1993-cü il, 3 oktyabr: Ulu öndər Heydər Əliyevin Prezident seçilməsi ilə Azərbaycan tarixinin yeni mərhələsi başlandı.

Azərbaycan
xalqının taleyində böyük əhəmiyyətə malik elə günlər var ki, həmin vaxtlarda
onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə
günlərdən biri də oktyabrın 3-nə təsadüf edir. Həmin gün xalqımız özünün gələcək
taleyini, müqəddəratını həll edən seçim etdi. 1993-cü il oktyabrın 3-də ölkəmizdə
keçirilən prezident seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin
etimadını qazandı. Ulu Öndər 98.84 faiz səslə Azərbaycan Prezidenti seçildi.
Heydər
Əliyevin seçkilərdə bu cür böyük üstünlüklə qələbə qazanması qədirbilən
xalqımızın Ulu Öndərə, onun möhkəm siyasi iradəsinə və yüksək nüfuzuna, idarəçilik
istedadına olan dərin inamdan qaynaqlanırdı. Azərbaycan xalqı bilirdi ki, bu
ağır və böhranlı dövrə ölkəyə sahib çıxa biləcək Heydər Əliyev kimi liderə
ehtiyacı var.
Hələ
1969-1982-ci illərdə - Heydər Əliyevin birinci dəfə hakimiyyətdə olduğu müddətdə
Azərbaycan üçün gördüyü misilsiz işlər xalqımız tərəfindən unudulmamışdı. Eyni
zamanda, 1990-cı ildə 20 Yanvar faciəsinin səhəri günü Heydər Əliyevin Azərbaycanın
Moskvadakı daimi nümayəndəliyinə gələrək, xalqımıza başsağlığı verməsi, onunla
birgə olduğunu bəyan etməsi dahi liderə olan inamı daha da artırmışdı.
Həyatının
mənasını xalqına və dövlətinə xidmətdə görən Ulu Öndərin müstəqil gənc
respublikamıza rəhbərlik etdiyi dövrdə gördüyü əvəzsiz işlər Azərbaycanı çox
qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə
çevirdi.
O
vaxt ölkəmiz dövlət müstəqilliyini yenicə bərpa etmişdi, Azərbaycan Ermənistanla
müharibə şəraitində idi. Bu risk doğuran faktorlar böyük dövlətləri və şirkətləri
Azərbaycana sərmayə yatırmaqda ehtiyatla davranmağa vadar edirdi. Ulu Öndərin
beynəlxalq arenadakı şəxsi nüfuzu tərəddüdlərə son qoydu: 1994-cü il sentyabrın
20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft kontraktları
imzalandı. Sonradan “Əsrin müqaviləsi” adlandırılan bu saziş ölkəmizin gələcək
inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, dünya xəritəsindəki
mövqeyi möhkəmləndirdi. Azərbaycan artıq bütün dünyada neft ölkəsi olaraq
tanınmağa başladı.
Azərbaycanın
inkişafının sonrakı mərhələləri göstərir ki, ölkəmizi dünyanın vacib aktorları
sırasına Heydər Əliyevin şəxsi nüfuzu sayəsində qazanılan uğurlar çıxarıb.
Heydər
Əliyev yaxşı bilirdi ki, güclü, nizam-intizamlı ordu yaratmadan Ermənistanın
torpaqlarımıza təcavüzünün qarşısını almaq mümkün olmayacaq. Odur ki, hakimiyyətə
qayıdışından dərhal sonra bu məsələyə əsas prioritet kimi yanaşmağa, böyük diqqət
ayırmağa başladı. Prezident Heydər Əliyev 1993-cü il oktyabrın 10-da Andiçmə mərasimindəki
çıxışında bu barədə danışaraq deyirdi: “Azərbaycan Respublikası bir müstəqil
dövlət kimi özünü müdafiə etməyə qadir orduya malik olmalıdır. Təəssüf ki, müstəqillik
əldə ediləndən sonra keçən dövrdə bu sahədə az iş görülübdür. Lazım gələrsə,
sülh yolunda addımlarımız nəticə verməsə, Azərbaycanın ərazi bütövlüyünü təmin
etmək üçün, respublikanı müdafiə etmək üçün qüdrətli bir ordunun yaradılması
bizim əsas vəzifəmizdir”.
Prezident
Heydər Əliyev nitqində qətiyyətlə bəyan etdi ki, şəhidlərimizin qanı yerdə
qalmayacaq. Azərbaycan xalqı öz qamətini düzəldəcək, ayağa qalxacaq, gücünü
birləşdirəcək, müasir ordusunu yaradacaq və müstəqil dövlətini, öz ərazisini
bundan sonra göz bəbəyi kimi qoruyacaq.
Bir
müddət sonra Ermənistan-Azərbaycan münaqişəsində atəşkəsin əldə edilməsi ordu
quruculuğunda köklü islahatların aparılması üçün əlverişli imkan yaratdı. Çox
keçmədən ölkəmizdə ordu quruculuğu sahəsində ciddi addımlar atıldı. Vahid
komandanlığa tabe olan nizami ordu yaradıldı, Silahlı Qüvvələrimizin maddi
texniki bazası gücləndirildi, ordumuz müasir silah və sursatla təmin olundu. Bu
ilin aprelində silahlı qüvvələrin təmas xəttində baş verənlər sübut etdi ki, əsası
Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti düzgün və məharətlə
həyata keçirilib. Bütün komponentlərdə düşməni üstələyən Silahlı Qüvvələrimiz
düşmən təxribatının qarşısını qətiyyətlə aldı və dünyaya Azərbaycan ordusunun
qüdrətini nümayiş etdirdi.
Ümummilli
Liderin qarşıya qoyduğu ümdə vəzifələrdən biri də milli dövlət quruculuğunu həyata
keçirmək idi və bu məsələ də qısa zaman kəsiyində həllini tapdı. Ölkəmizdə
demokratik, hüquqi və dünyəvi dövlət quruldu. Bu gün öz tarixi və milli ənənələrindən
bəhrələnən, dünya demokratiyası təcrübəsinə, ümumbəşəri dəyərlərə əsaslanan Azərbaycan
dövləti tam təşəkkül tapıb və uğurla fəaliyyət göstərir. Ən əsası isə xalq və
dövlət arasında sarsılmaz birlik mövcuddur. Sentyabrın 26-da Prezident İlham
Əliyevin təşəbbüsü ilə Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilmiş ümumxalq
səsverməsinin nəticələri bu birliyin nə qədər möhkəm olduğunu bir daha təsdiqlədi.
Heydər
Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi,
ümummilli lider və xalq məhəbbətini qazanan ulu öndər kimi qalıb. Xalqımızın
tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda
onun qədər misilsiz xidmətlər göstərmiş ikinci dövlət başçısı və siyasi lider
tapmaq mümkün deyil.
Ümummilli
lider Heydər Əliyev təkcə Azərbaycanın deyil, həm də dünyanın nadir və bənzərsiz
şəxsiyyətlərdən biridir. Onun əziz xatirəsi hər bir azərbaycanlının, hər bir
soydaşımızın qəlbində əbədi yaşayır və yaşayacaq.
İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri.
Digər xəbərlər



