələrini əks etdirdi. Dövlət başçısı çıxışında
qeyd etdi ki, Böyük Qayıdış proqramı sadəcə layihə deyil, artıq gerçəkləşən
reallıqdır. Köçkünlərin mərhələli şəkildə öz torpaqlarına qayıtması, sosial
infrastrukturun istifadəyə verilməsi və iqtisadi layihələrin ardıcıl həyata
keçirilməsi bu reallığın göstəricisidir.
Prezident
İlham Əliyev vurğuladı ki, yaxın illərdə Kəlbəcər regionu həm Azərbaycanın
enerji təhlükəsizliyinə, həm də iqtisadi inkişafına mühüm töhfələr verəcək.
Burada yeni yaşayış massivləri, müasir kənd təsərrüfatı təsərrüfatları,
alternativ enerji layihələri və turizm mərkəzləri fəaliyyət göstərəcək. Bu isə
təkcə Kəlbəcərin deyil, ümumilikdə Qarabağ və Şərqi Zəngəzurun inkişafına xidmət
edəcək.
Prezident
İlham Əliyevin Kəlbəcərə hər bir səfəri Böyük Qayıdış proqramının uğurla icra
olunduğunu təsdiqləyir. 2024-cü ildə başlanmış layihələr 2025-ci ildə öz real bəhrəsini
verir. Kəlbəcər artıq yeni həyatın rəmzinə çevrilib. Dövlət başçısının dediyi
kimi, Azərbaycan xalqı öz doğma torpaqlarında əbədi yaşayacaq və Kəlbəcərin hər
bir guşəsi müasir, abad və güclü Azərbaycanın simasını əks etdirəcək.
Elmira Kazımova,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri
Digər xəbərlər



