Əbədi Zəfərin günü.

2025-09-19 Baxış: 49
img

Azərbaycanın tarixi Zəfərinin rəmzinə çevrilən 20 sentyabr artıq ikinci ildir ki, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli Sərəncamına əsasən təsis edilən bu əlamətdar gün ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda verilmiş mübarizənin, qəhrəmanlıq və fədakarlığın əbədiləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Bu günün rəsmi qeyd edilməsi Azərbaycan xalqının 30 ildən artıq davam edən mübarizəsinin, minlərlə igid övladımızın canı və qanı bahasına əldə olunan tarixi Qələbənin nəticəsidir. Ermənistanın və qondarma rejimin silahlı dəstələrinin tam tərk-silah edilməsi ilə Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan bayrağının dalğalanması bu mübarizənin ən möhtəşəm anlarından oldu.

2023-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində dövlət bayrağımızı ucaltdı. Prezidentin həmin gün çıxışı tarixə yazıldı:

“Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq inanırdıq ki, bu gün gələcək və hər birimiz öz əməyimizlə onu yaxınlaşdırmalı idik.”

2023-cü il noyabrın 8-də isə Xankəndidə Vətən müharibəsi Zəfərinin üçüncü ildönümünə həsr olunmuş möhtəşəm hərbi parad keçirildi. Bu, Qarabağın tacı olan Şuşanın azad edilməsindən sonrakı tam Zəfərin, dövlətimizin gücünün və qürurunun nümayişi idi.

Azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il noyabrın 28-də Qarabağ Universiteti yaradıldı və Xankəndi Azərbaycanın mühüm elm və təhsil mərkəzinə çevrildi. Həmin ilin dekabrında isə inzibati bölgü dəyişdirilərək mərkəzi Ağdərə şəhəri olmaqla Ağdərə rayonu təsis edildi.

Eyni zamanda, idmanın birləşdirici gücü də Qarabağın mərkəzində öz təntənəsini tapdı – Ağdamın “Qarabağ” futbol klubu 30 ildən sonra ilk dəfə Xankəndidə rəsmi oyuna çıxdı. Prezident İlham Əliyevin həmin görüşdə iştirakı bu tarixi hadisənin əhəmiyyətini daha da artırdı.

Son iki ildə Prezident İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərəyə çoxsaylı səfərlər edib, dövlət bayrağının qaldırılması, təməlqoyma mərasimləri, sosial obyektlərin açılışı, bərpa-quruculuq işləri və sakinlərlə görüşlər bu torpaqlarda yeni həyatın rəmzinə çevrilib. Qarabağ Universitetinin açılışı, Xocalıda Soyqırımı Memorialının təməlqoyması, Ağdərədə Suqovuşan yaşayış kompleksinin istifadəyə verilməsi, Hadrutda yeni məktəblərin və məscidlərin inşası bu günün reallıqlarıdır.

20 sentyabrın Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi təsis edilməsi Azərbaycan xalqının iradəsinin, dövlətimizin əzminin və milli birliyimizin simvoludur. Bu gün həm şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram, həm də suveren dövlətimizin gələcəyə inamla addımlamasının təntənəsidir.

 

            Dövran Həsənov,

            YAP Hacıqabul rayon təşkilatının ərazi partiya təşkilat (ƏPT) sədri.