2023-cü ilin antiterror əməliyyatı

2023-cü ilin 19-20
sentyabr tarixlərində Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli
antiterror əməliyyatı müasir siyasi və hərbi reallıqlarda dönüş nöqtəsi oldu.
Bu əməliyyat yalnız hərbi qələbə deyil, həm də dövlət suverenliyinin tam
bərpası baxımından tarixi əhəmiyyət daşıyır.
Əvvəla, əməliyyatın başlanmasının səbəbləri özünü
bir neçə istiqamətdə göstərirdi. İkinci Qarabağ müharibəsindən sonra imzalanan
üçtərəfli bəyanatın şərtlərinə əməl olunmur, Ermənistan silahlı qüvvələrinin
qalıqları Azərbaycan ərazisindən çıxarılmır, əksinə, yeni mövqelər qurulur,
silahlanma gücləndirilirdi. Eyni zamanda, təxribatların artması, minaların
basdırılması, sərhəddə silahlı insidentlərin davam etməsi vəziyyəti dözülməz
həddə gətirirdi. Bu addımlar separatizmin davam etdirilməsinə və bölgədə
təhlükəsizlik risklərinin böyüməsinə səbəb olurdu.
Əməliyyatın nəticələri qısa müddətdə özünü
göstərdi. Cəmi 23 saat ərzində Azərbaycan Ordusu yüksək dəqiqlikli zərbələrlə
separatçı qüvvələrin mövqelərini sıradan çıxardı, onların texnika və silah
anbarlarını ələ keçirdi. Ermənistan ordusunun qalıqları tam tərksilah olundu,
separatçılar ağ bayraq qaldırmağa məcbur edildi. Ən mühüm nəticələrdən biri isə
qondarma rejimin ləğvi və bölgədə Azərbaycanın suveren idarəçiliyinin bərpa
olunması oldu.
Əməliyyat həm də siyasi mesaj xarakteri
daşıyırdı. Azərbaycan dünyaya göstərdi ki, ərazi bütövlüyünə qarşı yönələn hər
hansı separatizm cəhdinə güzəşt edilməyəcək. Bununla yanaşı, mülki əhalinin
qorunması, tibbi və humanitar dəstəyin təmin olunması Azərbaycanın humanist
yanaşmasını ön plana çıxardı. Bu, həm beynəlxalq ictimaiyyət, həm də Qarabağda
yaşayan erməni icması üçün mühüm siqnal idi.
Sonrakı mərhələdə separatçı rejimin rəhbərlərinin
həbs olunması, Qarabağda reinteqrasiya prosesinin başlanması, Azərbaycanın
dövlət bayrağının Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə ucaldılması bu
qələbənin siyasi və simvolik dəyərini daha da gücləndirdi. Beləliklə, 2023-cü
ilin antiterror əməliyyatı Azərbaycanın suveren dövlət kimi mövqeyini
möhkəmləndirdi, regionda yeni geosiyasi reallığın əsasını qoydu və uzunmüddətli
sülh üçün yeni şərait yaratdı.
Arif
Bağırov,
YAP
Neftçala rayon təşkilatı
Ərazi
partiya təşkilatının sədri
Digər xəbərlər



