20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü

Azərbaycan
xalqı üçün əlamətdar tarixlər sırasında xüsusi yer tutan günlərdən biri də 20
Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Prezident
İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli Sərəncamına əsasən, hər il bu gün
Azərbaycan dövlətinin suverenliyinin tam təmin olunmasının rəmzi kimi təntənəli
şəkildə qeyd edilir. Bu tarixin təsis olunması uzun və məşəqqətli 30 illik
mübarizənin, minlərlə qəhrəman oğul və qızlarımızın canı və qanı bahasına əldə
edilən Zəfərin nəticəsidir. Azərbaycan Ordusunun 2023-cü ilin 19–20 sentyabr
tarixlərində həyata keçirdiyi uğurlu antiterror tədbirləri ilə separatçı
silahlı dəstələrin tərk-silah edilməsi, dövlət suverenliyimizin bərpa olunması,
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin işğaldan tam azad edilməsi tarixi
reallığa çevrildi.
Müzəffər
Ali Baş Komandan İlham Əliyev 15 oktyabr 2023-cü ildə Xankəndi, Xocalı, Xocavənd
və Ağdərə şəhərlərində Azərbaycanın Dövlət Bayrağını ucaltdı. Həmin gün tarixi
nitqində dövlət başçısı bildirdi: “Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin
mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı… Mən 20 il bundan əvvəl
prezident seçilərkən xalqıma söz vermişdim ki, Azərbaycanın ərazi bütövlüyünü
qoruyacağam. Şadam ki, bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, ‘Allaha
şükür’ deyir. Biz bu müqəddəs anı 30 ildən çox gözləmişdik.” Bu bəyanat
xalqımızın mübarizəsinin məntiqi sonunu, dövlət başçısının xalqa verdiyi tarixi
vədin yerinə yetirilməsini təsdiqlədi.
8
noyabr 2023-cü ildə Xankəndidə keçirilmiş hərbi parad həm Zəfərin, həm də dövlətçilik
iradəsinin təntənəsi oldu. Prezident İlham Əliyev çıxışında vurğuladı ki, üç il
əvvəl Şuşanın azad olunması ilə düşmən təslim oldu, Azərbaycan Ordusu isə tarixə
qızıl hərflərlə yazılan Qələbəni təmin etdi. Xankəndidə keçirilən bu parad Azərbaycanın
hərbi-siyasi qüdrətinin, milli iradəsinin və qətiyyətli liderliyin bariz nümunəsi
idi.
Xankəndidə
yaradılan Qarabağ Universiteti dövlətimizin azad edilmiş ərazilərdə
sosial-iqtisadi və humanitar inkişaf strategiyasının mühüm həlqəsidir.
Prezident İlham Əliyevin 28 noyabr 2023-cü il tarixli Sərəncamı ilə təsis
olunan bu ali təhsil müəssisəsi həm işğaldan azad edilən bölgənin bərpasında, həm
də yüksək ixtisaslı kadrların hazırlanmasında mühüm rol oynayır.
Azərbaycan
dövlətinin regionda idarəetməni səmərəli qurmaq istiqamətində atdığı mühüm
addımlardan biri də Ağdərə rayonunun yaradılmasıdır. 5 dekabr 2023-cü il
tarixli qanunla təsbit edilən bu qərar tarixi ədalətin bərpası ilə yanaşı, həmin
bölgədə sosial-iqtisadi inkişafın təmin olunması baxımından mühüm əhəmiyyət kəsb
edir.
21
dekabr 2023-cü ildə Ağdamın “Qarabağ” futbol komandası uzun illərdən sonra Xankəndidə
ilk rəsmi oyuna çıxdı. Prezident İlham Əliyevin də izlədiyi bu görüş Qarabağın
mərkəzində milli birliyin, idman ənənələrinin və dövlətçilik rəmzlərinin
qayıdışını təsdiqlədi.
Xankəndi,
Xocalı, Xocavənd və Ağdərə azad olunduqdan sonra Prezident İlham Əliyevin bölgələrə
çoxsaylı səfərləri, infrastruktur layihələrinin təməlqoyma və açılış mərasimləri,
təhsil, mədəniyyət, sosial və iqtisadi sahələrdə atılan addımlar Azərbaycanın
bu torpaqlarda həyatın yenidən qurulması istiqamətində qətiyyətli iradəsini
nümayiş etdirir. Dövlət Bayrağının ucaldılması, hərbi paradların keçirilməsi,
Qarabağ Universitetinin fəaliyyətə başlaması, yeni yolların, məktəblərin,
yaşayış məhəllələrinin və müəssisələrin istifadəyə verilməsi bu torpaqların Azərbaycan
həyatına qəti və əbədi dönüşünün rəmzidir.
20
Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü xalqımızın
mübarizə iradəsini, dövlətimizin siyasi və hərbi qüdrətini, müasir tariximizin ən
parlaq səhifəsini təcəssüm etdirir. Bu gün həm də şəhidlərimizin müqəddəs xatirəsinə
ehtiramın, qəhrəmanlıq salnaməsinin davamının, qalib Azərbaycanın əbədi Zəfər
yolunun təntənəsidir.
İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri.
Digər xəbərlər



