Böyük Qayıdışın Xocalı səhifəsi

2025-09-19 Baxış: 214
img

33 il Xocalı deyəndə gözlərimiz önündə erməni vandallarının törətdiyi əsrin soyqırımı, yer üzündən silinmiş şəhər, dinc insanların kütləvi qətliamı, yeri-göyü inlədən faciələri canlanırdı...

Bütün bunlara onunla son qoyuldu ki, qisas qiyamətə qalmadı. Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi ilə döyüş meydanlarında qəddar düşməndən yaralı ürəklərin intiqamını aldılar, 30 il yağı tapdağında qalmış torpaqlarımız xilas edildi. Qanlı savaşla alnımızın qara ləkəsi təmizləndi, qəddimiz dikəldi, başımız ucaldı.

Artıq üç ildir ki, Xocalının o ağrılı, dərdli günləri geridə qalıb. İndi yeni doğulmuş körpəyə bənzəyən bu qədim türk yurdunda azad, qayğısız və xoşbəxt gələcəyin möhkəm təməlləri atılır...

Xocalı şəhərinə ilk köç 2024-cü il mayın 27-də həyata keçirilib. Bölgədə yaşayış üçün zəruri infrastruktur qurulub, sosial obyektlər istifadəyə verilib. Məcburi köçkünlərin geri dönüşü mərhələli şəkildə davam etdirilir.

Müxtəlif şəhər və rayonlardakı müvəqqəti məskunlaşma yerlərində yaşayan ümumilikdə 152 nəfər olmaqla 27 ailə ötən il Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Xocalı rayonunun erməni işğalından azad edilmiş Ballıca kəndinə köçürülüblər. Yenidən bərpa edilən kənd su, qaz, elektrik enerjisi ilə təchiz olunub, internet xətti çəkilib.Tibb və polis məntəqələri binaları, 200 şagird yerlik tam orta məktəb və 35 çarpayılıq uşaq bağçası da sakinlərin ixtiyarına verilib.

 

Bu ilin iyul ayında isə Xocalı rayonunun Xanyurdu və Təzəbinə kəndlərinə ilk köç karvanı yola salınıb. İlk mərhələdə Xocalı rayonunun Xanyurdu kəndinə 33 ailə - 122 nəfər, Təzəbinə kəndinə isə 28 ailə, 125 nəfər köçürülüb. Köçürülən ailələr respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

 

Bir neçə gün əvvəl - sentyabrın 11-də Xocalı rayonunun Şuşakənd kəndinə, 12-də Badara kəndinə, 13-də isə Seyidbəyli və Daşbulaq kəndlərinə ilk köç baş tutub. İlk mərhələdə Şuşakənd kəndinə 15 ailədən ibarət 59 keçmiş məcburi köçkün, Badara kəndinə 55 nəfərdən ibarət 14 ailə, Seyidbəyli kəndinə 9 ailə - 30 nəfər, Daşbulaq kəndinə isə 13 ailə - 67 nəfər köçürülüb.  Ailələrə tam təmir olunmuş və müasir tələblərə cavab verən fərdi yaşayış evlərinin açarları təqdim edilib.

30 ildən artıq yurd həsrətindən sonra doğma evlərinə qayıdan Xocalı sakinlərinin sevinclərinin həddi-hüdudu yoxdur. Uzun illər ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış xocalılılar artıq bir neçə aydır ki, doğma yurdda daimi yaşayırlar.

 

Fərqanə Ağalarova,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədr müavini