Kəlbəcər azad və firavan yaşayış məskəninə çevrilir.

Müzəffər
Ali Baş Komandan İlham Əliyevin Qarabağa və Şərqi Zəngəzura mütəmadi səfərləri
bərpa-quruculuq işləri ilə tanışlıqla bərabər, yeni sosial obyektlərin açılışı
və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Belə ki, avqustun
21-də Kəlbəcər və Ağdərə rayonlarına səfər çərçivəsində açılışında
və təməlqoyma mərasimlərində iştirak etdiyi, həmçinin görülən işlərlə tanış
olduğu sosial obyektlərin say tərkibinin genişliyi xüsusi diqqət çəkdi.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Toğanalı-Kəlbəcər-İstisu
avtomobil yolunda görülən işlərlə tanış oldular. Dövlətimizin başçısı bu
yolun 13,5-ci kilometrliyində inşa edilmiş və uzunluğu 11,7 kilometr olan
Murovdağ tunelinin texniki açılışını etdi.
Xatırladaq
ki, Prezidentin əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata
keçirilən ən mühüm infrastruktur layihələrindən biri də uzunluğu 82 kilometr
olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yoludur. Bu yolun 56 kilometrini
Toğanalı-Kəlbəcər hissəsi, 26 kilometrini isə Kəlbəcər-İstisu hissəsi təşkil
edir. Avtomobil yolunun 13,5-ci kilometrliyindən Murovdağ silsiləsi başlayır.
Beləliklə, yolun ən mühüm hissəsi Murovdağ silsiləsindən keçir. Burada yüksəklik
1700 metrdən 3250 metrədək artır. Qış fəslində avtomobil yolunun təhlükəsiz
istismarı üçün Murovdağ silsiləsinin altından tunelin tikintisi məqsədəuyğun
hesab edilib. Murovdağ tuneli dünyanın ən uzun avtomobil tunellərindən biridir.
Yəni,
uzunluğuna görə bu tunel dünyada 18-ci, Avropada 5-ci, MDB ölkələri arasında isə
birincidir. Tunel iki gediş və iki gəliş olmaqla 4 hərəkət zolaqlı olacaq.
Tuneldə qazma, həmçinin sağ və sol hissələri birləşdirən 38 keçid tuneli üzrə
işlər artıq başa çatdırılıb. Layihə çərçivəsində Murovdağ tunelindən əlavə
ümumi uzunluğu 2636 metr olan daha dörd tunel də tikilir. Bu tunellərdə əsas
tikinti işləri, o cümlədən qazma, kəmər-beton və digər texniki işlərin çoxu
artıq yekunlaşdırılıb. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində
ümumilikdə işlərin 87 faizi icra olunub. Bu avtomobil yolu Göygöl rayonunun
Toğanalı kəndindən başlayaraq işğaldan azad edilmiş Kəlbəcərdən keçir və məşhur
İstisu istirahət zonasına qədər uzanır. Yol rayon mərkəzi ilə yanaşı, bölgənin
yaşayış məntəqələrinə rahat və təhlükəsiz nəqliyyat əlaqəsini təmin edəcək, kənd
təsərrüfatının, turizmin inkişafına töhfəsini verəcək.
Kəlbəcər
kimi mürəkkəb coğrafi şəraitdə bu cür strateji əhəmiyyətə malik layihənin
icrası bir daha sübut edir ki, ölkəmizin başçısının rəhbərliyi ilə işğaldan
azad olunmuş rayonlarımızın qısa müddətdə bərpası, o cümlədən həmin bölgələrimizdə
müasir yol-nəqliyyat infrastrukturunun yaradılması Azərbaycan dövlətinin diqqət
mərkəzindədir. Ən önəmlisi isə odur ki, Prezident İlham Əliyev və birinci xanım
Mehriban Əliyeva Kəlbəcər şəhərində 4-cü yaşayış kompleksinin təməlqoyma
mərasimində, Kəlbəcər rayonunun Vəng kəndində “AzərEnerji” ASC-nin “Aşağı Vəng”,
“Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyalarının açılışında iştirak
etdilər, Ağdərə rayonunun Kolatağ kəndində fərdi evlərin və infrastrukturun bərpası
sahəsində görülən işlərlə tanış oldular, Ağdərə rayonunun Vəngli kəndində Vəngli
və Kolatağ kəndlərinin sakinləri ilə görüşdülər. Dövlətimizin başçısı Kəlbəcər
şəhər parkının, Kəlbəcər şəhərində 3-cü yaşayış kompleksinin təməlini qoydu,
“Balland – Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışında
iştirak etdi.
Kəlbəcər
şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə
yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşündə dövlət başçısı
İlham Əliyev bir daha diqqəti 30 illik işğal dövrünün reallıqlarına yönəldərək
müxtəlif ölkələr tərəfindən vaxtilə Ermənistana pulsuz silah verilməsinin məqsədini
də açıqladı. Qeyd etdi ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində
məhv etdiyimiz və hərbi qənimət kimi götürdüyümüz Ermənistan ordusuna xaricdən
verilən silahların qiyməti təqribən 5-6 milyard dollar dəyərindədir. Təbii ki,
Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi. Bütün bu silahlar onlara
pulsuz verilirdi, bir məqsədlə ki, işğal davam etsin, bir məqsədlə ki, azərbaycanlılar
heç vaxt öz dədə-baba torpaqlarına qayıtmasınlar, bir məqsədlə ki, Ermənistanla
Azərbaycan arasında bu münaqişə sülh yolu ilə həll olunmasın.
İkinci
Qarabağ müharibəsi və ondan sonra antiterror əməliyyatı ərazi bütövlüyümüzün,
suverenliyimizin tam bərpa edilməsinə gətirib çıxardı, separatçıların kökü kəsildi.
İndi hər yerdə quruculuq, bərpa işləri aparılır. Dövlətimizin başçısı İlham
Əliyev daim çıxışlarında bildirir ki, Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki
Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq. Buranın təbiəti,
gözəl mənzərələri, yaşıllıqlar, bulaqlar müasir və eyni zamanda, ənənəvi
üslubda inşa edilən binalarla tamamlanır. Elə bir gözəl şəhər yaradılır ki, hər
birimiz, hər bir azərbaycanlı bununla fəxr edəcək. Ümumiyyətlə, ilin elə bir
ayı yoxdur ki, dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfəri
olmasın. Bu səfərlərin hər biri Böyük Qayıdış Proqramının icrasının uğurla başa
çatacağına, soydaşlarımızın bütünlüklə öz doğma yurd-yuvalarına qayıdacaqlarına
əminliyi artırır. Əsas hədəf Böyük Qayıdış Proqramının icrasının birinci mərhələsi
başa çatanadək 140 min keçmiş məcburi köçkünü doğma yurd-yuvasına qaytarmaqdır.
Bu fakt ölkəmizin ildən-ilə artan iqtisadi gücünün daha bir göstəricisidir.
Hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə
yanaşı, bu bölgələrdə reallaşdırılan layihələrin icrasında çalışan, həmçinin
ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə
yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye,
energetika müəssisələrində işləyən, ümumilikdə, 50 minə yaxın insan yaşayır.
Bir
sözlə, indi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında gedən
tikinti-quruculuq işləri kesmiş məcburi köçkünlərə firavan həyat bəxş etməklə bərabər,
həm də onlarda dövlətimizə və onun gələcəyinə böyük inam yaradır.
İsmayıl
İbrahimov,
YAP
Hacıqabul rayon təşkilatının sədri
Digər xəbərlər



