Qəhrəman Ordumuz Füzuli şəhərini düşmən tapdağından azad edərək xalqımıza böyük sevinc yaşatdı.

2025-10-17 Baxış: 57
img

5 il bundan öncə Prezident İlham Əliyev oktyabrın 17-də xalqa müraciət edərək Azərbaycan Ordusunun Füzuli şəhərini işğaldan azad etdiyini bildirmişdir. 30 il ərzində Ermənistan təmas xəttində çox möhkəm istehkam qurmuşdur. Buna görə də bir çoxları düşünürdü ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün olmayacaq. Ermənistan tərəfi də gözləmirdi ki, Azərbaycan Ordusu bu formada onlara hücum edəcək. Onlar hətta Ordumuzun Füzuli cəbhəsindən hücumunu gözləmirdilər.

Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsinin 21-ci günündə Füzulini işğaldan azad etməyə qadir oldu. Müzəffər ordumuz şərəfli missiyanın öhdəsindən layiqlə gəldi. Füzuli şəhərini düşmən tapdağından azad edərək xalqımıza böyük sevinc yaşatdı. Onu da deyək ki, Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr 2020-ci il tarixində işğaldan azad edilmişdir. Ermənistanın təxribatlarına cavab olaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində ümumilikdə rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir.

Təəssüf ki, vandal ermənilər Füzulidən əsər-əlamət qoymamışdır. 30 il ərzində rayon ərazisindəki bütün binalar, məscidlər sökülmüş, evlər dağıdılmışdır. Erməni faşizminin qurbanı olan Füzuli şəhərini bu yerlərin sakinləri tanıya bilmirdilər. Hətta rayon sakinləri işğaldan azad olunduqdan sonra Füzuliyə səfər etdikdə öz küçələrini, evlərini belə, tapa bilmirdilər. Bu yerləri görən yerli sakinləri ürək ağrısı, göz yaşları ilə Füzulinin halına ağlayırdılar.

Cənab Prezident xalqa müraciətində demişdir ki, biz Füzuliyə qayıdacağıq, biz bütün kəndləri yenidən quracağıq, abadlaşdıracağıq: “O kəndlərə həyat qayıdacaq, necə ki, vaxtilə ulu öndərin rəhbərliyi ilə Azərbaycan Ordusu Füzuli rayonunun 22 kəndini işğaldan azad edib, o cümlədən Horadiz qəsəbəsini. İndi baxın, görün, necə gözəl məkandır. Füzuli Horadiz qəsəbəsi çox abad, müasir şəhərə çevrilibdir. İşğaldan azad edilmiş kəndlərlə füzulililər yaşayır və deyə bilərəm ki, bu gün qədər işğaldan azad edilmiş kəndlərdə Füzuli əhalisinin haradasa yarısı məskunlaşıb. Ancaq bu gün artıq füzulililərin yaşadıqları kəndləri azad edilib və ora həyat qayıdacaq. Onlar qayıdacaqlar, onlar orada yaşayacaqlar. Öz əcdadlarının qəbirlərini ziyarət edəcəklər. Orada bərpa olunacaq məscidlərdə azan səsi eşidiləcək”.

Azərbaycan Prezidenti öz vədinə əməl etdi, füzulililərə verdiyi sözü yerinə yetirdi. Artıq Füzuli şəhəri yenidən abadlaşdırılıb. Dövlətimiz Füzulini yenidən abad, müasir şəhərə çevirib. Bu torpaqlarda yerli əhali yenidən öz həyatını yaşayır. Buranın sakinləri Füzuli şəhəri günü elə öz torpaqlarında bayram edirlər.

 

Pikə Ağaverdiyeva,

YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədr müavini

Astanlı kənd tam orta məktəbin müəllimi