Azərbaycanın gücü hesabına beynəlxalq hüquq zəfər çaldı.

2025-09-19 Baxış: 47
img

Prezident İlham Əliyev 2023-cü il noyabrın 28-də “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Qarabağ regionunda ali təhsil ənənəsi tarixən mövcud olmuşdur: “Burada ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulmuş, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərmiş, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırmışdır.

İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini meydana çıxarmışdır”. Sərəncama əsasən, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılıb.

Prezidenti İlham Əliyev 2024- cü il  sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib. Sonra dövlətimizin başçısı Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşüb. Prezident çıxışı zamanı bildirmişdir  ki,  düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi.

Qarabağ Universitetində tədris üçün tam şərait yaradılıb. Bütün tədris binaları əsaslı təmir olunub. Əsas tədris binasının fasadı yenilənib, kommunikasiya xətləri quraşdırılıb, tədris və inzibati otaqlar müasir tələblərə cavab verən müvafiq avadanlıqlarla təchiz edilib. Eyni zamanda universitet şəhərciyində tələbələrin və əməkdaşların yaşaması üçün müvafiq binalar ayrılıb. Tələbələrin yaşaması üçün nəzərdə tutulan yataqxana mənzil tipli 5 binadan ibarətdir. Binaların hamısı müasir standartlar səviyyəsində əsaslı təmir olunub. Bütün mənzillər müvafiq avadanlıqlarla təchiz edilib, yaşayış şərtləri müasir kampus konseptinə uyğunlaşdırılıb. Universitet şəhərciyində əməkdaşların və onların ailələrinin yaşaması üçün nəzərdə tutulan 4 binada isə ümumilikdə 186 mənzil mövcuddur. Bütün mənzillər əsaslı təmir olunub və müvafiq avadanlıqlarla təchiz edilib. Hazırda 140-a qədər əməkdaşın və onların ailə üzvlərinin məskunlaşması təmin olunub. Əməkdaşların universitetdə çalışdıqları müddətdə həmin mənzillərdə ödənişsiz əsaslarla yaşaması nəzərdə tutulub.

Prezident İlham Əliyevin Qarabağ Universitetinin açılışında iştirak etməsi bu təhsil ocağının müəllim və tələbə heyəti üçün çox böyük şərəf və qürurdur. Bunu onların dövlətimizin başçısı ilə görüşdəki çıxışlarından da görmək olur. Onların hər biri doğma torpaqlarımızı işğaldan azad etdiyinə və Qarabağ Universitetində tədrisin başlanması üçün yaratdığı imkanlara görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

Rəhim İmanov,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri