Azərbaycanın humanizm nümunəsi

Azərbaycan Respublikasının müasir
tarixində 2020-ci ilin 44 günlük Vətən müharibəsi dönüş nöqtəsi kimi yadda
qaldı. Bu müharibənin nəticəsində Azərbaycan öz ərazi bütövlüyünün böyük
hissəsini bərpa etdi və işğal altındakı torpaqlar azad olundu. Lakin Qarabağ
bölgəsində erməni silahlı dəstələrinin və separatçı rejimin qalıqlarının
mövcudluğu regionda yeni gərginlik ocağı yaratmaqda davam edirdi. Ermənistan
tərəfi üçtərəfli bəyanatın müddəalarına əməl etməyərək, bölgədən silahlı
qüvvələrini tam çıxarmayaraq Azərbaycan torpaqlarında qanunsuz silahlı
birləşmələr saxlayırdı. Bu isə həm Azərbaycanın dövlət təhlükəsizliyi, həm də
regionda sülhün bərqərar olması üçün ciddi maneəyə çevrilmişdi. 2020-ci ilin 10
noyabrında imzalanmış üçtərəfli bəyanata əsasən, Qarabağ ərazisindəki bütün
erməni silahlı dəstələri bölgəni tərk etməli idi. Lakin reallıqda vəziyyət tam
fərqli görünürdü. Ermənistan, əksinə, yeni silahlar gətirir, qanunsuz hərbi
mövqelər qurur, bölgədə separatçı qurumun mövqelərini gücləndirirdi.
Cənab Prezident İlham Əliyevin də
vurğuladığı kimi: “İmzalanmış kapitulyasiya aktından sonra Azərbaycanın Qarabağ
bölgəsində 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və
qeyri-qanuni erməni silahlı dəstələri mövcud idi. Halbuki, üçtərəfli bəyanata əsasən,
Qarabağ ərazisindəki erməni yaraqlıları 3 il əvvəl tərksilah edilməli idilər.
Azərbaycan işğala məruz qalan tərəf olsa da Qarabağda baş verən gərginliyin
aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin
edəcək reinteqrasiya prosesinin normal davam etməsi və məsələnin ikitərəfli
danışıqlar yolu ilə həllini tapması üçün 3 il müddətində əlindən gələni etdi.
Təəssüf ki, Azərbaycanın humanist çağırışlarının əvəzində erməni silahlı
qüvvələri sayını artırmaqla, yeni silahlar alıb, təxribatlar törətməklə məşğul
idilər. Vəziyyət o həddə çatmışdı ki, Qarabağda separatçılar müstəqillik
iddialarından əl çəkmir, özlərinin oyuncaq “prezident”lərini seçir, qondarma
“parlament”ləri adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar verirdilər.”
Bu reallıq göstərirdi ki, bölgədə
davamlı sülhün bərqərar olması yalnız sözlərlə deyil, əməli addımlarla
mümkündür. Azərbaycan hakimiyyəti isə dövlət maraqlarını və vətəndaşlarının
təhlükəsizliyini hər şeydən üstün tutaraq qəti tədbirlər görməli oldu.
2023-cü ilin 19 sentyabrında
Azərbaycan Silahlı Qüvvələri lokal xarakterli antiterror tədbirlərinə başladı.
Əməliyyatın əsas məqsədi bölgədəki qanunsuz erməni silahlı dəstələrinin
zərərsizləşdirilməsi, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi və Azərbaycanın
suveren hüquqlarının tam bərpa olunması idi. Qısa müddət ərzində həyata
keçirilən əməliyyat yüksək peşəkarlıq və dəqiq planlaşdırma ilə icra olundu.
Azərbaycan Ordusu Ermənistan ordusundan fərqli olaraq yalnız hərbi obyektləri,
silah-sursat anbarlarını və qanunsuz mövqeləri hədəf aldı. Əməliyyat zamanı
mülki əhali və yaşayış məntəqələri tam qorundu. Bu, bir daha göstərdi ki,
Azərbaycan dövləti humanist prinsiplərə sadiqdir və heç vaxt dinc sakinləri
hədəf almır. Beləliklə, Ordumuzun keçirdiyi əməliyyat cəmi 24 saata yaxın
davam etdi və separatçı rejim tam kapitulyasiyaya məcbur oldu. Qondarma qurum
rəhbərliyi silahı yerə qoyaraq Azərbaycan hakimiyyətinə tabe olmağa məcbur
qaldı.
Bu qətiyyətli qərarın verilməsində və
əməliyyatın uğurla başa çatmasında Müzəffər Ali Baş Komandan İlham Əliyevin
liderliyi həlledici rol oynadı. Cənab Prezidentin uzaqgörən siyasəti,
prinsipial mövqeyi və qətiyyətli addımları sayəsində Azərbaycan dövlətinin
suverenliyi tam şəkildə təmin olundu. Beynəlxalq aləmdə aparılan ardıcıl
diplomatik siyasət də əməliyyatın uğuruna ciddi təsir göstərdi. Dünya
ictimaiyyəti Azərbaycanın bu addımının tam qanuni, beynəlxalq hüquqa uyğun və
regionda sülhə xidmət edən bir tədbir olduğunu qəbul etdi. Bu hadisə həm də
sübut etdi ki, Azərbaycan xalqı və dövləti heç vaxt qeyri-qanuni silahlı
dəstələrin mövcudluğuna, separatçılığa və ölkənin ərazi bütövlüyünə təhlükə
yaradan hər hansı təhdidə dözməyəcək.
19–20 sentyabr 2023-cü il tarixli
antiterror əməliyyatı Azərbaycan tarixində mühüm bir mərhələdir. Bu əməliyyat
həm hərbi-siyasi, həm də tarixi baxımdan Azərbaycanın suverenliyinin rəmzinə
çevrildi. Cənab Prezident İlham Əliyevin əvəzsiz rolu, dinamik iradəsilə
Azərbaycan yalnız torpaqlarını işğaldan azad etməklə kifayətlənmədi, həm də
regionda sülh və sabitlik üçün yeni reallıq yaratdı. Bu gün Qarabağ artıq
Azərbaycanın suverenliyinin tam təmin olunduğu bir məkandır. Qarşıda duran əsas
prioritet vəzifə isə bölgənin dirçəlişi, əhalinin təhlükəsiz şəkildə öz doğma
yurdlarına qayıdışıdır.
Xəyalə
Hüseynova,
YAP Neftçala
rayon təşkilatı
Ərazi partiya
təşkilatının sədr müavini
Digər xəbərlər



