Antiterror tədbirləri ordumuzun daha bir Zəfər yürüşü idi.

Azərbaycan
Ordusunun 19 sentyabr 2023-cü ildə Qarabağda həyata keçirdiyi lokal xarakterli
antiterror əməliyyatları, Ermənistan ordusunun qalıqlarına və separatçılara
ciddi zərbələr vuraraq, onların müqavimətini qırdı. Bu, yalnız hərbi sahədə
deyil, həm də Azərbaycanın diplomatik və strateji cəhətdən güclü mövqeyinin
göstəricisi idi. Əməliyyatlar təxminən 24 saatdan az davam etdi və Ermənistan
qüvvələri ciddi itkilər verərək təslim oldular. Bununla da Qarabağda erməni
separatizminə son qoyuldu və Azərbaycan ərazi bütövlüyünü tam şəkildə təmin
etdi.
İkinci
Qarabağ müharibəsindən sonra, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat
imzalandı və regionda yeni reallıqlar yarandı. Bu bəyanata əsasən Ermənistan
silahlı qüvvələri Qarabağdan çıxarılmalı idi, lakin Ermənistan bu tələblərə əməl
etmədi. Xüsusilə Üçtərəfli Bəyanatın 4-cü maddəsi Ermənistan qüvvələrinin ərazilərimizdən
çıxarılmasını nəzərdə tuturdu. Ancaq Ermənistanın bu öhdəlikləri yerinə yetirməməsi
nəticəsində uzunmüddətli sülhə maneələr yarandı. Rəsmi İrəvan, Azərbaycan tərəfindən
edilən səmimi sülh çağırışlarını cavabsız qoyaraq, qəbul etdiyi öhdəliklərin
icrasını ləngitməyə çalışırdı. Üstəlik, Ermənistanın revanşist iddiaları və
status-kvonun saxlanması sülh müqaviləsinin reallaşmamasına səbəb oldu.
Antiterror
əməliyyatları zamanı Azərbaycan Ordusu beynəlxalq humanitar hüquqa tam şəkildə
riayət etdi. Ordumuz yalnız qanunsuz hərbi obyektləri və infrastrukturu hədəfə
alaraq, mülki əhaliyə zərər vermədi. Azərbaycan Ordusunun yüksək texnoloji
imkanları və peşəkarlığı sayəsində əməliyyatlar qısa müddətdə uğurla
yekunlaşdı. Eyni zamanda, Ermənistanın "blokada" və
"soyqırım" kimi yalançı iddialarına qarşı Azərbaycan hökuməti beynəlxalq
ictimaiyyəti məlumatlandıraraq, bölgədəki real vəziyyəti nümayiş etdirdi.
Ordunun
antiterror tədbirləri nəticəsində Ermənistanın qanunsuz hərbi birləşmələri 23
saat 43 dəqiqə davam gətirə bildi, daha sonra isə təslim oldular. Bu qələbə Azərbaycanın
ərazi bütövlüyünü tam şəkildə bərpa etməsinə və Qarabağda separatizmin sonunu gətirməsinə
şərait yaratdı.
Azərbaycanın
öz əraziləri üzərində tam suverenliyini bərpa etməsi və separatizmin sonu oldu.
Azərbaycan Ordusunun həyata keçirdiyi bu qələbə, həm də Azərbaycanın milli
suverenliyinin möhkəmləndirilməsi və gələcəkdə davamlı sülhün təmin olunması
baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycan Ordusunun Qarabağda həyata
keçirdiyi uğurlu antiterror tədbirləri Ermənistanın illərlə davam edən təxribatlarının
və qanunsuz hərəkətlərinin qarşısını aldı. Bu tədbirlər sayəsində Azərbaycanın ərazi
bütövlüyü və suverenliyi tam şəkildə bərpa edildi, bölgədə erməni separatizminə
son qoyuldu. Bu qələbə həm də Azərbaycanın milli gücünü və liderliyini bir daha
təsdiqlədi, ölkənin strateji mövqeyini daha da gücləndirdi.
İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri.
Digər xəbərlər



