Cəbrayılın işğaldan azad edilməsi Vətən müharibəsində qazanılan ilk döyüş uğurları idi.

Biz
bir xalq olaraq tariximizin ən şərəfli dönəmini yaşayırıq. Azərbaycan ərazi
bütövlüyünü tam təmin edib. Bu yolun Cəbrayıldan keçməsi isə strateji və hərbi əməliyyatlar
baxımından çox əhəmiyyətlidir. Bildiyimiz kimi Cəbrayıl rayonu 1993-cü il
avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal
zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi. Cəbrayıl
rayonunun ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti
materialları ilə zəngindir. Dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur.
İşğaldan əvvəl əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla
məşğul olurdu. Elmin, mədəniyyətin, maarifin inkişafı yüksək səviyyəyə
çatmışdı. Rayonda 510 çarpayılıq xəstəxanalarda 92 həkim, 432 orta ixtisaslı
tibb işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim, 3 musiqi məktəbi, 12 mədəniyyət
evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və 1 muzeydə 508 mədəniyyət
işçisi çalışırdı. Rayonun tarix-diyarşünaslıq muzeyində 20 mindən yuxarı
eksponat vardı. Rayonda 8 sənaye müəssisəsi, 42 kolxoz, iri və xırda buynuzlu
mal-qaranın kökəltmə birliyi, quşçuluq fabriki fəaliyyət göstərirdi. Cəbrayıllı
məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o
cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışlar.
2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun , Quycaq kəndləri,
4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli,
Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini
işğaldan azad etmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar
nəticəsində ümumilikdə 1 şəhər və 90 kənd işğaldan azad edildi. Cəbrayıl rayonu
ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər
Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının
böyük tarixi və siyasi əhəmiyyəti var və tariximizin ən şanlı səhifəsindən biri
də budur. Cəbrayıl əməliyyatı olduqca mürəkkəb əməliyyat idi. Düşmən Cəbrayıl ərazisində
bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük
qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Əməliyyatın əhəmiyyəti, eyni zamanda,
ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan
digər rayonlara uğurlu əks hücumunuz mümkün olmuşdur. “Araz Vadisi İqtisadi
Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün
önəmli hadisədir. Cəbrayıl yarımstansiyasının istifadəyə verilməsi, 4-6 zolaqlı
yol çəkilməsi, yeni yaşayış binalarının tikilməsi, məktəb, səhiyyə ocaqlarının
yaradılması və digər mühüm işlər o deməkdir ki, vətəndaşlar bura rahat gələcək
və buradan keçən Zəngəzur dəhlizindən istifadə edəcəklər. Rayonun bütün kəndlərinin
tədricən bərpa edilməsi proqramı isə daha böyük quruculuqdan xəbər verir. Cəbrayılın
azad olunması Azərbaycan Ordusunun möhtəşəm qələbəsidir. Bu qələbə ordumuzun hər
bir mənsubunun fədakarlığının, qəhrəmanlığının nəticəsidir. İşğaldan ilk azad
edilən ərzilərimizdən olan Cəbrayıl da erməni vandalizmindən çox ciddi zərər
görüb, bütün maddi-mədəni irs tamamilə dağıdılıb.
Müzəffər
Ali Baş Komandanımız İlham Əliyevin siyasəti nəticəsində işğaldan azad edilmiş ərazilərə
həyat yenidən qayıdır. Cəbrayıl rayonuna qayıdış hələ illər öncə Aprel döyüşləri
zamanı əldə etdiyimiz qələbədən sonra başlamışdı. Cocuq Mərcanlı kəndinə sakinlərin
o zaman qayıdışı Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Böyük Qayıdışın əsasının
qoyulması oldu. Öz ev-eşiyindən, doğma yurd-yuvasından məcburi köçkün düşmüş
bir milyondan çox soydaşımızın 30 il həsrətlə gözlədiyi Böyük Qayıdış məhz Cəbrayıl
rayonundan başladı.
İsmayıl
İbrahimov,
YAP
Hacıqabul rayon təşkilatının sədri.
Digər xəbərlər



