Tarixi zəfərimiz qürur mənbəyimizdir

Azərbaycan
30 illik işğal dövründə Qarabağ məsələsinin daim sülh danışıqları əsasında
çözülməsinə çalışırdı. Baxmayaraq ki, Ermənistan danışıqlar prosesinə imitasiya
naminə qatılıb vaxt qazanmağa səy göstərirdi. Dövlətimizin real həqiqətlərə,
tarixi faktlara əsaslanan siyasəti nəticəsində əldə edilən diplomatik uğurlar
İkinci Qarabağ müharibəsində əhəmiyyətli rol oynadı. 44 gün ərzində 30 illik
işğala son qoymaq bir daha Azərbaycan dövlətinin qətiyyətini, ordumuzun gücünü,
qüdrətini bütün dünyaya nümayiş etdirdi.2023-cü ilin 19-20 sentyabr tarixlərində
Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində
suverenliyimizin tam bərpa olunmasından iki il ötür. Qısamüddətli lokal
xarakterli antiterror əməliyyatları nəticəsində düşmənin silah və
texnikalarının böyük hissəsi sıradan çıxarıldı. O zaman Azərbaycan ərazisində
qanunsuz olaraq Ermənistan ordusuna məxsus yüzdən çox tank və zirehli nəqliyyat
vasitələri, zirehli texnika, iki yüzdən çox top və artilleriya qurğuları, hava
hücumuna qarşı qurğular yerləşdirilmişdir. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni
separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Qarabağın erməni sakinlərinin
nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə
alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və lokal xarakterli
antiterror tədbirləri dayandırıldı. Ağır relyef, düşmən tərəfindən uzun illər
böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən
mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq hərbçilərimiz
qəhrəmanlıq, peşəkarlıq göstərdilər və qısa müddət ərzində bütün istiqamətlər
üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etdilər.Cəmi 23 saat davam etmiş və
sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu
qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Beləliklə,
növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa
edildi. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər
sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar
olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.
Hər
bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf
etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi
çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik,
dövlətçilik əzmini sarsıda bilməyib. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə
sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə
edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.
Heyran
Xancanova,
YAP
fəalı, Hacıqabul Tarix-Diyarşünaslıq Muzeyinin bərpaçı rəssamı.
Digər xəbərlər



