27 Sentyabr – Milli Qürur, Şəhidlərə Ehtiram Günü.

Azərbaycanın
hərb tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsinin başlamasından beş il
ötür. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız qəhrəman şəhidlərimizin,
əsgərlərimizin və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan
azad edildi.
Xalqımız
hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bu yolda
qurban gedən şəhidlərimizin xatirəsini uca tutur. Əbədiyyətə qovuşan şəhidlərimiz
öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırıb.
Hər
günü bir qəhrəmanlıq dastanı olan, Azərbaycan tarixinə parlaq səhifə kimi
yazılan 44 günlük Vətən müharibəsi ölkəmizin hərbi gücünün, Ordumuzun haqq işi
uğrunda ədalətli savaşının nümayişinə çevrildi.
Müharibənin
birinci günü Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev
televiziya ilə xalqa müraciət edərək Ermənistan silahlı qüvvələrinin bir neçə
istiqamətdə törətdiyi təxribatlara cavab olaraq Ordumuzun genişmiqyaslı əks-hücum
əməliyyatına başladığını bəyan etdi: “Ermənistan işğalçı dövlətdir, bu işğala
son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq
işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”. Dövlətimizin
başçısının xalqa müraciətində dediyi bu sözlər hər bir azərbaycanlını düşmən üzərində
Qələbəyə ruhlandıran şüara çevrildi.
Əks-hücum
əməliyyatının ilk saatlarında cəbhə xəttindən bir-birinin ardınca xoş xəbərlər
gəlməyə başladı. Düşmənin xüsusilə möhkəmləndirilmiş ön müdafiə xəttini yaran
Azərbaycan Ordusunun Füzuli rayonunun Qaraxanbəyli, Yuxarı Əbdürrəhmanlı,
Horadiz və Qərvənd, Cəbrayıl rayonunun Nüzgar və Böyük Mərcanlı kəndlərini, Ağdərə
rayonunda və Murovdağ silsiləsində mühüm strateji yüksəklikləri azad etməsi
böyük ruh yüksəkliyi ilə qarşılandı.
Azərbaycan
Ordusu oktyabrın 3-də şimal cəbhəsində mühüm strateji əhəmiyyətə malik Madagiz
kəndini işğaldan azad etdi. Bundan bir gün sonra Cəbrayıl şəhəri, oktyabrın
9-da isə Hadrut qəsəbəsi düşməndən təmizləndi. Ermənistan silahlı qüvvələrinin
“məğlubedilməzlik” mifini darmadağın edən rəşadətli Ordumuz oktyabrın 17-də
Füzuli şəhərində Azərbaycan Bayrağını ucaltdı. Bir gün sonra Dövlət Bayrağımız
qədim Xudafərin körpüsü üzərində dalğalanmağa başladı. Oktyabrın 20-də isə Zəngilan
şəhəri işğaldan azad olundu.
Ordumuz
oktyabrın 25-26-da Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının 17 kəndini və
Qubadlı şəhərini işğaldan azad etdi. Oktyabrın 28-dən noyabrın 7-dək olan müddətdə
53 kəndi və bir neçə strateji yüksəkliyi azad edən Azərbaycan Ordusunun növbəti
hədəfi Qarabağın döyünən ürəyi Şuşa şəhəri idi. Xüsusi Təyinatlı Qüvvələrin
döyüşçüləri çox böyük rəşadət göstərərək çətin relyefə malik dağ, meşə
cığırlarından keçib sıldırım qayalara dırmaşaraq, bir neçə istiqamətdən Şuşaya
daxil oldular. Qəhrəman Ordumuz dünya hərb tarixində özünəməxsus yer tutan Şuşa
əməliyyatını uğurla başa çatdırdı. Ali Baş Komandan İlham Əliyev Şuşanın azad
edilməsi müjdəsini xalqımıza noyabrın 8-də səhər saatlarında Şəhidlər
xiyabanından çatdırdı.
Cənab
Prezident İlham Əliyev böyük qürur hissi ilə xalqımızı təbrik etdi: “İyirmi səkkiz
il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya
qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il
noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq.
Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür! Bu Qələbəni biz döyüş
meydanında qazandıq”.
Şuşanın
azad edilməsi ilə Ermənistan ordusunun müqavimət gücü tamamilə sarsıldı.
Noyabrın 9-da Azərbaycan Ordusu daha 71 kəndi, bir qəsəbəni və 8 strateji yüksəkliyi
düşməndən təmizlədi.
Düçar
olduqları ağır məğlubiyyət Paşinyan hakimiyyətini kapitulyasiyaya imza atmağa məcbur
etdi. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev,
Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən
üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata
uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə
Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi.
Vətən
müharibəsində Azərbaycanın döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf
etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir. Azərbaycan Milli Ordusu cəmi
44 gün ərzində ən müasir döyüş silahlarını tətbiq etməklə yüksək peşəkarlıq
nümayiş etdirdi. Ermənistan ordusunda on mindən çox əsgər fərarilik etdiyi
halda, Azərbaycan Silahlı Qüvvələrində bir nəfər də fərari olmadı.
2023-cü
il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri bölgədə lokal xarakterli
antiterror tədbirlərinə başladı. Bir sutkadan az müddət ərzində düşmən aldığı
ağır zərbələrdən sonra silahı yerə qoymağa və Azərbaycan rəhbərliyinin şərtlərini
qəbul etməyə məcbur oldu. Bununla da suverenliyimiz və ərazi bütövlüyümüz tam bərpa
edildi.
Dövlət
başçısının dediyi kimi, Azərbaycan ərazisində separatizmin kökü kəsildi. Ermənistan
silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni silahlı dəstələri tərk-silah
edilərək ərazilərimizdən çıxarıldı, respublikamızın suverenliyi tam təmin
edildi, bütün ölkə ərazisində Konstitusiya quruluşu bərpa olundu.
Prezident,
Ali Baş Komandan İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı
çıxışında bu barədə danışarkən deyib: “Birinci nömrəli vəzifə hərbi gücümüzün
artırılmasıdır. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı
arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının
yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda
revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir. Hərbi
gücümüz olmasa, biz heç bir müstəvidə - nə iqtisadi, nə siyasi müstəvidə uğur
qazana bilmərik. Hesab edirəm ki, müstəqil Azərbaycanın tarixi, o cümlədən 30
illik işğal bunu əyani şəkildə göstərir. Bizim hərbi imkanımız, gücümüz
olmasaydı, heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik”.
Vətən
müharibəsində qazanılan Qələbədən sonra Qarabağda və Şərqi Zəngəzurda böyük
abadlıq və quruculuq işləri başlandı. İşğaldan azad edilən torpaqlarımız ev-ev,
küçə-küçə, məhəllə-məhəllə yenidən bərpa olunur. Dövlət başçısının sərəncamlarına
əsasən, hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi
Günü, sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi
qeyd ediləcək.
Xatırladaq
ki, 26 Avqust – Laçın Şəhəri Günü, 4 Oktyabr – Cəbrayıl Şəhəri Günü, 17 Oktyabr
– Füzuli Şəhəri Günü, 20 Oktyabr – Zəngilan Şəhəri Günü, 25 Oktyabr – Qubadlı Şəhəri
Günü, 8 Noyabr – Şuşa Şəhəri Günü, 20 Noyabr – Ağdam Şəhəri Günü, 25 Noyabr – Kəlbəcər
Şəhəri Günüdür.
Bayram
Xudayarov
Elm və
Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər
Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın
fəal üzvü
Digər xəbərlər



