Qəbələ Türk Dünyasının zirvəsi və siyasi gələcəyin ünvanıdır.

XXI
əsrdə beynəlxalq münasibətlər sistemi yeni geosiyasi reallıqlar, regional əməkdaşlıq
mexanizmlərinin inkişafı və çoxtərəfli diplomatik təşəbbüslərin genişlənməsi ilə
səciyyələnir. Bu şəraitdə Türk Dövlətləri Təşkilatı (TDT) ortaq tarix, mədəni və
mənəvi dəyərlər əsasında formalaşan, eyni zamanda, siyasi, iqtisadi və təhlükəsizlik
sahələrində əməkdaşlığı dərinləşdirən mühüm beynəlxalq platforma kimi fəaliyyətini
uğurla davam etdirir.
TDT-nin
fəaliyyəti Türk dövlətləri arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə,
iqtisadi əlaqələrin genişləndirilməsinə, nəqliyyat-kommunikasiya
infrastrukturunun inteqrasiyasına və ümumi təhlükəsizlik maraqlarının təmin
edilməsinə xidmət edir. Bu baxımdan təşkilat artıq regional əməkdaşlıq çərçivəsini
aşaraq qlobal səviyyədə strateji tərəfdaşlıq modeli kimi mövqeyini möhkəmləndirir.
2024-cü
ilin iyul ayında Şuşa şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının
qeyri-formal Zirvə görüşü Türk dünyasında inteqrasiyanın daha da dərinləşməsi
istiqamətində mühüm mərhələ olmuşdur. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və
Özbəkistan prezidentləri, Macarıstanın Baş naziri, Türkiyə Respublikasının
vitse-prezidenti, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti və TDT-nin Baş
katibi tərəfindən iştirak edilən toplantı təşkilat çərçivəsində siyasi həmrəyliyin
və strateji əməkdaşlığın inkişafına yeni impuls vermişdir. Bu prosesin məntiqi
davamı kimi, 2025-ci ilin 7 oktyabr tarixində Qəbələ şəhərində Türk Dövlətləri
Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilmişdir. Zirvə
görüşündə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Macarıstan
və Şimali Kipr Türk Cümhuriyyətinin ali səviyyəli nümayəndələri, həmçinin Türk
Dövlətləri Təşkilatının rəhbər şəxsləri iştirak etmişlər. Qəbələ Zirvəsində
Türk dövlətləri arasında iqtisadi, nəqliyyat, enerji, təhlükəsizlik və
humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsi, TDT-nin institusional
imkanlarının artırılması və üzv ölkələr arasında strateji koordinasiyanın təkmilləşdirilməsi
məsələləri müzakirə olunmuşdur. Dövlət başçıları Türk dövlətlərinin qlobal
iqtisadi və siyasi sistemdə vahid mövqedən çıxış etməsinin, qarşılıqlı dəstək və
birgə inkişaf prinsipinin qorunmasının əhəmiyyətini vurğulamışlar. Toplantı
zamanı qəbul edilən qərarlar Türk dünyasının regional sabitlik və beynəlxalq təhlükəsizlik
sistemindəki rolunun daha da möhkəmlənməsinə xidmət edir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev çıxışında Türk Dövlətləri Təşkilatının
siyasi, iqtisadi və mədəni potensialının reallaşdırılmasının zəruriliyini qeyd
etmiş, bu birliyin sülh, sabitlik və inkişafın təmin edilməsində mühüm rol
oynadığını vurğulamışdır: “Bu gün sülh və təhlükəsizlik hər bir ölkənin
inkişafı üçün əsas amildir. Təşkilatımızın təməl sənədi olan Naxçıvan Sazişində
sülhün qorunması və təhlükəsizlik əsas məqsəd və vəzifələr sırasında yer alıb.
Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda, ötən
il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və
bugünkü Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna uyğun
olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca
vacibdir”. Dövlət başçısı bəyan etmişdir ki, Azərbaycan TDT çərçivəsində
iqtisadi inteqrasiyanın dərinləşməsi, nəqliyyat-kommunikasiya marşrutlarının
genişləndirilməsi, enerji təhlükəsizliyinin təmin edilməsi və rəqəmsal
transformasiya proseslərinin həyata keçirilməsi istiqamətində səylərini davam
etdirəcəkdir.
Prezident
İlham Əliyevin çıxışında aşağıdakı istiqamətlər xüsusi vurğulanmışdır: Enerji və
nəqliyyat sahəsində əməkdaşlıq: Zəngəzur dəhlizinin açılması və Transxəzər nəqliyyat
dəhlizinin inkişafı Türk dünyasının iqtisadi və logistik əlaqələrinin genişləndirilməsi
baxımından mühüm əhəmiyyət kəsb edir.
Prezident
İlham Əliyev, həmçinin qeyd etmişdir: “Türkmən qardaşlarımızın hədiyyəsi - bu
gün təməli qoyulan Füzuli məscididir. Qardaş Türkiyənin şirkətləri bir çox
tunellər, körpülər, yollar inşa edir. Azərbaycan xalqı bu qardaş dəstəyini heç
vaxt unutmayacaq”.
Beləliklə,
Zirvə görüşünün sonunda qəbul edilən Qəbələ Bəyannaməsi Türk Dövlətləri Təşkilatının
gələcək fəaliyyətinin strateji əsaslarını müəyyən edən mühüm sənəddir. Bəyannamədə
üzv ölkələr arasında iqtisadi əlaqələrin genişləndirilməsi, investisiya təşviqi,
nəqliyyat və enerji layihələrinin birgə icrası, rəqəmsal transformasiya, eləcə
də humanitar əməkdaşlığın dərinləşdirilməsi istiqamətləri təsbit olunmuşdur.
Qəbələ
Bəyannaməsi Türk dünyasının vahid siyasi iradəsini, qarşılıqlı etimad və həmrəylik
prinsipini təsdiq etməklə yanaşı, təşkilatın qlobal səviyyədə mühüm strateji
aktor kimi mövqeyini daha da möhkəmləndirmişdir.
Nəticə
etibarı ilə, Qəbələdə keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları
Şurasının 12-ci Zirvə Görüşü Türk dünyasının inkişafında yeni mərhələnin
başlanğıcı olmuşdur. Zirvə bir daha təsdiq etmişdir ki, Türk birliyi regionda
sülhün, sabitliyin və davamlı inkişafın mühüm təminatçısıdır.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin vurğuladığı kimi, Türk Dövlətləri Təşkilatı
qarşıdakı dövrdə də ortaq tarix, mədəniyyət və maraqlar üzərində formalaşan
vahid strateji vizyon əsasında üzv dövlətlər arasında əməkdaşlığı dərinləşdirəcək,
beynəlxalq münasibətlər sistemində öz rolunu daha da gücləndirəcəkdir.
Hökmalı Mirzəyev,
YAP Hacıqabul rayon təşkilatının sədr
müavini.
Digər xəbərlər



