3 Oktyabr 1993: Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi - dövlətçiliyimizin xilası

«Biz
bütün sahələrdə bugünkü Azərbaycan reallıqlarında Heydər Əliyevin izini
görürük. Güclü və möhkəm təməl, milli dəyərlər üzərində müasir dövlətin
qurulması Heydər Əliyev siyasətinin əsas istiqamətlərindən biridir. Onun təşəbbüsü
ilə dövlətimizin ideoloji əsasları formalaşmışdır. Azərbaycançılıq məfkurəsini
cəmiyyətə təqdim edən məhz Heydər Əliyev olmuşdur. Bu gün azərbaycançılıq fəlsəfəsi
bizim əsas ideoloji dayaqlarımızdan olmuşdur.» Prezident İlham Əliyevin
xalqımız üçün misilsiz xidmətlər göstərən, siyasi fəaliyyətini, həyatını Azərbaycanın
müstəqilliyinin qazanılmasına həsr edən Ulu Öndər haqqında söylədiyi bu sözlərdə
müdrik şəxsiyyətin özünütəsdiq formulu əks olunur.
Azərbaycan
xalqının taleyində əbədi yaşam haqqı qazanan elə günlər var ki, o məqamlarda
milyonların gələcək həyatını müəyyən edən tarixi hadisələrin səhifələri
yazılır. Belə günlərdən biri də xalqımızın, Azərbaycanın müqəddəratını təyin edən
3 oktyabr 1993-cü ildə keçirilən prezident seçkisidir. Həmin gün ölkəmizdə
keçirilən prezident seçkilərində 98.84 faiz səs toplayan Heydər Əlirza oğlu
Əliyev seçicilərin yekdil etimadını qazanaraq Azərbaycan Respublikasının
Prezidenti seçildi.
1993-cü
il iyunun 9-da Bakıya gələn Ulu Öndər həmin ayın 15-də Azərbaycan Ali Sovetinin
Sədri seçildi. Tariximizə Qayıdış, Milli Qurtuluş günü kimi yazılan 15 iyunun zəfəri
bununla bitmədi. Ulu Öndər iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan
Respublikası Prezidentinin səlahiyyətlərini yerinə yetirməyə başladı. Xalq isə
respublikaya rəhbərliyin rəsmi olaraq Ulu Öndərə tapşırılmasını Azərbaycanın
müstəqilliyinin qarantı hesab edərək bu tələbində haqlı olduğunu prezident
seçkisində Ümummilli Liderə göstərdiyi etimadı ilə təsdiqlədi.
10
oktyabr 1993-cü ildə, Azərbaycanın ictimai-siyasi həyatının ən mürəkkəb dövründə,
XX əsrin sonunda dünyada köklü dəyişikliklərin baş verdiyi siyasi proseslərdən
yaranan qlobal problemlərin artdığı bir zamanda üzərinə götürdüyü məsuliyyətin
ağırlığından çəkinməyərək bütün həyatını xalqının etimadını doğrultmaq üçün sərf
edəcəyini bildirən Heydər Əliyev Azərbaycan Bayrağını öpüb and içərkən ilk növbədə
ona etimad göstərən xalqının ağlına, zəkasına , qüdrətinə inandığını bildirdi:
«Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə
məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni
əsirgəməyəcəyəm.»
Ulu
Öndərin xalqımızın qamətini düzəldəcək, ayağa qalxacağı, gücünü birləşdirəcəyi,
müasir ordusunu yaradacağı ilə bağlı istəklərini reallaşdıran Prezident İlham
Əliyev Ali Baş Komandan kimi 44 gün davam edən Vətən müharibəsini Zəfərlə başa
vuraraq, Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. Ulu Öndərin
ruhu rahatlıq tapdı. Başqa sözlə, deyilsə ata vəsiyyətinə sədaqətini xalqımızın
illərdən bəri torpaq həsrətinə son qoymaqla bildirən Müzəffər Ali Baş Komandan
müstəqil dövlətini, ərazilərinini bundan sonra da göz bəbəyi kimi müdafiə etmək
qüdrətindədir.
Ulu
Öndər Heydər Əliyev Azərbaycan dövlətini yaradanda onun təməllərini elə möhkəm
qoyub və onu elə layiqli davamçıya təhvil
verib ki, Azərbaycanın gücü-qüdrəti gündən-günə artır. İkinci Qarabağ Müharibəsi
ilə bizə tarixi Zəfər yaşadan Ali Baş Komandanımız İlham Əliyev Qarabağda həyata keçirdiyi
antiterror tədbirləri nəticəsində separatçıların təslim olmasına nail
olaraq ölkəmizə növbəti tarixi Qələbəni
bəxş etmişdir. Erməni silahlı qüvvələrinin
torpaqlarımızdan çıxarılması, qondarma
rejimin ləğv olunması ilə Azərbaycanın suverənliyi tam bərpa olunmuşdur.
Azərbaycanın
suverenliyinə, ərazi bütövlüyünə, gücünə-qüdrətinə qarşı çıxmaq istəyən hər bir
kəs bilməlidir ki, Azərbaycan Heydər Əliyev siyasəti ilə yaşayır və irəliləyir,
bu siyasət dövlətimizin sarsılmaz təməlində dayanır. Onun qurucusu Ümummilli
Lider Heydər Əliyevin əziz xatirəsi isə Azərbaycan xalqının yaddaşında əbədi
olaraq yaşayacaqdır.
Bayram
Xudayarov,
Elm
və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, “Heydər Əliyev məktəbinin
davamçıları” Facebook qrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü.
Digər xəbərlər



