Füzuli – Zəfərin və Dirçəlişin Simvolu.

Azərbaycanın
şanlı bayrağı Füzulidə əbədi dalğalanır.
Azərbaycan
xalqı üçün 17 oktyabr tarixi təkcə bir şəhərin azad edilməsi günü deyil, həm də
milli qürur, əzmkarlıq və dövlət iradəsinin təntənəsidir. Füzuli şəhərinin
işğaldan azad olunduğu bu gün, həm tarixi ədalətin bərpası, həm də xalqın illərlə
çəkdiyi həsrətin sona çatması deməkdir.
Füzuli
şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü ildə erməni silahlı qüvvələri
tərəfindən işğal edilmiş, nəticədə minlərlə sakin doğma yurdlarından didərgin
düşmüşdü. Lakin Azərbaycan xalqı bu torpaqlardan heç vaxt imtina etmədi.
Ulu
Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ilin yanvarında aparılan hərbi əməliyyatlar
nəticəsində rayonun 22 yaşayış məntəqəsi azad edildi. O vaxtdan etibarən
Füzulinin tam azad olunacağı günə olan inam Azərbaycan xalqının qəlbində daim
yaşadı.
İşğaldan
əvvəl Füzuli rayonu 2 şəhər, 16 qəsəbə və 82 kənddən ibarət idi. Bu qədim diyar
yalnız strateji mövqeyi ilə deyil, həm də çoxəsrlik tarix və mədəni irsi ilə fərqlənirdi.
Babı kəndində yerləşən XIII əsrə aid Şeyx Babi Yaqub türbəsi, Aşağı Veysəllidəki
XIV əsr Mirəli türbəsi, Əhmədalılar kəndindəki sənduqə formalı qəbirdaşları və
Cəlil türbəsi bu torpaqların qədimliyini sübut edən abidələrdir. Təəssüf ki, 30
il işğal dövründə bu abidələr də erməni vandallığının qurbanına çevrildi.
2020-ci
il sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
Ordusu Ermənistanın növbəti təxribatına cavab olaraq əks-hücum əməliyyatına
başladı. Həmin müharibə, Azərbaycan tarixinin ən şanlı səhifələrindən birinə
çevrildi.
Füzuli
uğrunda döyüşlər isə bu müharibənin ən ağır və eyni zamanda ən şərəfli mərhələlərindən
biri idi. Düşmən illərlə bu istiqamətdə dərin müdafiə istehkamları qurmuş,
Füzulinin “keçilməz” olduğunu düşünürdü. Lakin Azərbaycan əsgəri həmin
istehkamları bir-bir yararaq, 17 oktyabr 2020-ci ildə Füzuli şəhərini və 62
yaşayış məntəqəsini işğaldan azad etdi.
Bu
qələbə təkcə hərbi uğur deyildi – bu, 30 illik ədalətsizliyə son qoyan tarixi
dönüm nöqtəsi idi. Azərbaycan xalqı, Müzəffər Ordusunun qəhrəmanlığı ilə dünya
qarşısında öz gücünü və birliyini nümayiş etdirdi.
Azərbaycan
Prezidenti İlham Əliyevin 26 noyabr 2020-ci il tarixli sərəncamı ilə “Füzulinin
azad olunmasına görə” medalı təsis olundu. 25 mindən çox hərbi qulluqçu bu
medalla təltif edildi. Bu, xalqın və dövlətin igid oğullarına göstərdiyi yüksək
qiymətin təzahürüdür.
Azərbaycan
əsgəri döyüş meydanında həm düşmənə, həm də dünyaya sübut etdi ki, bu xalq öz
torpağını qorumağa və azad etməyə qadirdir.
2020-ci
il noyabrın 16-da Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva
Füzuliyə səfər etdilər. Prezidentin Füzuli şəhərində Azərbaycan bayrağını
ucaltdığı an, tarixə əbədi həkk olundu. Həmin gün təkcə bayraq qaldırılmadı – həm
də xalqın ləyaqəti, ədaləti və inamı qaldırıldı.
Qısa
müddətdə Füzulidə möhtəşəm quruculuq işləri başladı. Füzuli Beynəlxalq Hava
Limanı rekord qısa müddətdə – bir il ərzində inşa edilərək 2021-ci ilin
oktyabrında istifadəyə verildi. Bu hava limanı Qarabağa “hava qapısı” olmaqla
yanaşı, bərpa və inkişafın rəmzinə çevrildi.
Füzuli-Şuşa
“Zəfər yolu”, Horadiz-Ağbənd dəmir yolu, Füzuli-Hadrut avtomobil yolu, “Füzuli”
yarımstansiyası və su anbarlarının bərpası – bunlar hamısı dövlətin bölgəyə
qayğısının göstəricisidir. Bu gün Füzuli artıq təkcə azad edilmiş şəhər deyil –
o, müasir Azərbaycanın gələcək modelidir.
Füzulidə
yeni yaşayış massivləri, məktəblər, xəstəxanalar, sosial obyektlər və sənaye
zonaları inşa olunur. Artıq ilk sakinlər öz doğma yurdlarına qayıdır. Bu
qayıdış sadəcə fiziki deyil, həm də mənəvi yenidən doğuluşdur.
Azərbaycan
xalqı Füzulidə ucalan hər binada, tikilən hər yolda, əkilən hər ağacda öz zəfər
tarixini görür. Bu torpaq artıq bir daha əsarət görməyəcək, çünki bu torpağın hər
qarışı şəhid qanı ilə yoğrulmuşdur.
17
oktyabr – Füzuli şəhərinin azad olunması günü, Azərbaycan tarixində Zəfərin və
milli birliyin təntənəsi kimi qalacaq. Bu gün Füzuli təkcə bir coğrafi məkan
deyil – bu, qəhrəmanlıq, dirçəliş və gələcəyə inamın simvoludur.
Azərbaycanın
üçrəngli bayrağı bu torpaqda əbədi dalğalanacaq. Bu bayraq artıq təkcə Füzulidə
deyil, bütün Qarabağda və Şərqi Zəngəzurda qalib xalqın iradəsini təcəssüm
etdirir.
Bayram
Xudayarov,
Elm
və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, “Heydər Əliyev məktəbinin
davamçıları” Facebook qrupunun təsisçisi və rəhbəri, Yeni Azərbaycan
Partiyasının fəal üzvü
Digər xəbərlər



