DÖVLƏT SUVERENLİYİ GÜNÜ

Hər
bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf
etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi
çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik,
dövlətçilik əzmini sarsıda bilmədi. Azərbaycan 1991-ci ildə müstəqilliyini elan
etməklə dövlət suverenliyini bərpa etdi, çünki suverenlik hakimiyyətin ali
xüsusiyyətini ifadə edir, sovetlər dövründə isə hakimiyyət ali xüsusiyyətdən məhrum
idi.Suverenliyin müasir dövrdə tam qavranılması ona daha geniş prizmadan
yanaşmanı tələb edir. Suverenliyin klassik mahiyyəti sual altına alınmır.
Bugünkü dövrün reallıqları kontekstində yeni yanaşmalar onun mahiyyətini daha
da gücləndirir. Ermənistanın ölkəmizin ərazilərini işğal etməsi Azərbaycanın müəyyən
ərazisi üzərində daxili suverenliyini, yəni ali hakimiyyətin tətbiqi sferasını
məhdudlaşdırdı. Başqa cür desək, suveren ali hakimiyyətin dövlətin müəyyən ərazisi
daxilində tətbiqinə maneə törətdi. Lakın bu işğal Azərbaycanın beynəlxalq
hüquqi suverenliyinə heç bir təsir göstərmədi. Nəticə etibarilə Azərbaycanın
işğal altında olan Qarabağ bölgəsi bütün işğal dövründə Azərbaycanın suveren ərazisi
olaraq qaldı. Suveren dövlətin ərazisi daxilində mövcudluğuna və davamlılığına əsaslanan
bu prinsip əslində suveren dövlətlər sisteminin mahiyyətindən doğur. Onun inkar
edilməsi beynəlxalq hüquqi suverenliyə ciddi zərbə olardı. Beynəlxalq hüquqi
suverenlik isə Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində tanınmasını
ehtiva edir.Azərbaycanın beynəlxalq hüquqi suverenliyini sual altına qoymadan
onun suveren ali hakimiyyətini və suverenliyin nəzarət funksiyasını məhdudlaşdırırdı.
Azərbaycan qətiyyətli addım ataraq, peşəkarlıqla həyata keçirilən əməliyyat nəticəsində
ötən il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında, Ermənistanla sərhəddə
nəzarət-buraxılış məntəqəsi yaratdı. Həmin nəzarət-buraxılış məntəqəsinin
yaradılması hakimiyyətin aliliyinin və nəzarət funksiyasının yerinə yetirilməsinin
təmin edilməsi demək idi. Bu, Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra
əldə etdiyi növbəti tarixi nailiyyət hesab olunur. Həkəri çayının üzərində
“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması ilə Azərbaycan
bütün beynəlxalq sərhədləri boyunca suveren hakimiyyətini və nəzarətini, başqa
cür desək, ərazi bütövlüyünü təmin etdi.
2023-cü
ilin sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən
genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin
qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə
Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə
antiterror tədbirlərinə başlandı. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də
başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşıya qoyulmuş
bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Bu lokal antiterror tədbirlərinin
sonunda qondarma rejimin özünü buraxması Azərbaycanın beynəlxalq birlik tərəfindən
tanınmış bütün əraziləri üzərində suverenliyini tam təmin etdi. Hakimiyyətin
aliliyi və nəzarət funksiyası tam şəkildə bərpa olundu. Bu, Azərbaycanın dövlət
suverenliyinin təşəkkülündə mühüm bir mərhələ hesab edilir. Müstəqilliyini əldə
etdikdən sonra daim təcavüz və işğala, eləcə də beynəlxalq qurumların təzyiqlərə
məruz qalan Azərbaycan dövlət müstəqilliyinin bütün atributlarını təmin etməyə
nail oldu. Xalqımızın həyatında müstəsna əhəmiyyət kəsb edən bu möhtəşəm Zəfər
sayəsində Azərbaycanın şanlı Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu
bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.
Xüsusilə
onu da qeyd edək ki, Prezident İlham Əliyev bu il sentyabrın 19-da “Azərbaycan
Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncam
imzalayıb. Azərbaycan dövlətinin, xalqımızın tarixində ən parlaq səhifələrdən
biri olan sentyabrın 20-si Sərəncama əsasən hər il ölkəmizdə Dövlət Suverenliyi
Günü kimi qeyd ediləcək. Yaşasın müstəqil və suveren Azərbaycan!
İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri.
Digər xəbərlər



